01 noyabr 2024 11:30
225

Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır - TƏHLİL

Dövlət başçısı İlham Əliyev bildirir ki, əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir

“Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında  onu da bildirdi ki, əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir.  Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər: “İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni, bizim üçün aydın olsa da, geniş ictimaiyyət üçün aydın deyildi. Çünki vaxtilə xarici təbliğat Azərbaycanda o qədər kök salmışdı, özü də bir mənbədən yox, bir neçə mənbədən. Bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlaltıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər. Yəni, belə cəhdlər çox olub, amma güclü iradə və xalqımızın birliyi buna imkan verməyib. Bu gün də bu davam edir. Ona görə yenə də deyirəm, çox sadə meyarlar var. Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır. Kim bundan məyus olub və kim bu gün yenidən separatçılara ürək-dirək vermək istəyir, kim onları xarici ölkələrə dəvət edir, kim onlara vizalar verir, kim bizə qarşı müxtəlif alətlər vasitəsilə qarayaxma kampaniyası aparır, o, necə bizim dostumuz ola bilər?”

Azərbaycanın uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən dairələr daim ölkəmizə qarşı qərəzli təbliğatları ilə diqqətdə olublar. Bunun şahidi olmaq üçün 30 illik işğal dövrünün reallıqlarını yada salmaq kifayətdir. Bir mühüm məqamı da xüsusi qeyd edək ki, işğal dövründə bizə qarşı bu qədər açıq, təxribat xarakterli addımlar olmamışdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi,  çünki o işğal bizə qarşı olan qüvvələri tam qane edirdi . Çalışırdılar ki,  Azərbaycan dövləti daim təzyiq altında,  hansısa vasitəçilərə möhtac olsun,  xalqımız mənəvi əzab, qaçqınlıq əzabı çəksin. Torpaqlarını itirmiş xalqın duyğularını başa düşmək üçün böyük ağıla malik olmaq lazım deyil.

Azərbaycan 30 il işğal dövrünü yaşamaqla yanaşı, dünya güclərindən ədalət gözlədi. Bəyanatlarda Azərbaycana dəstək göstərən, Ermənistanın işğalçılıq siyasətini pisləyən bəzi dünya gücləri reallıqda işğalçıya dəstək göstərməklə vəziyyəti daha da gərginləşdirməyə çalışdılar. Artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədrlərinin 28 illik fəaliyyətləri dövründə missiyalarının nədən ibarət olduğunu dərk etmək istəməmələri də onların ikili standartlara əsaslanan siyasətlərindən qaynaqlandı.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bizə qarşı olan anti-Azərbaycan qüvvələrin maskaları dərhal yırtıldı və bu gün də biz bunu görürük. Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır. Bu məsələ ilə əlaqədar addımlarımızı atırıq və atacağıq.

Dörd il bundan öncə bu günlərdə 44 günlük İkinci Qarabağ müharibəsini yaşayan Azərbaycanın istər informasiya cəbhəsində, istərsə də döyüş meydanında üstünlüyü qazanmasını şərtləndirən mühüm amil təbliğatının real faktlara, tarixi həqiqətlərə əsaslanması, eyni zamanda, 30 il müharibə şəraitində yaşasa da hər sahədə daha da qüdrətlənməsi, möhkəmlənməsi, güclü orduya malik olması idi. Əbəs yerə deyilmir ki, ordun varsa yurdun var. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun daha da güclənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması həmişə prioritet məsələ kimi dövlətimizin həyata keçirdiyi siyasətin əsasında dayanır. Baxmayaraq ki, tarixi Zəfərə imza atıb, suverenliyimizi tam bərpa etmişik, cənab İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən  ordumuzun daha da gücləndirilməsini qarşıya əsas vəzifə kimi qoyur. Reallıq budur ki,  İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində  hərbi gücümüzü böyük dərəcədə artıb. Yeni silahlı birləşmələr yaradıldı. Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.

Əsas hədəflərdən biri də yerli hərbi sənaye kompleksini daha sürətlə inkişaf etdirməkdir. Hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. “Bir neçə xarici tərəfdaşla yeni istehsalat sahələrinin yaradılması artıq praktik müstəviyə keçibdir” söyləyən cənab İlham Əliyev bildirir ki,  növbəti bir-iki il ərzində hərbi sənaye kompleksimiz həm çeşidlərin sayına, həm də istehsal olunacaq məhsulların keyfiyyətinə görə daha böyük olacaq: “Burada bir neçə məqsəd güdülür. İlk növbədə, yerli hərbi sənaye kompleksinin yaradılması hər bir ölkənin ümumi gücünü və inkişafını göstərir. İkincisi, biz xarici mənbələrdən daha az asılı olmalıyıq. Təbii ki, bu asılılığı tam aradan qaldırmaq mümkün olmayacaq. Bunu da biz bilməliyik. Amma maksimum dərəcədə özümüzü yerli istehsalla təmin etməliyik. Bu sahədə, xüsusilə müasir dövrdə tətbiq olunan texnoloji yeniliklər bizim ümumi intellektual potensialımızı gücləndirəcək. Çünki bu sahədə çalışan kadrlar, öz işlərini tamamilə yeni, texnoloji və metodoloji əsaslar üzərində qururlar və quracaqlar.”

Tarixi Zəfərimizdən sonra, 2023-cü ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

Azərbaycanın uğurlarını, hazırkı dövrdə tarixi Zəfərini və suverenliyinin tam bərpa edilməsini həzm etməyən, böyük qısqanclıq hissi ilə qarşılayan qüvvələr qərəzli təbliğatlarını, sanksiyalar tətbiq etmək cəhdlərini davam etdirirlər. Bütün bu cəhdlər Azərbaycanın həqiqətlərə söykənən siyasətinin, hücum diplomatiyasının qarşısında heçə enir. Daim müstəqil siyasəti ilə dünyanın diqqətində olan Azərbaycan üçün milli maraqlar, xalqın iradəsi hər şeydən öndə dayanır. Xatırlasaq, Ümummilli Lider Heydər Əliyev artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllindən bəhs edərkən  dövlətin qətiyyəyinin, xalqın iradəsini və beynəlxalq dəstəyi əsas amil kimi önə çəkirdi. Dövlətimiz ən yüksək tribunalardan dəyişməz mövqeyini bəyan edir və sonadək  bu mövqedə dayanacağını bildirirdi. Bu mühüm məqam da xüsusi qeyd edilirdi ki, xalqın iradəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Xalqımızın münaqişənin həlli ilə bağlı  mövqeyi bəlli idi. Məsələ sülh yolu ilə öz həllini tapmazsa, hərb yolunun seçiləcəyi bildirildi. Rəşadətli ordumuz daim Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini gözləyirdi. 2020-ci il 27 sentyabr tarixində məlum səbəblərə görə Silahlı Qüvvələrimizə verilən “Hücum!” tapşırığı qısa müddətdə tarixi Zəfərimizlə tamamlandı.  Ötən ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərinin də səbəbi bəlli idi. 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilərək separatizmə birdəfəlik son qoyuldu. Tarixi ədalətin təntənəsi olan bu hadisə beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətlər tərəfindən obyektiv qiymətləndirilir, Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Təəssüf ki, bütün bunları həzm edə bilməyən, erməni lobbisinin təsiri altında olmaqla ikili standartlar mövqeyi tutan bəzi Qərb dairələri xarici müdaxilələr və hibrid təhdidlər vasitəsilə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. O da məlumdur ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi barədə  qərarın qəbul edilməsindən sonra xarici dairələrin ölkəmizə qarşı böhtan kampaniyası və ideoloji təxribatları daha da güclənib. Təbii ki, bu da gözlənilən idi. 200-yə yaxın ölkənin  dəstəyini qazanmaq, onların birgə qəbul etdikləri qərara əsasən noyabr ayında COP29 kimi mötəbər tədbirə ev sahibliyi etmək Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, möhkəmlənən mövqeyinin göstəricisidir.

   Azərbaycan uğurları, zəfərləri ilə Lider və düşünülmüş siyasət amillərinin  ölkənin inkişafında əsas factor olduğunu nümayiş etdirir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaradıldı. Ulu Öndərin qarşıya qoyduğu əsas hədəflərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması idi və  real həqiqətlərə söykənən təbliğatımız nəticəsində buna nail olduq. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdu. ABŞ Konqresinin  ölkəmizə qarşı “Azadlığı Müdafiə Aktı”na ədalətsiz “907-ci düzəliş”in tətbiqi ilə bağlı addımı da bunun bariz nümunəsidir. Azərbaycan ermənilərin və onlara havadarlıq edənlərin əsassız təbliğatları nəticəsində işğalçı Ermənistan işğala məruz qalan tərəf kimi qəbul olunurdu. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün bu cəhdlərin qarşısı alındı, Azərbaycanın ətrafında yaradılan informasiya  blokadası yarıldı.

  Azərbaycan hər zaman belə qərəzli yanaşmalarla üz-üzədir. Lakin qeyd etdiyimiz kimi, belə cəhdlər dövlətimizin məqsədyönlü siyasəti, diplomatik uğurlarımız sayəsində dəf edilir, qarşısı qətiyyətlə alınır. Prezident İlham Əliyevin  VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qeyd etdiyi kimi,  xarici dairələrin, xüsusilə Ermənistanın arxasında dayanan ölkələrin qəbul etdikləri qərarlar, qətnamələr və açıqlamalar vermələri Azərbaycana qarşı çirkin oyunların hələ bitmədiyini göstərir.

 Oktyabrın 3-də ABŞ-ın bir qrup konqresmeninin Dövlət katibinə müraciəti, oktyabrın 24-də  Avropa Parlamentinin qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə Azərbaycana qarşı növbəti qərəzin təzahürüdür. Sözügedən qətnamənin ölkəmiz üçün adi bir kağız parçası olduğu aydındır. Avropa Parlamenti ölkəmizə qarşı qərəzli mövqeyini mütəmadi olaraq qəbul etdiyi bu səpkili sənədlərlə təsdiqləyir. Hər dəfə Azərbaycan dövlətinin sərt münasibəti ilə üzləşsə də maraqların ədaləti və beynəlxalq hüququ üstələməsi bu cəhdlərini davam etdirməsinə yol açır.

Hazırkı dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasına dəstək olmaqdır. Yenə də eyni ab-hava özünü qabarıq şəkildə nümayiş etdirir. Bəzi dünya gücləri sözdə bu addımın atılmasının zəruriliyini bildirsələr də əməldə tamamilə fərqli bir yanaşma ortaya qoyurlar. Cızılan ssenarilər Ermənistanın müxtəlif oyunlar oynamasını şərtləndirir ki, bundan  zərbə alan elə özü olacaq.

Dövlətimizin başçısı İlham Əliyev yeni dövrün  başlanğıcı kimi dəyərləndirilən 7 fevral tarixində keçirilən prezident seçkilərində qələbəsindən sonra andiçmə mərasimindəki çıxışının sonunda diqqəti Azərbaycan-Ermənistan münasibətlərinə yönəldərək bildirdi ki,  çıxışımın sonunda bu məsələyə təsadüfən toxunmuram. Hesab edirəm ki, bu məsələnin əhəmiyyəti süni şəkildə şişirdilir. Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, deməli, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istəyirlər: “Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, biz bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Mən bunu demişəm, bu yüksək kürsüdən bir daha demək istəyirəm. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq… Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” Cənab İlham Əliyev bu fikirlərinin davamı olaraq bir müddət əvvəl Bakıda Aşıq Ələsgərin abidəsinin açılış mərasimində bildirdi ki,  təqvimimizə  kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq. Əsas çağırışlar sırasında bu məqam da xüsusi vurğulanır ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.

Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq  təmin edilir. Sabitlik bütün dünya üçün nümunədir. Bu reallıq inkaredilməzdir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin  aqibətini hər kəs yaxşı görür. Azərbaycan güclü dövlətdir və ildən-ilə  gücümüz artmaqdadır. Ölkəmizə qarşı   ideoloji təxribatlar  davam etsə də  onların bu günə qədər heç bir nəticəsi olmayıb. Çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır.

Yeganə Əliyeva, “İki sahil”