Bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan gənclərinin düşüncələrinə təsir etmək, vətənpərvərlik hisslərini, dövlətçilik mövqeyini zəiflətmək üçün çox ciddi cəhd göstərirlər.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məqsədlə bir sıra layihələr həyata keçirilir, ciddi maliyyə vəsaitləri ayrılır:
"Bu, özünü bir sıra Qərb dövlətlərinin ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, gender bərabərliyinin təmin olunması, eyni zamanda həyata keçirmək istədikləri dini təbliğatda da açıq-aydın göstərir. Bu prosesin nə qədər təhlükəli olduğunu və acı nəticələrə gətirib çıxardığını bir sıra müsəlman ölkələrində gedən proseslərdən görmək mümkündür. Biz qonşu Gürcüstanda keçirilən seçkilərdə də bu cür layihələrin bu və ya digər formada təsir və nəticələrini gördük. Bunu nəzərə alınaraq ölkəmizdə ideoloji işin daha da gücləndirilməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir”.