31 oktyabr 2024 23:44
461

Çilov adasına səfərdən unudulmaz təəssüratlarla... - FOTOLAR

Noyabr ayında ölkəmizdə keçiriləcək İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ilə əlaqədar SOCAR-ın istismarını həyata keçirdiyi yataqların ərazilərində ətraf mühitin qorunması və digər istiqamətdə görülən işlərlə yaxından tanış olmaq məqsədilə SOCAR-ın rəhbərliyi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinə Çilov adasına təşkil olunacaq səfərlə bağlı dəvət məktubu göndərmişdi.

Kömitə üzvləri və SOCAR-ın rəhbərliyi ilə birlikdə 25.10.2024-cü il tarixində Çilov adasında olduq.

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib. Komitə sədri Çilov adası və SOCAR-ın “Azneft” İstehsalat Birliyinin «28 May» NQÇİ haqqında məlumatları bölüşüb:

➢ Çilov Xəzər dənizində Azərbaycana məxsus adadır, ərazisi 11,5 km² təşkil edir. Adanın uzunluğu 4,5 km, eni 3,3 km təşkil edir. Adada qumlu-gillicəli torpaqlar üstündür, amma ərazi bütünlüklə dəniz qumu və balıqqulağı ilə örtülmüşdür.

➢ Ada Abşeron yarmadasından 25 km, Bakıdan isə 100 km şərqdə yerləşir.

➢ Pirallahı adası ilə arasında 60–70 km-lik dəniz yolu (boğaz) var.

➢ Ən hündür yeri 8 m təşkil edir. Sahilləri çox girintili-çıxıntılıdır. Şimal-qərbində Urunos yarımadası, cənub-qərbində isə Cənub dili burnu yerləşir.

➢ Çilov adasında insanların məskunlaşması təxminən XIX əsrin axırları və XX əsrin əvvəllərinə təsədüf edir, 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib. 2024-cü ilin oktyabr ayına olan məlumata əsasən, adada 750 sakin yaşayır. Müxtəlif vaxtlarda, əsasən hasilatın yüksək olduğu zamanlar əhalinin sayı 2400 nəfər təşkil edib.

Qəsəbədə 131 saylı orta məktəb (Azərbaycanın Milli Qəhrəmanı Rasim İbrahimovun adını daşıyan Bakı şəhəri 131 nömrəli tam orta məktəb 1951-ci ildən fəaliyyət göstərir. 200 nəfərlik şagird tutumu olan məktəbdə 30-dan çox insan çalışır ki, onların da 20-yə yaxını pedaqoji fəaliyyətlə məşğul olur) və 50 yerlik uşaq bağçası fəaliyyət göstərir.

➢ İnsanların boş vaxtlarını səmərəli keçirmələri üçün 2010-cu ildə kiçik futbol meydançası istifadəyə verilib.

➢ Adada tibbi-stasionar məntəqə də var.

➢ «28 May» NQÇİ Çilov adasında 1990-cı ildə “28 Aprel” NQÇİ adı ilə yaradılıb.

➢ “Günəşli” strukturu 1958-1963-cü illərdə aparılan seysmik kəşfiyyat işləri nəticəsində müəyyən olunmuşdur. 24.02.1977-ci ildə yataqda ilk 1 №-li axtarış quyusu qazılmış, lakin məhsuldar olmasa da məhsuldar qatın litologiyası haqqında dolğun məlumat alınmışdır. Strukturun neftli-qazlılığı 1979-cu ildə 4 №-li axtarış quyusunda aparılmış sınaq işləri nəticəsində aşkar edilmiş və 1980-cı ilin aprel ayında sənaye istismarına verilmişdir. Yataqda neftlilik ilk dəfə 1979-cu ildə 4 saylı quyunun X horizontdan sınaq işləri zamanı 230 t/gün neft fontanı alınması ilə müəyyənləşdirilmişdir.

➢ 1983-cü ildən yataqda intensiv qazma işlərinə başlanmışdır. 1983-cü ildə qazma işləri 2 stasionar platformadan aparılıb (DDÖ-1, 2), növbəti illərdə isə 13 platforma tikilib istismara verilmişdir. Platformaların intensiv tikintisi 1985-1990-cı illəri əhatə edir. Yataqda ümumilikdə 15 platforma tikilmişdir. 1 saylı platforma texniki səbəbdən ləğv edilmişdir.

➢ «28 May» NQÇİ-nin balansında 5 - «Günəşli», «Çilov», «Cənub», «Cənub-2» və «H.Aslanov» dəniz yataqları vardır. Hazırda «Günəşli» və «Çilov» yataqları işlənmədədir. «Cənub», 2Cənub-2» və «H.Aslanov» dəniz yataqları hidrotexniki qurğuların təmiri ilə əlaqədar istismarını dayandırmışdır.

Kəşfiyyat sahələri: «Cənub -2», «Dostluq», «Dərinsulu Günəşli-Çıraq–Azəri» yataqlanının alt horizontları, Novxanı

➢ Çilov adasında 87 hektar ərazidə bu günə qədər 88 000 müxtəlif növ ağac və dekorativ kol əkilmiş və bundan əlavə 20 000 kvadratmetr ərazidə qazon örtüyü salınmışdır. Hər il Çilov adasından yığılan zeytun Zirə Zeytun Zavoduna təhvil verilir. 20 hektar ərazidə damcı suvarma sistemi çəkilmişdir. Hazırda ağacların suvarılması damcı suvarma sistemi ilə aparılır. Bundan əlavə, 20 hektar ərazidə də damcı suvarma sisteminin çəkilməsi üçün işlər davam etdirilir. (avadanlıqların bir qismi alınıb və çəkilməsi üçün podratçı şirkətlə müqavilə bağlanılıb.)

Suya olan tələbat iri çənlərə vurulan dəniz suyunun saflaşdırılması sayəsində ödənilir. Bu yolla suya olan təlabatı tam ödəmək mümkün olsa da, adaya gəmilər vasitəsilə su gətirilir.

➢ Çilov adasında 1 ədəd 300 m3-luq, 1 ədəd 500 m3-luq Əks-Osmos qurğusu quraşdırılaraq isifadəyə verilmişdir.

➢ 300 m3-luq Əks-Osmos qurğusu 2010-ci ildə istifadəyə verilmişdir.

➢ Məhsuldarlığı sutkada 300 m3 /gün.

➢ 500 m3-luq Əks-Osmos qurğusu 2011-ci ildə istifadəyə verilmişdir.

➢ Məhsuldarlığı sutkada 500 m3 /gün

➢ Bu yolla suya olan təlabatı tam ödəmək mümkün olsa da, adaya gəmilər vasitəsilə içməli su gətirilir.

Adanın sakini, 1-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olmuş Milli Qəhrəman Rasim İbrahimov haqqında oxucuları məlumatlandırmaq istərdim.

Əslən Füzuli rayonundan olan İbrahimov Rasim Səxavət oğlu 18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində anadan olmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır… 1977-ci ildə C. Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R. İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R. İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 28 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R. İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R. İbrahimov "Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!",-deyərək özünü qumbara ilə partladır.

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı Fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb və burada qəhrəmanımızın adına bağ salınıb.

2-ci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid Şahgündüz Cabbarov haqqında da oxucuları məlumatlandırmağı özümə borc bilirəm.

“Azneft” İstehsalat Birliyinin «28 May» NQÇİ-nin əməkdaşı olan Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçının Oğuldərə kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı göstərdiyi nizam-intizama görə Fəxri fərmanla təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olan Şahgündüz Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib və 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şahgündüz Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Səfərdən yüksək əhval-ruhiyə ilə ayrıldıq, dəvət etdiyinə görə SOCAR-ın rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

Zamin Məmmədov, “İki sahil”