05 noyabr 2024 00:36
224

Hər kəs bizim gücümüzü gördü

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci il tarixdə xalqa müraciətində yer alan bu fikir dünənimizə, bugünümüzə baxış əsasında qarşıdakı dövrün reallıqları barədə aydın təsəvvür yaratdı

«Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq. Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq. Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı.» Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın imzalanması münasibətilə xalqa müraciətində bu reallıqları da xüsusi qeyd etdi ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik. Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq!

Artıq tarixi Zəfərə imza atdığımız gündən bizi 4 illik zaman ayırır. Bu şanlı Qələbə daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə yenilik kimi daxil olan strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər verərək qısa müddətdə düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Dövlətimizin başçısının müsahibələrində də qeyd etdiyi kimi, ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq.

Azərbaycanın istər 2003-cü ilədək, istərsə də 2003-cü ildən sonrakı mərhələsi bu gün əldə olunan uğurları şərtləndirən əsas amillər kimi qeyd edilir. Təbii ki, sabitlik olmasa, iqtisadi inkişaf olmazdı, bu halda da heç bir sahənin tərəqqisindən danışmaq mümkün deyildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmizi müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi. Əgər 1993-2003-cü illəri əsasən bərpa və inkişafın təməlinin qoyulması dövrü adlandırırıqsa, ikinci mərhələ böyük və sürətli quruculuq və inkişaf dövrü kimi xarakterizə edilir. Birinci mərhələ Ümummilli Liderin, ikinci mərhələ isə bu siyasi kursu uğurla davam etdirən, qətiyyətli lider olduğunu həyata keçirdiyi nəhəng transmilli layihələrlə, sosial-iqtisadi islahatlarla, diplomatik mübarizədə qələbələri ilə, eyni zamanda, 44 günü Azərbaycan tarixinə zəfər günü kimi yazan, noyabrın 10-da imzalanan razılaşma əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini dünyaya təqdim edən Prezident İlham Əliyevin adı ilə bağlıdır. Əsas hədəflərdən biri Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən dəfələrlə artıq olmasına nail olmaq idi. Bugünkü qələbəmiz bu reallığın təsdiqidir. Ölkəmizdə müdafiə xərclərinin artırılması, yeni müdafiə sənayesi obyektlərinin yaradılması, müxtəlif adlarda hərbi məhsulların istehsalı və sair kimi biri-birindən əhəmiyyətli addımlar Azərbaycanın bugününə hesablanmış tədbirlərdir. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı istisna edilmir. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu, hərbi xərclərimizin artırılması suveren hüququmuzdur. Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi: «Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik.»

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu 44 gündə təsdiqlədi. Döyüş meydanında üstünlüyü qazanan ordumuz 300-ə yaxın yaşayış məntəqəsini, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etməklə digər işğal altında olan ərazilərimizi də azad etmək gücündə, əzmində olduğunu nümayiş etdirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatın müddəalarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı, dekabrın 1-də isə Laçını təhvil verməli idi. Noyabrın 15-də ermənilər Kəlbəcəri təhvil vermək üçün əlavə vaxt istədilər. Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə bir daha təsdiqləyərək vaxtın noyabrın 25-dək uazadılmasına razılıq verdi. Bu humanistliyin qarşılığı olaraq ermənilərin Kəlbəcərdə hansı vandalizmi və barbar hərəkətlərini törətdikləri dünyanın gözü qarşısında oldu. Apara bildiklərini apardılar, bilmədiklərini yandırdılar.

İkinci Qarabağ müharibəsinin 44 günündə baş verənlər dövlətimizin başçısı İlham Əliyevin 30 ilin imitasiya naminə danışıqlara son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaratdı. Ermənistanın baş nazirinin sərsəm bəyanatları, münaqişənin diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin mümkünsüzlü barədə qeyri-ciddi fikirləri Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi: «Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!»

Qeyd etdiyimiz kimi, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan dövləti ətrafında bir yumruq kimi birləşərək möhtəşəm Qələbənin əldə olunmasına öz töhfələrini verdilər.Təbii ki, böyük qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin rolu xüsusi qeyd edilməlidir. Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiqləyən 10 noyabr 2020-ci il razılaşması da bu məqamlara işıq salır. Cənab İlham Əliyev xalqa müraciətində bu məqamı da xüsusi qeyd etmişdir: «Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinın səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.»

 Real faktlara, tarixi həqiqətlərə söykənən təbliğat nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Dövlətimizin başçısının 44 gündə 30-dan artıq xarici mətbuata müsahibələrində tariximizin ayrı-ayırı dövrlərinə diqqət yönəldildi, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı deportasiya siyasəti həyata keçirdikləri diqqətə çatdırıldı. Düşünürük ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabını heç kimi unutmayıb. Cənab İlham Əliyev bildirmişdir ki, Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik. «Siz qəbul edirsiniz ki, bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub» sualına cavabında isə cənab İlham Əliyev jurnalistə tarixi öyrənməyi məsləhət görmüşdür: «Ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, - onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar - sonra köçürülüb və ya gətirilib.» Hər vəchlə tarixi inkar etməyə çalışan jurnalistin «Belə çıxır ki, tarixçilərin, Qafqaz regionu üzrə ekspertlərin əksəriyyəti səhv edirlər» sualına cavab olaraq dövlətimizin başçısı vurğulamışdır ki, əlbəttə. Çünki sənədlərə baxın. Tarixçilər, hansı tarixçilər? Müxtəlif tarixçilər var və bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Lakin həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz: «Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub. Lakin digər məsələ ondan ibarətdir ki, bəli, onlar 200 il ərzində orada yaşayıblar və “Qarabağ” sözü Azərbaycan sözüdür, erməni sözü deyil. Siz bilirsiniz onlar Dağlıq Qarabağın qondarma paytaxtını necə adlandırırlar? Stepanakert. Bilirsiniz kimin şərəfinə adlandırılıb? Stepan Şaumyanın. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada 200 il yaşayıblar. 1978-ci ildə orada yaşayan ermənilər Dağlıq Qarabağa gəlişlərinin 150 illiyi münasibətilə abidə ucaltdılar. Bu, tarixdir. Lakin bir daha deyirəm, onlar 200 il boyunca yaşayıblar və biz onların yaşamağını istəyirik. Mən dəfələrlə demişəm ki, biz azərbaycanlıların geri qayıtmağını və ermənilərin 200 il boyunca tarixən yaşadıqları ərazidə yaşamağını istəyirik, nəyin bahasına olursa-olsun.»

Dövlətimizin başçısının hər bir müsahibəsi həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası baxımından xüsusi diqqət çəkdi. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-dan artıq müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldu. Baxmayaraq ki, 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.

Ali Baş Komandan İlham Əliyev «BBC News»a müsahibəsində ölkəmizin gələcəyi ilə bağlı fikirlərini belə ifadə etmişdir ki, ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək: “İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik.»

Reallıq budur ki, bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bütün hədəflərə çatmışıq. «Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi» söyləyən dövlətimizin başçısı bu fikirləri də böyük qürur hissi ilə qeyd etmişdir ki, şadam bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir.

Hər bir müsahibəsi zəngin mənbə, gələcəyə çağırış olan Prezident İlham Əliyev Türkiyənin «A Haber» televiziya kanalına müsahibəsində isə bu reallığı diqqətə çatdırmışdır ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi, soydaşlarımızın öz döğma yurd-yuvalarına Böyük Qayıdışı uğurla davam edir. Tarixi Zəfərimizdən sonrakı dövr zəfərlərlə, yeni hədəflərlə zəngindir. 2023-cü ilin 19 sentyabr tarixində Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bir günlük antiterror tədbirlərini həyata keçirdi. Lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlətimizin başçısı İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan Bayrağını ucaltdı. Bu gün qürurla yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti mərhələdə qarşıya qoyduğu hədəflərdən danışırıq. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı əsas hədəflərdəndir. Bu proses sürətlə həyata keçirilir. Azad edilmiş torpaqlarımız ermənilərin 30 ildə törətdikləri vəhşilikləri bütün dünyaya çatdırır. Bu bölgələrdə mütəmadi keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Vətən müharibəsi, həmçinin müharibədən əvvəl və sonrakı dövr haqqında dolğun məlumatların əldə edilməsinə geniş imkanlar yaradır.

Tarixi Zəfərimizin yaratdığı imkanlardan saatlarla, günlərlə, aylarla danışmaq olar. 30 il torpaq həsrəti ilə yaşayan, əsas diqqəti bu ərazilərimizin işğaldan azad edilməsinə yönəldən xalqımız hazırda bərpa-quruculuq işlərinin miqyası ilə dünyanın diqqətini özünə yönəldir. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə yönələn addımlar davamlılığı ilə diqqətdədir. İşğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsini xüsusi qeyd etməliyik. Bu sıralama hər birimizi qürurlandırır.

Qarabağın tacı Şuşanın azad edildiyi 8 noyabr tarixinə sayılı günlər qalır. Bu tarix cənab İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis edildi. Müharibənin başlandığı 27 sentyabr isə Anım Günü kimi qeyd edilir. Zəfərimizin qəhrəmanlarını unutmağa haqqımız yoxdur. Onların hər birinin yazdığı dastan bir vətənpərvərlik məktəbidir. Dövlətimizin başçısı İlham Əliyev «Artıq yetər» deyib «İrəli!» əmrini verəndə Azərbaycan əsgərinin torpaq, Vətən sevgisinin nə qədər böyük olduğuna əmin idi. Əvvəldə də qeyd etdiyimiz kimi, müharibənin ilk günündən irəli gedərək torpaqlarımızı azad etməklə Qələbəyə hazır olduğunu nümayiş etdirən Azərbaycan Ordusu dünya hərb tarixinə yeni səhifə yazdı. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsinin ümumilikdə 160 minə yaxın iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır.

Azərbaycan xalqını bundan sonra da möhtəşəm zəfərlər gözləyir. Ədalətə və beynəlxalq hüquqa söykənən siyasətin uğurları davamlıdır. Tarixi Zəfərimizdən sonra Azərbaycan bütün sahələrdə genişmiqyaslı uğurları ilə diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin «Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir… Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!» çağırışı özündə gələcəklə bağlı hədəfləri ehtiva edir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir.

Yeganə Əliyeva, «İki sahil»