Azərbaycanda İKT-nin inkişafı prioritet elan olunmuşdur. İKT-nin inkişafı ölkənin sosial-iqtisadi göstəricilərinə müsbət təsir göstərir və bu, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasətlə izah olunur. Bu siyasət nəticəsində İKT-nin inkişafı istiqamətində mühüm addımlar atılmışdı.
Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələrindən biridir. Bütün sahələrdə baş verən yeniliklər Azərbaycanın dünya ilə birgə inkişaf etdiyinə əyani sübutdur. Ölkəmiz sürətlə dəyişən dünyanın sürəti ilə irəliləmək niyyətindədir. Bu baxımdan Azərbaycanda İKT sahəsinin inkişaf etdirilməsi olduqca vacibdir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində dövlətin həyata keçirdiyi bütün tədbirlər müasir dünyanın yeni çağırışlarına tam cavab verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İKT sektoruna göstərdiyi diqqət və qayğı Azərbaycanda bu sahənin uğurla inkişaf etdirilməsinə ciddi təkan vermişdir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir, mükəmməl və mütərəqqi idarəetmə siyasətini uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının dünya standartlarına uyğunlaşdırılması istiqamətində bir çox əhəmiyyətli addımlar atmışdır. Bu sahənin inkişafı və genişləndirilməsi ilə əlaqədar cənab Prezidentin imzaladığı fərman və sərəncamlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizat məsələlərinin həlli, keçirilən beynəlxalq sərgi, konfrans və digər münüm tədbirlər ölkəmizdə İKT sektorunun canlanmasına səbəb olmuşdur.
Təcrübə göstərir ki, cəmiyyətdə hər bir inkişafın əsasında mükəmməl təhsil, elm, bilik və bacarıqlar dayanır. Ölkənin, millətin intellektual və mənəvi potensialı onun maddi, iqtisadi və sosial tərəqqisinə təsir göstərir. Bu cəhətdən Azərbaycanın təhsil ocaqlarında informatika fənninin tədrisinə xüsusi önəm verilməsi, orta məktəblərdə informatika dərslərinin artırılması, yeni tədris proqram və üsullarının tətbiqi müasir dövrün tələblərindən biridir. Bu fənni tədris edən hər bir müəllim özünəməxsus metodika ilə yetişməkdə olan gənc nəslin İKT-yə olan marağını formalaşdıra bilər. Azərbaycan yeniliklərə açıq ölkədir. Yeniliklər isə yeni Azərbaycanın gələcəyinə xidmət etməlidir. Bu xüsusda işğaldan azad edilən müqəddəs torpaqlarımızda tətbiq edilən yeni texnologiyaların da böyük yenilik olduğunu fərəhlə qeyd etməliyik. Bəli, memarı Ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan hərtərəfli şəkildə inkişaf edir. Bu inkişaf Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti sayəsində daha da geniş miqyas alır. Azərbaycanda aparılan İKT siyasəti ölkədə geniş miqyas alan inkişafın tərkib hissəsidir.
Nuriyyə Hüseynova,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin informatika müəllimi