Ölkə başçısı tərəfindən 11 sentyabr 2024-cü il tarixində “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.
“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində bu sahədə həyata keçiriləcək tədbirlərin icrası məqsədilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov müəssisədə məhkumlarla görüşüb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, ədliyyə nazirinin müavini Hüseyn Səfərov da iştirak edib. Görüş zamanı müəssisədə peşə təhsilinin həyata keçirilməsinin və məhkumların müəyyən peşələrə yiyələnməsinin onların gələcək həyatlarındakı əhəmiyyəti müzakirə olunub. Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin İstehsalat sahəsində məhkumların hazırladıqları əl işləri ilə tanışlıq olub. Məhkumların COP 29-la bağlı hazırladıqları əl işləri böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Cəzçaçəkmə Müəssisəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe müəssisələrin mütəxəssisləri tərəfindən misgərlik, taxta üzərində oyma, aşbazlıq, heykəltaraşlıq, kompüter və digər kursların təşkili nəzərdə tutulur.