Mirbağır Mirheydərzadə Naxçıvanda ilk dövlət muzeyinin qurucularından olub

06 noyabr 2017 13:59
1249

XIX əsrin sonu XX əsrin əvvəlləri tarixə Azərbaycanda maarifçiliyin intibah dövrü kimi daxil olmuşdur. Həmin dövrdə qədim Naxçıvan diyarı da Azərbaycana çoxlu görkəmli şəxsiyyətlər, vətənpərvər övladlar bəxş etmişdir. Vətənini sevən, yaşadığı torpağa bağlı olan vətənpərvər övladlardan biri də Mirbağır Mirheydər oğlu Mirheydərzadə olmuşdur. O, şüurlu həyatının 15 ilə yaxın bir dövrünü Naxçıvanda muzey quruculuğu işinə  həsr etmişdir.

M.Mirheydərzadə 1877-ci ildə Ordubad rayonunun Nürgüt kəndində yoxsul kəndli  ailəsində  anadan olmuşdur. M.Mirheydərzadə anadan olduqdan bir neçə il sonra onun ailəsi köçüb Naxçıvan şəhərinə gəlir. O, məktəb yaşına çatanda atasının tövsiyəsi ilə 1887-ci ildə Naxçıvan şəhər mədrəsəsində oxumağa başlamış və 1896-cı ildə həmin mədrəsəni bitirmişdir. Maddi imkansızlıq ucbatından ali təhsil almağa gedə bilməyən Mirbağır  Naxçıvan şəhər sakini, dərzi Məşədi Məhərrəmin himayəsi ilə Təbriz ruhani məktəbinə oxumağa göndərilmişdir.

1899-cu ildə Təbrizdə təhsilini başa vuran M.Mirheydərzadə Naxçıvana qayıdır və bir müddət Naxçıvanda qaldıqdan sonra  münasib iş tapa bilmədiyindən Tiflisə gedir. Çox keçmir ki, gənc yaşlarında olan M.Mirheydərzadə burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür.

XX əsrin ilk illərində Rusiyanın, Ukraynanın mərkəzi şəhərlərində, Bakıda, Tiflisdə və digər yerlərdə cərəyan edən ictimai-siyasi prosesləri diqqətlə izləyən M.Mirheydərzadə yavaş-yavaş ruhanilikdən uzaqlaşaraq siyasətlə məşğul olur. Peşəkar siyasətçi M.Mirheydərzadə özünün siyasi fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalır və həbsxanaya salınır.

Mütərəqqi fikirli M.Mirheydərzadənin özünün siyasi fəaliyyəti ilə şah və çar üsul-idarəçiliyinə qarşı mübarizə aparmaqla bərabər 1918-1919-cu illərdə erməni daşnaklarına və ingilis-amerikan müdaxiləsinə qarşı da böyük fəaliyyət göstərmişdir. 1918-ci ilin iyul ayında erməni daşnakları Naxçıvanın Nehrəm kəndinə hücum etdiyi vaxtlarda Mirbağır Mirheydərzadə nehrəmlilərə silah və hərbi sursat göndərməklə Nehrəm kəndinin müdafiəçilərinə dəstək vermişdir. Onun başlıca  məqsədi Azərbaycanın və onun ayrılmaz parçası olan Naxçıvanın demokratik əsaslarla idarə olunmasına nail olmaq idi.

M.Mirheydərzadə təkcə siyasətlə məşğul olmur, eyni zamanda tarix, dil-ədəbiyyat, coğrafiya və astronomiya elmləri ilə də dərindən maraqlanır, rus, ərəb və fars dillərini mükəmməl bilirdi. 1920-ci ildə Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarında Sovet hakimiyyəti bərqərar olduqdan sonra M.Mirheydərzadənin fəaliyyəti əsasən Naxçıvanın tarixini, bu ərazidəki  tarixi  abidələrin və yer adlarının  öyrənilməsi, arxeoloji materialların,  folklor nümunələrinin toplanması və tədqiqi ilə bağlı olmuşdur. Həmin dövrdə  Naxçıvanda  heç bir elmi müəssisə, idarə və təşkilat olmadığından M.Mirheydərzadə müstəqil surətdə tədqiqat işləri ilə məşğul olur, Naxçıvanın tarixini və coğrafiyasını öyrənirdi.

1923-cü ildə Bakıda Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1924-cü ilin oktyabrında Naxçıvanda Xalq Komissarları Sovetinin qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin təşkili M.Mirheydərzadəyə özünün intellektual potensialını ortaya qoymağa imkan yaradır. İlk illərdə M.Mirheydərzadənin həm Tədqiq və Tətəbbö Cəmiyyəti, həm də muzeylə sıx əlaqəsi gələcəkdə onun həmin müəssisə və təşkilatlarda mühüm vəzifələr tutmasını mümkün etmişdir.

1925-ci ilin may ayında Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan təşkilatı təsis olunur. Təsis yığıncağında M.Mirheydərzadə cəmiyyətin elmi katibi vəzifəsinə seçilir və 1928-ci ilin ortalarınadək bu vəzifədə çalışmışdır. Cəmiyyətin 1925-1928-ci illərdəki fəaliyyəti dövründə keçirilmiş iclas protokollarının təhlilindən aydın olmuşdur ki, cəmiyyətin üzvləri, xüsusi ilə onun elmi katibi M.Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirak etmişlər.

Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətini müəyyən mənada əks etdirən iclas protokollarının təhlilindən aydın olur ki, cəmiyyət Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin fəaliyyəti ilə daim maraqlanmış, onun zənginləşməsinə müntəzəm olaraq kömək etmişdir. Cəmiyyətin 25 iyun 1926-cı il tarixli (protokol № 24), 12 sentyabr 1926-cı il tarixli iclasda (protokol № 29), 25 sentyabr 1926-cı il tarixli (protokol № 30), 24 iyul 1927-ci il tarixli (protokol № 38),  12 fevral 1927-ci il tarixli (protokol № 33),  27 avqust 1928-ci il tarixli (protokol № 41) iclaslarında Naxçıvan Tarix-Etnoqrafiya  Muzeyi ilə bağlı məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir. Müzakirə olunan məsələlər və qəbul olunan qərarlar Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin zənginləşdirilməsini, həmin dövrlərdə Naxçıvana gəlmiş arxeoloqların və etnoqrafların Xaraba Gilandan, Qızılburundan (Qızılvəngdən) və Şahtaxtı Govur qalasından əldə etdikləri maddi-mədəniyyət nümunələrinin, onların fotoşəkillərinin, həmçinin həmin arxeoloqlar və etnoqrafların tərtib etdikləri hesabatların nüsxələrinin muzeyə verilməsini nəzərdə tuturdu. 

Faktlardan göründüyü kimi, ötən əsrin 20-ci illərinin ortalarından etibarən Naxçıvan tarixinin öyrənilməsində və bu tarixi özündə yaşatmağa başlayan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin (indiki Naxçıvan Dövlət Tarix Muzeyinin) təşəkkülündə və inkişafında Tədqiq və Tətəbbö Cəmiyyətinin, xüsusi ilə onun elmi katibi olmuş M.Mirheydərzadənin əvəzsiz rolu olmuşdur. 

Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi ilə Tədqiq və Tətəbbö Cəmiyyətinin  birgə işinin uğurlu nəticəsi ondan ibarət olmuşdur ki, həmin dövrlərdə bir çox yerlərdən və xüsusilə Rusiyadan gəlmiş arxeoloqların Naxçıvanda apardıqları qazıntı işləri zamanı əldə olunan maddi mədəniyyət nümunələrinin hamısının olmasa da, bir qisminin muzeyə verilməsi və onların Azərbaycandan çıxarılmasının qarşısını almaqdan ibarət olmuşdur.

Naxçıvanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətindən ayrıldıqdan sonra Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 1928-ci il 18 oktyabr tarixli əmri ilə M.Mirheydərzadə Naxçıvan partiya-sovet məktəbinə müəllim təyin olunmuş və burada o ölkəşünaslığa dair fənni tədris etmişdir. Həmin dövrdə M.Mirheydərzadə pedaqoji işlə məşğul olmaqla yanaşı elmi tədqiqat sahəsində də fəaliyyətini davam etdirmişdir. Rusiyanın Moskva, Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərindən və Bakıdan Naxçıvana gələn tədqiqatçılara bələdçilik etmiş və onlarla bərabər tədqiqat - axtarış işlərində bilavasitə iştirak etmişdir. 

M.Mirheydərzadənin təcrübəsi, səmərəli və səriştəli fəaliyyəti nəzərə alınaraq o, Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930-cu il tarixli 362 saylı əmri ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinə direktor təyin edilmiş və 1944-cü ilin yazınadək bu vəzifədə çalışmışdır. Onun muzey direktorluğunun ilk illərində muzeyin adı dəyişdirilərək Naxçıvan Tarix-Ölkəşünaslıq muzeyinə çevrilmişdir. Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi və Rəyasət Heyətinin 26 avqust 1932-ci il tarixli iclasında “Naxçıvan ölkəşünaslıq muzeyi” haqqında məsələ müzakirə olunmuşdur. Müzakirə edilən məsələ ilə əlaqədar mövcud qərar qəbul edilmişdir. Həmin qərarda Oktyabr İnqilabının 15-ci ildönümü gününədək Naxçıvanda muzeyin yenidən təşkili: Azərbaycan Dövlət Tarix Muzeyinin hazırladığı plan əsasında Naxçıvan Ölkəşünaslıq Muzeyinin tamamilə yenidən təşkil edilib başa çatdırılması, muzey üçün müvafiq bina ayrılması, Naxçıvan muzeyinin yenidən təşkili ilə əlaqədar olaraq Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən iki nəfər muzey işçisinin kömək üçün Naxçıvana ezam edilməsi nəzərdə tutulmuşdur. Dövlət və təsərrüfat təşkilatlarının sərəncamında olan bütün muzey eksponatlarının Naxçıvan Dövlət Tarix-Ölkəşünaslıq Muzeyinə verilməsi də həmin qərarda öz əksini tapmışdır. Qərarda həmçinin Xalq Maarif Komissarlığına təklif edilmişdir ki, Naxçıvan Həmkarlar Şurası ilə birlikdə şagirdlərin, qırmızı əsgərlərin,kolxozçuların, həmkarlar ittifaqı üzvlərinin mütəmadi olaraq muzeyə ekskursiyalarının təşkilinə dair tədbirlər planı hazırlasınlar. Beləliklə az bir vaxtda partiya, sovet təsərrüfat orqanlarının və ictimai təşkilatlarının yaxından iştirakı ilə 1932-ci ilin oktyabrında yenidən təşkil olunan Naxçıvan Dövlət Tarix Ölkəşünaslıq Muzeyi yeni eksponatlarla muxtar respublika zəhmətkeşlərinin istifadəsinə vermişdir.  Yarandığı ilk illərdə muzeyin 250-yə qədər eksponat olduğu halda onların sayı artırılaraq 1932-ci ildə 2520-yə, 1940-cı ildə isə 4880 ədədə çatdırılmışdır. Təkcə 1940-cı ildə muzeyə gələn tamaşaçıların sayı 6 min nəfərdən çox olmuşdur. Bütün bu faktlar və rəqəmlər M.Mirheydərzadənin muzeydəki səmərəli fəaliyyətindən xəbər verir.

1941-1945-ci illər müharibəsinin başlanması bütün sahələrdə olduğu kimi, Naxçıvanda muzey quruculuğu sahəsində nəzərdə tutulan tədbirləri yarımçıq qoymuş, muzeydə işlərin səngiməsinə səbəb olmuşdur. İşlərin iflic vəziyyətinə düşməsi səbəbilə M.Mirheydərzadə 1944-cü ilin yazında muzey direktorluğundan çıxmış və vaxtilə ruhani təhsil aldığından ömrünün axırınadək Naxçıvan şəhər məscidində axund kimi çalışmaqla milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin təbliği ilə məşğul olmuşdur.

M.Mirheydərzadə bir müddət xəstə vəziyyətdə olduqdan sonra 1956-cı il yanvar ayının 10-da vəfat etmiş və Naxçıvan şəhər qəbiristanlığında dəfn edilmişdir. Mərhumun yaxınlarının söylədiklərinə görə, onun dəfn mərasimi çox izdihamlı olmuşdur. Həmin gün Əlixan məhəlləsi Naxçıvan şəhərindən  və muxtar respublikanın rayonlarından mərasimə gələnlərlə, Mirheydərzadəni sevib dəyərləndirən insanlarla  dolu idi.

Vəfatından 60 ildən bir qədər artıq vaxt keçsə də vətənini, millətini və dövlətini sevən, şüurlu həyatının müəyyən bir dövrünü Naxçıvanda muzey quruculuğu işinə həsr etmiş bir şəxsin məşəqqətli, kəşməkəşli və həm də şərəfli həyat yolunu öyrənib tədqiq etmək və gənc nəsillərə çatdırmaq elm və mədəniyyət sahələrində çalışan ziyalıların vətəndaşlıq borcudur.

İndiki Naxçıvan Dövlət Tarix Muzeyinin formalaşmasında və inkişafında vaxtilə xüsusi xidmətləri olmuş M.Mirheydərzadə haqqında bu yazını hazırlamağı və oxuculara çatdırmağı bir muzey direktoru kimi mən də özümün mənəvi vətəndaşlıq borcum hesab etdim.

Ümid etmək olar ki, Naxçıvanı öyrənmək üçün tükənməz mənbə olan M.Mirheydərzadənin elmi və mədəni irsi alimlərimizin, ziyalılarımızın tədqiqat obyektinə çevriləcək və biz bundan sonra onların qələminin məhsulu olan neçə-neçə yazıların oxucuları olacağıq.

Nizami Rəhimov,

Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,
Naxçıvan Muxtar Respublikası Əməkdar mədəniyyət işçisi