02 noyabr 2024 01:26
274

Qərb gürcü xalqının siyasi iradəsi qarşısında aciz qaldılar

XXI əsrdə belə imperialist utancverici neokolonialist siyasətini davam etdirən, müstəmləkə altında saxladığı məmləkətlərdə yerli xalqların qanını axıdıb, sərvətlərini talan edən, dini radikalizmə rəğbəti, terrora dəstəyi ilə digər Avropa ölkələrini arxada qoyan, özünü demokratik dəyərlərin carçısı kimi tanıtsa da insani dəyərlərdən məhrum olan Fransa Prezidenti Emmanuel Makronun sərhədlərini aşaraq Cənubi Qafqaza meyil salması ona xeyir gətirmir. Cənubi və Mərkəzi Amerikada, Afrika, Asiya və Okeaniyada xeyli ərazini zəbt etməklə kifayətlənməyib, Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların hüquqlarını pozan diktator Makronun başı yenə də qalmaqaldadır. Fransız Qvianası, Fransız Polineziyası kimi əsarəti altında saxladığı digər ərazilərdə yaşayan xalqlara qarşı güc tətbiq edən Makronun özü kimi təcavüzkar Ermənistana isti münasibəti anlaşılandır. Fransa neokolonializminin acı nəticələrini dünyaya bəyan edən, İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə Ermənistana, onun havadarlarına tarixi dərs verən ölkəmizə qarşı aqressiyası daha da artan, Azərbaycanın təklifi ilə yaradılan Bakı Təşəbbüs Qrupu çərçivəsində təşkil olunan tədbirlərdən dəli dana kimi sağa-sola saldıran, Cənubi Qafqaz «siyasətini» rəsmi Bakıya yönəlmiş təxribatlarını gücləndirməklə bildirən Makron iyrənc planlarını davam etdirir, Azərbaycanı beynəlxalq ictimaiyyətə «insan hüquqlarının pozulduğu ölkə» kimi təqdim etməyə çalışırdı. Bakıda Fransa vətəndaşlarının guya səbəbsiz həbs olunduğunu bəhanə edərək ölkəmizə qarşı təxribatlarının izini itirmək istəyən rəsmi Parisə çatdırıldı ki, Makron iqtidarının günahsız hesab etdiyi Martin Rian casusluq, Klerk Teo Hüqo isə Bakı Metrosunda törətdiyi əmələ görə saxlanılmışlar. Əslində isə Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr, Yelisey Sarayının hərəkətləri insan hüquqlarının beynəlxalq səviyyədə pozulduğunu”n təsdiqi idi.

Ermənistanı silahlandırmaqla, revanşistləri təlimatlandırmaqla, öz ölkəsində törədilən islamofob əməllərə səssiz qalmaqla insan hüquqlarının pozulmasına şərait yaradan, Avropa İttifaqının (Aİ) guya müşahidəçilər missiyasının tərkibində Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığında Fransa bayrağı ilə görünən avtomobildəkilər təbii ki, turistlər deyildilər. Hamı bilir ki, İrəvanla Paris arasında hərbi əməkdaşlığa dair anlaşma mövcuddur. Həmin razılaşmada isə Ermənistanın müəyyən olunmayan, şərti dövlət sərhədinə Fransa elementlərinin gətirilməsi, müşahidə aparması nəzərdə tutulmayıb. Fransa Milli Jandarma İdarəsinin briqada generalı Uilyam De Meyer Aİ-nin şərti sərhəddəki mülki missiyasına baş çəkməsi də beynəlxalq hüquq normalarına ziddir.

Ermənistanı onsuz da özəlləşdirən, Avropa İttifaqının guya müşahidə xarakterli Mülki Müşahidə Missiyası tərkibində jandarm xidməti yaradan, müxtəlif vasitələrlə Azərbaycana təxribat metodlarını gücləndirən ABŞ, Qərb, ən çox da siyasi katalizator Makron bu günlərdə Gürcüstanda siyasi uğursuzluqla üzləşib. Gürcüstanın daxili işlərinə qarışmaqla, bu ölkədə igtişaşlar yaratmaqla Cənubi Qafqazın iki ölkəsini öz diktəsi ilə idarə etməyə çalışan Makron növbəti dəfə siyasi bataqlığa düşdü. Bölgədə Azərbaycanı təkləməklə mənfur planlarını həyata keçirməyə çalışan ABŞ-ın, Qərbin «Gürcüstan kartı» erməni faşizminə uyğun, makronsayaq «kaput» oldu. Yalan, böhtanları ilə Azərbaycanda demokratiya, insan hüquqlarının qorunması ilə bağlı görülən işlərə qara yaxmağa çalışan Makronun təxribatları baş tutmadı. Kəşfiyyatçılarını sadə insanlar kimi Cənubi Qafqaza göndərməklə qarışıqlıq salmağa çalışan Makronun Gürcüstan variantını ortaya atmaqla Azərbaycanın nəbzini yoxlamaq cəhdi iflasa uğradı. Gürcüstanda keçirilən parlament seçkilərində hakim «Gürcü Arzusu- Demokratik Gürcüstan» Partiyasının xalq tərəfindən dəstəklənməsi, etimad qazanması Ermənistana şirin vədlər verən ABŞ, Fransa kimi anti-Azərbaycan dairələrin niyyətlərini boşa çıxardı. Azərbaycanda keçirilən mühüm tədbirlər ərəfəsində bütün uğurların üzərinə kölgə salan ABŞ və Ağ Evin züy tutanı Qərb gürcü xalqının siyasi iradəsi qarşısında aciz qaldılar. Gürcüstanda niyyətlərini həyata keçirməklə Ermənistana bu ərazidən daha çox silah-sursat çatdıracaqların xəyal edən Makron küncə sıxışdırıldı. Xalq ölkədə daxili qarşıdurma yaratmaq, hakimiyyətə öz əlaltılarını gətirmək istəyən dairələri məyus edərək firavan gələcəyinə, sülhə, sabitliyə və inkişafa səs verdi. Cənubi Qafqaz siyasətlərinin iflasa uğradığını görən rəsmi Vaşinqton , Yelisey Sarayı təxribatlarının istiqamətlərini dezinformasiyaya yönəldirlər. Hədəf götürdükləri ölkəni nüfuzdan salmaq, ideoloji və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün müxtəlif metodların tətbiqinə üstünlük verənlər COP29-a ev sahibliyi edəcək ölkəmizə qarşı böhtan kampaniyasını genişləndirirlər. Xüsusilə xarici ictimai rəyə hesablanmış siyasi, sosial-iqtisadi xarakterli yanlış məlumatlar yayır, maliyyələşdirdikləri media kanalları ilə pozuçuluqla məşğul olur, bəzi dövlətlərə təsir edərək şantaj, kollektiv təzyiq yolu ilə onların GOP29 –da iştirakdan çəkindirməyə çalışırlar. Əsas məqsəd isə Ermənistana göstərdikləri hərbi yardımları pərdələmək, bölgədə əmrə müntəzir qul kimi təkləndiyini Ermənistana hiss etdirməmək, beynəlxalq ictimai rəyi özlərinə sərf edilən istiqamətdə formalaşdırmaqdır. Təsir altına aldıqları dövlətlərdən istifadə etməklə Cənubi Qafqazda üzləşdikləri məğlubiyyəti ört-basdır etməkdir. Beləliklə, neokolonializmin dəhşətlərini gizlətmək üçün siyasi hoqqabazlıqlarını təxribatları ilə pərdələyən Makron gözləntilərinin baş tutmadığını gördüyü üçün daha çox radikallaşıb. Gürcü rəsmilərinin bu ölkədə yaşayan azərbaycanlıların parlament seçkilərindəki fəallıqlarını, «Gürcü Arzusu»nun qələbəsindəki rolunu xüsusilə vurğulamaları Ermənistanı və havadarlarını çox narahat edir. Cənubi Qafqaz sevdalarından əl çəkməklərinin vaxtı çatdığını xatırladır. Bu məqamda «Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə» müdrik kəlamı yada düşür. Yüz minlərlə insanın həyatına son qoyan Makron bu kimi sürprizlərlə hələ çox üzləşəcək.

Xuraman İsmayılqızı, «İki sahil»