01 noyabr 2024 13:05
227

Dayanıqlı inkişaf – COP29-un hədəflərindəndir

Bu gün müharibələrin, münaqişələrin tuğyan etdiyi dünyamızda insanların daha yaxşı, rifah və sülh içində yaşaması üçün qəbul olunmuş universal sənədlərin icrası təəssüf ki, çətinliklərlə üzləşir və “Heç kəsi arxada qoymayaq” konsepsiyasına ciddi təhdidlər yaranır.

2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunmuş, 17 məqsəd və 169 hədəfi əhatə edən “Dayanqılı İnkişaf Məqsədləri” (DİM) universal sənədinin 2030-cu ilə qədər icra olunması dünya dövlətlərinin gündəliyində əsas məsələlərdən biri kimi müəyyənləşib. Baxmayaraq ki, bu sənədin icrasının başa çatmasına artıq altı il vaxt qalıb, sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi öz vacibliyini hələ də qoruyub saxlayır.

Bu gün cəmiyyətlərin, habelə onlara rəhbərlik edən siyasi dairələrin əsas məsuliyyəti dayanıqlı inkişaf konsepsiyalarının üzərində hərtərəfli çalışmaq olmalıdır. Lakin, DİM məqsədlərinin hər birinin icrası özü-özlüyündə dünyanın müxtəlif coğrafi ərazilərində nəinki öz aktuallığını saxlayır, eyni zamanda daha ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini diktə edir.

13-cü məqsəd kimi qəbul olunan “İqlim dəyişikliyinə qarşı mübarizə” çərçivəsində həyata keçirilən siyasət hal-hazırda planetimizin ekologiyasının qorunmasına yönəlmiş ən vacib istiqamətlərdən biridir. Xüsusilə də, Paris İqlim Sazişində nəzərdə tutulduğu kimi, bütün dünya dövlətləri tərəfindən təbii ehtiyatların mühafizəsi, iqtisadiyyatın dekarbonizasiyası, ümumilikdə ətraf mühitin çirklənməsinin qarşısının alınması günün reallığı və yeni çağırışların idarə olunmasını şərtləndirir.

Təsadüfi deyil ki, iqlim dəyişikliyi, eləcə də dünyanın ekoloji tarazlığı və ətraf mühitin qorunmasına dair əsəs platformalardan sayılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyası – COP29 bu il 11-22 noyabr tarixlərində Azərbaycanda baş tutacaqdır. Bu platformada bütün sahələrdə həyata keçirilən işlərlə yanaşı olaraq, eyni zamanda qərarlaşdırılan və icrası vacib hesab olunan istiqamətlərin maliyyələşdirilməsi, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan və ya ehtiyacı olan dövlətlərə yardım etməsi məsələləri də müzakirə olunacaqdır.

Həmçinin, həmin müzakirələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin, onların 2030-cu ilədək milli hökumətlər tərəfindən icrasında əldə olunacaq nəticələr və çağırışlar təhlil edilməklə ən optimal tədbirlərin reallaşdırılmasına dair birgə, razılaşdırılmış qərarların veriləcəyi də diqqət mərkəzində saxlanılacaqdır.

Azərbaycan 2015-ci ildən başlayaraq DİM-lərin idarə olunması istiqamətində böyük nailiyyətlər əldə edib. Belə ki, hər il ölkədə 17 məqsədi əhatə edən görülmüş işlərə dair illik hesabatlar hazırlanır və 2016-ci ildən etibarən Azərbaycan 4 “Könüllü Milli Hesabat”ı hazırlayan aparıcı ölkələrdən biridir, eyni zamanda DİM-lərə çatmaq üçün görülən işlərlə dəstək olmaq məqsədilə Azərbaycanda 2022-ci ilin noyabr ayından DİM Dialoqu seriyaları öz işinə başlayıb.

Qeyd edim ki, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqları seriyası Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Sahəsinə dair Strategiyası və 2030-cu il Gündəliyi çərçivəsində milli prioritetlərin həyata keçirilməsində Azərbaycan Hökumətinə dəstək göstərmək məqsədilə biliklərin artırılması, qabaqcıl beynəlxalq təcrübələrin tətbiq edilməsi və innovativ həllərin təmin edilməsində əsas maraqlı tərəflər – Hökumət, BMT, özəl sektor, vətəndaş cəmiyyəti, Beynəlxalq Maliyyə İnstitutları və inkişaf tərəfdaşları üçün platforma rolunu oynamağı hədəfləyir.

Hər bir DİM Dialoqu əsas diqqətini konkret mövzuya yönəldir və dialoqdan sonra  bu mövzu üzrə konseptual yanaşma, məlumatların qısa təhlilinin və qabaqcıl beynəlxalq təcrübə nümunələrinin yer aldığı analitik qeyd, həmçinin mövzu ilə bağlı praktiki siyasət tövsiyələrinin irəli sürüldüyü bölmə işlənib hazırlanır.

Bu il, “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda növbəti 5-ci DİM Dialoqu Bakı şəhərində tez-tez dünya beyin mərkəzlərinin toplaşdığı “ADA” Universitetində 31 oktyabr tarixində baş tutdu. Tədbirdə hökumət rəsmiləri, BMT nümayəndələri, inkişaf tərəfdaşları, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektordan tərəfdaşlarla yanaşı, Azərbaycan Parlamentini də təmsil olunurdu.

Bu Dialoq COP29-dan əvvəl Azərbaycanın NDC və DİM-lərin maliyyələşdirilməsi strategiyasının, eləcə də NDC-nin uğurla icrası üçün iqlim maliyyəsinin genişləndirilməsinə dair yanaşmaların geniş müzakirəsini asanlaşdırmaq üçün milli platforma kimi xüsusi əhəmiyyət kəsb etdi.

Beləliklə, Azərbaycan beynəlxalq platformalarda aparılan müzakirələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş, ümumbəşəri dəyərlərin qorunmasına əsaslanan qərarların icrasına hər zaman dünya ictimaiyyəti ilə birgə hörmətlə yanaşır və dünyamızın yeni siyasi arxitekturasının daha mükəmməl, dayanıqlı olması üçün bütün resurslarını səfərbər edir. Bu isə öz növbəsində bir daha Azərbaycanın müəyyən etdiyi multikultural, tolerant, sülh və ədalətə əsaslanmış siyasi baxışlarını əks etdirir.

Məzahir Əfəndiyev,

Milli Məclisin deputatı