01 noyabr 2024 10:25
166

Sahibə Qafarova Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunaraq, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində mühüm rolu qeyd edilib. Bu mənada, Rusiya Prezidenti Vladimir Putinin cari ilin avqust ayında Azərbaycana dövlət səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında Rusiyaya iki səfərinin ölkələrimiz arasında münasibətlərin dinamikasına müsbət təsirləri vurğulanıb.

Söhbət zamanı ölkələrimizin digər sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da əlaqələrin inkişaf etdiyi bildirilərək, parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığı qeyd edilib. Tərəflər qarşıdakı dövrdə də bu istiqamətdə əlaqələrin uğurla davam edəcəyinə inamlarını ifadə ediblər.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıqla bağlı görülən işlər barədə də söhbət açılıb. Rusiya Federasiyasının həm COP29, həm də COP29 çərçivəsində keçiriləcək parlament konfransında yüksək səviyyədə iştirak edəcəyi bildirilib. Bu mühüm beynəlxalq tədbirin siyasiləşdirilməsi cəhdlərinin yolverilməz olduğu qeyd edilib. Azərbaycanın qlobal problemlərin həllinə töhfələri yüksək qiymətləndirilib.

Söhbət zamanı Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli sənədlər və təşkilatın anti-Azərbaycan fəaliyyəti tənqid edilib. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, AP-nin bu addımları parlamentarizm ruhuna uyğun deyil və ölkəmiz Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv və birtərəfli qətnamələrini qəti şəkildə rədd edir . O, parlamentlər arasında əlaqələrdə obyektiv fikirlərin, dialoqun əhəmiyyətini qeyd edib.