04 noyabr 2024 17:00
203

“Dəmir Yumruq” əməliyyatının uğurlu sonluğu

Məlum olduğu kimi, 30 ilə yaxın müddətdə erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bu müddət ərzində dövlətimizin ali və strateji məqsədi olub. Həmçinin, bu müddətdə ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev “8 Noyabr – Zəfər günü” ilə əlaqədar çıxışında əbəs yerə qeyd etməmişdir ki, “Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”

Uzun illər ərzində düşmən ölkə ilə aparılan danışıqlar zamanı Azərbaycan eyni zamanda güclü ordu yaratmış, ordunun döyüş qabiliyyəti möhkəmləndirmiş, hərbi qüdrətini daha da artırmış və ordumuz müasir silah-sursat və texnika ilə təchiz edilmişdir. Ölkədə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, mindən çox hərbi təyinatlı məhsul istehsal edilir ki, həmin hərbi məhsullar dünyanın bir çox beynəlxalq sərgilərində nümayiş etdirilir.

Ermənistan dövlətindən fərqli olaraq Azərbaycan bir çox layihələr ilə regionda yeni nailiyyətlər qazanmış, regionun enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmişdir. Azərbaycan tərəfindən atılan uğurlu addımlar xalqımızla yanaşı, bir çox ölkələrin də maraqlarını təmin edir.

Azərbaycan müharibə vəziyyətində olduğu dönəmlərdə bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş və münaqişənin həlli üçün hüquqi bazasını yaratmışdır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar tərəfindən Azərbaycanın xeyrinə qətnamələr qəbul edilmiş, beynəlxalq sənədlərdə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışılmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz, beynəlxalq qətnamələr isə sadəcə kağız üzərində qalmışdır. Buna baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmadığı üçün, aramsız davam edən Ermənistanın təxribatçı addımları və hərəkətləri müharibəni qaçılmaz etmişdi.

Ölkə Prezidenti 2003-cü ildən bu günə kimi Azərbaycanın gücləndirilməsinə çalışmış, vətən müharibəsinə qədər bütün addımları yalnız torpaqlarımızı düşmənin işğalından azad edilməsinə xidmət etmişdir.

Məlum olduğu kimi, 1988-ci ildə başlayan Qarabağ hadisələri kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan isə bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq, Ermənistanın müxtəli rayon və kəndlərində yerləşən mövqelərindən Azərbaycanın bir çox əraziləri atəşə tutulmuşdur.

Buna cavab olaraq, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. “Dəmir yumruq” əməliyyatının ilk anlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başlamışdır. 44 gün ərzində hər gün Azərbaycan Silahlı Qüvvələri irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgər və zabitləri işğala son qoyulması və tarixi ədalətin zəfər çalması naminə öz canlarını və qanlarını fəda edirdilər. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirərək, on minlərlə insan orduya könüllü kimi yazılmış, eləcədə təxribatlar zamanı insanlar öz evlərini tərk etməməklə Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamını təzahür etmişdir.

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində düşmən ordusunu məhv edərək, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliklər azad olundu, Azərbaycanın ərazi bütövlüyünü bərpa edilmişdir.

Şuşa şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən azad olunması ilə müharibənin taleyini həll edildi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

44 gün ərzində Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və öz qüdrətini göstərdi.

“Dəmir yumruq” milli birliyin və gücün rəmzidir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə aparır. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.

Pərvanə Vəliyeva,

Milli Məclisin deputatı