“Ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a sayılı günlər qalır. Ötən il dekabrın 11-də COP28-in Dubayda keçirilən plenar iclasında COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildi. Dekabrın 15-də isə dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı müşavirə keçirildi. Qərarın qəbulundan dərhal sonra hazırlıq işlərinə başlanılması ölkəmizin ev sahibliyi etdiyi hər bir tədbiri yüksək səviyyədə təşkil etmək istəyinə bir daha aydınlıq gətirir. COP29 dünyada ən mötəbər tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından geri qalmır. Cənab İlham Əliyev sözügedən müşavirədə beynəlxalq tədbirə ölkəmizin ev sahibliyini şərtləndirən amilləri, görüləcək hazırlıq işlərini diqqətə çatdıraraq belə bir əminliyi də ifadə etdi ki, COP29 xalqımızın növbəti böyük uğuru olacaq.
Təbii ki, bu əminlik üçün böyük əsaslar mövcuddur. Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır, sözünü imzası qədər əhəmiyyətli edir. COP29-un paytaxt Bakıda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və Azərbaycanın beynəlxalq nüfuzunu göstərən mühüm amildir”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat bu fikri xüsusi qeyd edib ki, ümumiyyətlə, beynəlxalq əhəmiyətli tədbirlər əhatə etdikləri mövzu ilə yanaşı, keçirildikləri məkan baxımından da xüsusi əhəmiyyət kəsb edir və diqqətdə olur: “Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edildiyi inkar edilməzdir. Əvvəllər həqiqətlərimizin beynəlxalq ictimaiyyətə çatdırılması üçün xarici ölkələrə səfərlər etməyə böyük zərurət duyulurdusa, bu gün Azərbaycanın mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi təbliğat işinin daha da güclənməsində mühüm rol oynayır. Həm mövcud əlaqələrin daha da möhkəmlənməsi, həm yeni əməkdaşlıq formatlarının yaradılması, həm də ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün geniş imkanlar yaranır. Hazırkı dövrün reallıqları əsasında bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycanın dostlarının bütün qitələrdə sayı artır. Qarşılıqlı səfərlər əsasında münasibətlərdə yeni istiqamətlər müəyyənləşdirilir, beynəlxalq tədbirlərdə günün əsas çağırışları ilə bağlı qlobal miqyasda birlik, həmrəylik nümayiş etdirilir. Bu, Azərbaycanın daim qarşılıqlı etimad mühitinin qorunması əsasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi çağırışlarını yüksək səviyyədə həyata keçirməsinin təsdiqidir”.
Malik Həsənov vurğulayıb ki, irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi həmin ölkələrin üzərinə böyük məsuliyyət qoyur: “Azərbaycan beynəlxalq aləmdə məsuliyyətli dövlət kimi nüfuz qazanıb. Bunu hazırkı dövrə qədər ölkəmizdə keçirilən tədbirlərin beynəlxalq səviyyədə təqdir edilməsi də təsdiqləyir. Bircə faktı qeyd etməklə ölkəmizə göstərilən böyük etimad barədə aydın təsəvvür yarada bilərik. Ötən il Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə böyük müvəffəqiyyətlə ev sahibliyi etdi. Bu mötəbər beynəlxalq tədbirin ikinci dəfə Bakı şəhərində keçirilməsi özündə mühüm məqamları ehtiva etdi. 1973-cü ildə Sovet Azərbaycanının paytaxtı olan Bakıda bu tədbir uğurla keçirilmişdi. Təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.
Deputat qeyd edib ki, bütün sahələrdə mövcud imkanlarımızın, o cümlədən tarixi Zəfərin və suverenliyimizin yaratdığı reallıqların dünya ictimaiyyətinə çatdırılması üçün imkanlar yaranır: “Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan dünyanın diqqətində olacaq. Cənab İlham Əliyev bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın əhəmiyyətindən bəhs edərkən belə bir reallığı xüsusi qeyd etdi ki, bu mühüm addım antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi.
Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi göz qabağındadır. Ölkəmizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır. Təəssüf hissi ilə qeyd edirik ki, bu gün də ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr var. Suverenliyimizin bərpasından sonra geniş miqyas alan əsassız ittihamlar diqqətdən kənarda qalmır. Azərbaycana qarşı belə cəhdlər daim olub və qarşısı böyük qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Azərbaycanın müstəqil siyasəti, prinsipial mövqeyi, beynəlxalq hüquqa bağlılığı uğurlarının davamlılığını şərtləndirən əsas faktorlardır. Tarixi Zəfərimizin ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi bir daha dünyaya sübut etdi ki, sonda Zəfər çalan tarixi ədalətdir”.
Deputat COP29 ərəfəsində ABŞ-ın bir qrup konqresmeninin Dövlət katibinə müraciətini, eyni zamanda, Avropa Parlamentinin qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməni ölkəmizə qarşı qərəzli kampaniyanın tərkib hissəsi olduğunu bildirib: “Belə cəhdlər Azərbaycanın iradəsinə təsir etmək imkanında deyil. Günümüzün reallığı budur ki, Azərbaycan mötəbər beynəlxalq tədbiri - COP29-u yüksək səviyyədə keçirməyə, qonaqları qarşılamağa tam hazırdır. Hazırda nəinki paytaxt Bakı, bütün bölgələrimiz, işğaldan azad edilmiş ərazilərimiz bu konfransa hazırlığı ilə dünyanın diqqətindədir”.