01 noyabr 2024 23:11
248

Oxumaq və yaddaş

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Erik Kandel “Yaddaşın axtarışında” kitabında yazır ki, öyrənmə beynin müəyyən hüceyrələrində serial dəyişikliklər əmələ gətirir. Qeyd edim ki, kitab sadə dildə yazılıb və elmin populyarlaşdırılmasına xidmət edir. Kandel yazır: “Hüceyrələr öyrənmə prosesinə maraqlı olanda böyüyürlər. Bu, insan əzələlərinin idman zamanı şişməsinə bənzəyir.” “Öyrənən” neyron yeni sinapsis (yunanaca “birləşmə”, iki neyron arasında əlaqə yeri) sonluqlar - kiçik çıxıntılar yaradırlar və bunun hesabına bir neyron digəri ilə ünsiyyət qurur. Aktiv sonluqların artması əsəb hüceyrələrinin informasiya vermək qabiliyyətini çoxaldır. Proses bütün neyron yollarında təkrar olunur və beləliklə informasiyaların toplanması və saxlanması yaranır. Fizioloji nöqteyi - nəzərdən bizim beynimiz iş görür. İnformasiyaları həzm edir, yeni anlayış və xatirələrə qoşulur.

Bəs yeni anlayışlar yaddaşda uzun müddət necə qalırlar? Bu əsasən öyrənmə prosesinin intensivliyindən asılıdır. Başqa sözlə, o beyində fiziki parametrləri işə salır. Nəticədə zülal sintez olunur, sinapsis əlaqələri möhkəmləndirir, müxtəlif kimyəvi reaksiyalar başlayır, elektrik impulsları və düşünmə zamanı xeyli enerji yaranır. Nə qədər çox neyron öyrənmə prosesinə cəlb olunsa, qoşulsa, yaddaş əbədi və canlı olacaq. Beyində belə fiziki dəyişikliklər daimi xarakter daşımır. Bizim unutmaq deməyimiz, öyrənmə prosesində əldə edilən daxili asossiasiyanın yavaş-yavaş zəifləməsi və itməsidir. Ancaq yaxşı xəbər də var. Bütün sinapsis əlaqələr birdən-birə itmirlər. Bunu fiziki hazırlıqla müqayisə etmək olar. İdmana fasilə verəndə biz əldə etdiyiniz gücün bir hissəsini itirmiş oluruq. Ancaq onun bir hissəsi qalır. Buna görə də keçənləri təkralamaq asandır, nəinki yenisini öyrənmək. Nəticədə iki tip yaddaşı müqayisə edirlər: kiçik və böyük yaddaşı.

Qısamüddətli yaddaş kövrəklik və tez “uçub” getməklə xarakterizə olunur. Uzunmüddətli yaddaş stabil və ömürlükdür, ancaq qüsursuz deyil. Qısamüddəli yaddaşın uzunmüddətli yadaşa keçidinə konsalidasiya deyirlər. Uzun müddətli yadda saxlama məhsuldar öyrənmə prosesində formalaşır. Burda mövzu su kimi axır, asossiativ sıra yaranır, ortaya gözəl istinadlar gətirilir.

KİTAB YADDAŞDIR

Böyük Argentina yazıçısı Xorxe Lyuis Borxesin “Kitab” essesi çox maraqlıdır. Borxes yazır: “Telefon eşitmənin, mikrafon səsin, qılınc qolun, kitab isə idrakın davamıdır. Kitab yaddaşdır.” Və tanınmış fizioloqların birinin fikridir: “Altsheymer xəstəliyi müalicə olunan xəstəlikdir. Müalicəsi oxumaqdır.”

Bəzən 80-90 yaşlı alimlərin əsərlərini oxuyanda yaddaşın parlaqlığı və dərinliyi adamı riqqətə gətirir. Nobel mükafatı laureatı Knut Hamsunun 31 yaşında yazdığı “Aclıq” romanı ilə 91 yaşında yazdığı “Ot basmış cığırlar boyu” romanını müqayisə edin. Canlı, yığcam və parlaq bir əsər. Henri Kissincerin 88 yaşında yazdığı “Çin haqqında” irihəcmli kitabını və DNT-nin strukturunu kəşf etdiyinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş Ceyms Uotsonun 86 yaşında yazdığı “Zəvzəklikdən qaçın” kitabını oxuyun.

YADDAŞ ÜZRƏ PROFESSOR NƏ DEYİR?

Professor Şerri Törkl 30 ildir ki, Massaçusets Texnologiya İnstitutunda "Sosial psixologiya" sahəsində tədqiqatlar aparır. O, "Tənhalar bir yerdədir" adlı möhtəşəm bir kitab yazıb. Yaddaş üzrə görkəmli mütəxəssisdir. Şerri Törkl hesab edir ki, texnologiyalar bizi bir-birimizdən ayırır və ənənəvi sosial əlaqələri zəiflədir. "Texnologilar, xüsusilə sosial şəbəkələr bizi gündəlik məşğul edərək distant və məzmunsuz əlaqələr hesabına dərin əlaqələrdən məhrum edib. "Dost" və "bəyənirəm" sözləri son 20 ildə öz mənasını itirib. Bizim əsas ünsiyyətimiz yazılı formaya keçib. Təcrübə göstərir ki, gənclər öz sosial bacarıqlarını inkişaf etdirmirlər. Gənc insanlar şəxsi ünsiyyətdə kommunikasiyalarını savadlı şəkildə idarə edə bilmirlər. Bu gün biz fikir dağınıqlığından əziyyət çəkirik. Bizim diqqətimiz və şüurumuz haradasa başqa yerdə yerləşib. Qatarla gedərkən məni tez -tez vaqon paradoksu dəhşətə gətirir. Əvvəlcə mənə elə gəlir ki, canlı danışıqlarla əhatə olunmuşam. Sonra anlayıram ki, sərnişinlər vaqonlarda olmayan insanlarla ünsiyyət qururlar. Mənim düşüncəmə görə insanlar başqa sərnişinləri nəzərə almadan telofonla danışmaqla qapalı qabalıq nümayiş etdirirlər. Tvitter, Facebook və digər şəbəkələr milyonlarla insanı cəlb edib. İnformasiyanın göndərilməsi və qəbulunun balansı bizi bir-birimizi eşitməkdən sürətlə ayırıb.

Bizi daha təhlükəli sosial qorxu növü bürüyə bilər. FOMO - yaxud itirilmiş imkanlar sindromu. Bu, ümidsiz istəkdir, hər dəqiqə sosial şəbəkədə səhifəmizi yoxlayırıq ki, kim səni bəyənib, kimlər cavab yazıb, yaxud paylaşıb. FOMO - beyindən silinməyən və o qədər zəhlətökən xarakter alıb ki, artıq patalogiya qaçılmazdır. Artıq ailələr şam yeməyinə əyləşəndə də telefonla qurdalanırlar. Bu kədərli mənzərədir. Gənclərlə vəziyyət isə daha açınacaqlıdır. Onların canlı ünsiyyətləri telefon ekranında baş verir."

Kitaba qayıdış artıq bütün dünyada geniş vüsət alıb. Biz bu prosesdən geri qala bilmərik. Böyük yaddaşımız inkişaf etməlidir. Bu isə oxumağın hesabına baş verir. Onda Altsheymerdən də qorxmayacaqsınız.

Etibar Əliyev