04 noyabr 2024 10:58
165

Şanlı Zəfər tarixi

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən  müharibəsinin qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü hər il noyabrın 8-də böyük təntənə ilə  qeyd edilir. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.

Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulmuşdur. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliam əməlləri törədilmişdir.

Azərbaycan dövlətinin rəhbərliyi onilliklər boyu bəyan etmişdir ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, torpaqlarının quldurcasına zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olacaqdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad  edilməsi xalqımızı uzun illər davam edən  məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”  ünvanı üzrə ərazi partiy təşkilatının üzvü