31 oktyabr 2024 22:57
239

Söyüş və təhqir istehsalçıları

Son vaxtlar sosial şəbəkələrdən - feysbukdan, instaqramdan  söyüş və təhqir tribunası kimi istifadə edənlərin, mənəvi dəyərlərini itirənlərin sayı sürətlə artmaqdadır. Bu bədbəxt adamlar kar və kor mislindədirlər, hər şeyi ancaq qara rəngdə görürlər və könüllərindən keçəni reallıq kimi qələmə verirlər. Aydındır: nəyin bahasına olursa-olsun “layk” almaq, siyasi gündəmdə qalmaq istəyirlər. Məşhur filosof Fridrix Nitşe də deyirdi ki, həyatda iki yolla ucalmaq olar - öz üzərində işləməklə və başqalarını alçaltmaqla. Birinci yol intelektualların, istedadların yoludur, odur ki, “bizim “qəhrəmanlar” ikinci yolu tuturlar. Ən pisi isə odur ki, artıq onlar auditoriyalarını genişləndirməkdə, “youtub” kimi böyük video-şəbəkələri zəbt edərək sosial bəlaya çevrilməkdədirlər.

Sosial şəbəkə siçovulları

İlk növbədə qeyd etmək lazımdır ki, bu adamların hamısını eyniləşdirmək olmaz. Onların əksəriyyətinin “iş” metodları eyni olsa da, mahiyyətləri və məqsədləri tamam fərqlidir. Onları şərti olaraq iki qrupa bölmək olar. Birincilər siyasi ambisiyaları olmayan, intelektdən uzaq, özəl məqsədlərə xidmət edən cılız adamlardır. Bu qrupu şərti olaraq, “ sosial şəbəkə siçovulları” adlandırmaq olar. Çünki siçovullar zibilin içində eşələndikləri kimi, bunlar da söyüşün, təhqirin içində eşələnirlər. Prinsipcə fərqi yoxdur, zira zibil insanın maddi tullantısı olduğu kimi, söyüş, təhqir də mənəvi tullantısıdır. İndi isə keçək “siçovulları”n bilavasitə özlərinə, görək bunlar kimdirlər və nə istəyirlər.

Məsələn, özünü bloqger adlandıran Məhəmməd Mirzəlinin onun əsas maraqları biznes maraqlarıdır. İş ondadır ki, “youtube”da kanal açdıqda və müəyyən baxış sayına malik olduqda, yaxşı pul qazanmaq olur. Məsələn, baxış sayı on mini keçərsə, siz reklamdan, alqı-satqıdan pul qazana bilirsiniz, sosial şəbəkələri öz biznesinizə cəlb edirsiniz və “youtube” özü də sizə pul ödəməyə başlayır. Amma bunun üçün savad, istedad olmalıdır, video-bloqger ən azı bir il konkret istiqamətdə işləməli və hər gün izləyiciləri maraqlandıracaq canlı video-süjetlər yükləməlidir. Bu keyfiyyətlərdən məhrum olanlar  ya bankrot olur, ya da tamam başqa, şərəfsiz, həm də zəhmətsiz qazanc yolu tuturlar. Axırıncılar özlərini tanıtmaq, baxış saylarını artırmaq üçün qəbul olunan və olunmayan bütün yollara əl atırlar. Məsələn, hər gün Azərbaycanın tanınan, hakimiyyətdə təmsil olunan şəxslərini, onların ailə üzvlərini (diqqət edin: ölüyə-diriyə, cavana-qocaya baxmadan) söyən, təhqir edən yeni-yeni video-süjetlər yükləyirlər. Doğrudur, bunun üçün xüsusi qabiliyyət lazım deyil, amma bütün mənəvi dəyərlərdən, abır-həyadan məhrum olmalısan. Unutmaq olmaz ki, “hamıya və hər şeyə söymək, tüpürmək” yolunu tutanlar hər şeylərini və hər yerlərini bazara çıxarmağa hazır olanlardır. Amma bunları yalnız nəticə maraqlandırır, nəyin bahasına olursa-olsun, yalnız cib pulla dolsun. Nəticə də göz qabağındadır. Savadlı, istedadla video-bloqgerlərin bir ilə nail olduqlarına bunlar söyüş, təhqir hesabına bir aya nail olurlar, baxışların sayını ən azı on minə qaldırırlar. Sonrası isə asandır, necə deyərlər, adi texnikadır.

Sual oluna bilər ki, niyə mən bunları belə detallı yazırıq? Tamamilə haqlı sualdır və bizim də bu suala tutarlı bir cavabımız var. Son vaxtlar “sosial şəbəkə siçovulları”na “youtub”da da, sosial şəbəkələrdə layiqli cavablar verilir. Amma ziyanlı olacaq məqamlar da var. Fikrimizcə, “siçovulları”n müxalifət adlandırılması bunlarlan birincisidir. Müxalifət siyasi ambisiyaları olan, bizim radikal müxalifətdən fərqli olaraq, ictimai rəyə təsir edə bilən, təşkilatlanmış sivil bir institutdur, demokratik cəmiyyətin atributlarından biridir. “Sosial şəbəkə siçovulları” isə yuxarıda dediyimiz kimi, cəmiyyətin mənəvi tullantıları arasında eşələnən məxluqlardır. Onların müxalifət (radikal, ya liberal – fərqi yoxdur) adlandırılması, az qala onlara siyasi status verilməsi, legitimləşdirilməsi anlamına gəlir. Odur ki, burda Dədə Qorquda ehtiyac yoxdur, hər kəsi və hər şeyi öz adı ilə çağırmaq lazımdır.

Siyasi dəllallar

“Sosial şəbəkə siçovulları”ndan fərqli olaraq bədbəxt adamların ikinci qrupu siyasi ambisiyalıdır, yəni konkret siyasi məqsədlər güdən, faktiki olaraq radikal maxalifəti təmsil edən adamlardır. Onları birincilərdən fərqləndirən əsas cəhət müəyyən siyasi savadlı və xeyli hazırlıqlı olmalarıdır. Oxşar cəhətləri isə məqsədə çatmaq üçün qəbul olunan və olunmayan bütün vasitələrdən istifadə etmələri, söyüşün, qarğışın içində eşələnmələridir. Elə bil ki, aqillər bu cür adamlara baxıb “siyasət çirkin şeydir” kəlamını dilə gətiriblər. Bu qrupun ən “parlaq” nümayəndələri isə, məlum olduğu kimi (qadınların adını çəkmirəm!), Qurban Məmmədov və Qənimət Zahidovdur.

Qurban Məmmədovla Qənimət Zahidovun mahiyyətləri bir olsa da, məqsədləri xeyli fərqlidir. Bu bədbəxt adamların hər ikisi siyasi dəllallıqla (yeri gəlmişkən, bu qrupu “siyasi dəllallar” da adlandırmaq olar) məşguldur, sözdə bir şeyi deyirlər, işdə isə başqa əməli törədirlər. Birinci Londonda oturub, “Azerfreedom” adlı bir televiziya qurub, xilaskar obrazı yaratmaq və siyasi ambisiyalarını bu yolla reallaşdirmaq istəyir. Odur ki, “məmə deyəndən pəpə yeyənə” kimi, Azərbaycanın içində və çölündə iqtidardan narazı olan kimsə varsa, öz televiziyasına dəvət edir və tribuna verir. Özündən olsa, bu narazıları internet-televiziya vasitəsilə öz ətrafında birləşdirmək, Bakıda ümumxalq mitinqləri keçirmək, bu mitinqlərin dalğasında Azərbaycana qayıtmaq və hakimiyyəti ələ keçirmək istəyir. Bir sözlə, yeni bir “İmam Xomeyni” obrazı yaratmaq niyyətindədir. Ancaq burada o, həmin dəvəquşu mislindədir - başını torpağa gizlədib, quyruğundan xəbərsizdir. Əvvəla, Qurban Məmmədov səviyyəli adamın Londonda oturub Azərbaycanda inqilab etmək istəyi “stəkanda fırtına qoparmağa” bənzəyir. Odur ki, onun verilişlərini maksimum iki-üç min adam izləyir. Sonra onun məqsədini siyasi ambisiyası olanların hamısı hiss edir və dərhal “Azerfreedom”u tərk edir. Sonda Qurban Məmmədovun meydanı da Pənah Hüseynov, Rəhim Qazıyev kimi “qoca qurdlar”ın ümidinə qalır...

Qənimət Zahidovun məsələsi isə bir az fərqlidir. Məsələ ondadır ki, o, 90-cı illərdən, hələ tələbəlikdən “Yurdçu”dur, yəni Əli Kərimovçudur. Bilənlər bilir, Qənimətin redaktor olduğu bütün dövrlərdə “Azadlıq” qəzeti bütün cəbhəçilərin yox, yalnız “Yurdçular”ın qəzeti olub. İndi bu adam oturub Fransada, “Turan” adlı bir televiziya açıb, Əli Kərimlinin reklamı, Azərbaycan iqtidarının antireklamı ilə məşğuldur. Bu televiziya da hazırda bütün müxalifətin yox, yalnız “Yurdçular”ın televiziyasıdır - Əli Kərimovun liderliyini qəbul etməyən hər kəs, hansı “siyasi məzhəb”ə qulluq edir-etsin, “Turan”a dəvət edilmir. İnternet televiziyanın auditoriyasını cəmiyyətdə mövqeyini dəyişməklə populyarlaşan qoca professorla (Cəmil Həsənli) siyasi düşərgəsinə xəyanət etmiş düşkün bir qadın (ad çəkmirəm!) təşkil edir. Odur ki, Qənimət meydanda tək qalır, faktiki olaraq özü danışır, özü eşidir. Bir sözlə, Qurban Məmmədovun müstəqil siyasətçi kimi özü üçün etmək istədiklərini Qənimət Zahidov sadiq bir “Yurdçu” olaraq Əli Kərimov üçün reallaşdırmaq niyyətindədir.

Maraqlı məqamlar

Yeri gəlmişkən, burada iki maraqlı məqam var. Deməli, bizim “siyasi dəllallar” nə qədər əlləşsələr də, xalqı ayağa qaldıra və Bakıda beş-on min nəfərlik icazəli etiraz mininqi keçirə bilmirlər. Bunların hətta bütün müxalifətin adından elan etdikləri mitinqlərə 2-3 mindən artıq adam gəlmir. Təbii ki, səbəblərini axtarırlar, araşdırırlar, başlarını sındırırlar və son nəticədə heçnə olmur.

İkinci maraqlı məqam  isə sözügedən internet-televiziyaların maliyyələşməsi ilə bağlıdır. Bu televiziyalar şübhəsiz ki, çox bahalı layihədir. Bizim “dəllallar” da məlum olduğu kimi, imkanlı adamlar deyillər, hər ikisi çoxuşaqlı kasıb ailənin çətinliklə ali təhsil almış övladlarıdır. Bizneslə də heç zaman məşğul olmayıblar, biri ömrü boyu vəkil işləyib, o biri də jurnalist. Bəs pul hardandır? Özləri israrla iddia edirlər ki, paranı Avropada, əsasən də Rusiyada yaşayan azərbaycanlılar ödəyir.

Nə etməli?

Yaxşı, bəs nə etməli? Bütün müqəddəs dəyərləri tapdalayan bu bədbəxt adamlarla necə mübarizə aparmalı? Əslində birincilərə qarşı mübarizə də əhəmiyyətsizdir. Çünki, bu, onların reklamına xidmət edir. Sadəcə olaraq, “axmaq itlər ulduza hürər” deyib boş vermək lazımdır. “Dəllallar”a gəlincə, onlar dövlət, cəmiyyət üçün təhlükəlidirlər, çünki xarici qüvvələrə xidmət edirlər, ölkədə sabitliyi pozmaq, “bulanıq suda balıq tutmaq” niyyətindədirlər. Odur ki, onların cavabı verilməli, cəmiyyət kimin kim olduğunu bilməlidir. Doğrudur, bu istiqamətdə müəyyən iş gedir, amma düşünürəm ki, yetərincə deyil. Yuxarıda qeyd etdiyimiz ki, onları birincilərdən fərqləndirən əsas cəhət müəyyən siyasi savadlı və xeyli hazırlıqlı olmalarıdır. Ona görə də onların qarşılarına yaxşı hazırlıqlı, siyasi cəhətdən savadlı insanlar çıxarılmalı, “siyasət dəllalları”nın mahiyyəti, məqsədləri faş olunmalıdır. Bu, hamımızın xeyrinə olar... 

Qalib Arif