8 Noyabr-ruhun və cismin qovuşduğu gün,tariximizə qızıl hərflərlə yazılan Zəfər Günüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncama əsasən ölkədə hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunur.
XIX əsrin əvvəllərində çar Rusiyası Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqlarını işğal etdikdən sonra bölgənin etnik mənzərəsini dəyişdirib öz dayaqlarını möhkəmləndirmək üçün bütün XIX əsr boyu İrandan və Türkiyədən 1 milyondan çox ermənini Cənubi Qafqaza köçürmüşdür. 1905–1907-ci illərdə, habelə 1918-ci ildə onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Göyçədə və digər yerlərdə azərbaycanlılara kütləvi şəkildə divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qadınları, qocaları misilsiz qəddarlıqla öldürmüşlər. Erməni vəhşiliyindən sağ qurtara bilən on minlərlə azərbaycanlı doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur. Azərbaycanlılardan təmizlənən ərazilər 1918-ci ildə müstəqilliyini elan etmiş Ermənistan Respublikasına qatılmışdır. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən Qərbi Zəngəzur Ermənistanın tərkibinə daxil edilmiş, nəticədə onun ərazisi 9,8 min kvadrat-kilometrdən 29,8 min kvadrat-kilometrə çatdırılmışdır.
Azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948–1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. Azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq ruhunda tərbiyə edilmişdir.
Azərbaycanlılara qarşı davam edən düşmənçilik siyasəti 20-ci əsrdə müharibəyə səbəb oldu.Ermənilər işğalçılıq siyasətini genişləndirərək Azərbaycan Respublikasının torpaqlarını ələ keçirdilər.1994-cü ildə imzalanmış Bişkek protokolu ilə müharibə dayandırıldı,sülh imzalandı.Azərbaycan Respublikası dəfələrlə beynəlxalq təşkilatlarda Ermənistanın işğalçı dövlət olduğunu,torpaqların erməni tapdağı altında olduğunu dünya ölkələrinə bəyan etməyə çalışdı. Münaqişənin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlardan Azərbaycan torpaqlarının işğalının nəticələrini bu və ya digər şəkildə rəsmiləşdirmək, bu mümkün olmadıqda isə vaxt uzatmaq üçün istifadə edilmişdir.
Azərbaycan dəfələrlə sülh danışıqlarına hazır olduğunu bəyan etsədə erməni tərəfi bundan boyun qaçırır,danışıqlara gəlmirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.
Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur.
Bu gün Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi tarixində ən böyük quruculuq və qayıdış dövrünü yaşayır.
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2 ünvanı" üzrə ərazi partiya təşkilatının üzvü