04 noyabr 2024 11:45
241

Zəfər Bayramı - Azərbaycan xalqının qürur mənbəyi

İkinci Qarabağ Müharibəsini qısa müddətdə, cəmi 44 günə tarixi Qələbə ilə başa vuran Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza qürürverici anlar yaşatdı.  Ordumuz 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya aktına görə, noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər, dekabrın 1-i isə Laçın rayonları Azərbaycana qaytarıldı. Bununla da ölkəmiz savaşı nəinki, döyüş meydanında, həm də geosiyasi məkanda uğurla bitirmiş oldu.

Bununla da Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu canı və qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə darmadağın etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 il danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və «Böyük Ermənistan» planı fiaskoya uğradı. Keçmiş «Dağlıq Qarabağ»ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları darmadağın oldu.

Təbii ki, bu tarixi Qələbə xalqımızın milli dəyərlərə söykənən geniş potensialını üzə çıxardı. Aydın oldu ki,  ölkəmiz müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan bir Sərkərdə və vətənpərvər və əzmkar bir nəsil  yetişdirib. Onların sarsılmaz birliyi iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni (erməni avantürasını və işğallarını)  «Dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 günə birdəfəlik  həll etdi. Xüsusilə BMT-nin Ermənistan hərbi qüvvələrinin işğalı ilə bağlı icra olunmayan dörd qətnaməsini məhz şanlı Azərbaycan Ordusu  hərbi yolla icra etdi.
Ən önəmli məsələ isə odur ki, Vətən Müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da genişləndirdi. Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini Azərbaycanın qüdrətini qəbul etmək kimi danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Amma məhv edilən sadəcə Ermənistan hərbi texnikası deyil, həm də dünya erməniliyinin mənfur ideologiyası idi.  Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərinə imkan vermədi. 

Hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçımızın amalı işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun şəkildə bərpa etmək və qısa müddət ərzində soydaşlarımızı öz dədə-baba yurdlarına yerləşdirməkdir.  Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, bu işi Azərbaycan dövləti öz resursları hesabına həyata keçirir. Dövlətimizin başçısı Qarabağa səfərlər zamanı əsas diqqəti həm də erməni vandalizminə məruz qalmış tarixi mədəniyyət abidələrimizin bərpasına yönəldir. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirmişdir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa ediləcək. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır. 44 günlük Vətən müharibəsində yalnız torpaqlarımızı işğaldan azad etmədik, eyni zamanda, mədəniyyət  beşiyimiz Şuşamıza qayıtdıq, «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri - ənənələr bərpa edildi. Muğamlarımız yenidən Qarabağın səmalarında səsləndi. Eyni zamanda, Qarabağın tacı Şuşa  Azərbaycan və Türkiyə birliyinin, həmrəyliyinin zirvəsi olan Şuşa Müttəfiqlik Bəyannaməsinin imzalanmasına şahidlik etdi. Şuşa Bəyannaməsi dünyaya bir sıra önəmli mesajlarımızı çatdırdı. 28 il Şuşanı erməniləşdirməyə çalışanlar atılan bu addımların fonunda bir daha bu reallığın şahidi oldular ki, tarixi inkar etmək qeyri-mümkündür.

Bəli, məhz indi Azərbaycan dövləti işğalçı Ermənistana sülh razılaşmasını imzalamağı təklif etməklə hələ də humanizm prinsiplərinə sadiqliyini  nümayiş etdirir.Görünən odur ki, Ermənistan yenə də xislətinə uyğun olaraq sülh razılaşmasını imzalamaqdan yayınır.  Amma Azərbaycanın haqlı tələbləri  ortadıdır.Təbii ki, sülh təklifi masa üzərində daimi saxlanıla bilməz. Demək, haylar Azərbaycanın ədalətli sülh şərtlərini qəbul etməsələr Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, dəmir yumruğ yerindədir

 İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri