01 noyabr 2024 09:53
315

Ordumuzda tətbiq olunan yeni təlim-təcrübə konsepsiyası: Döyüş bacarıqları, intellektual və texniki potensialın harmoniyası...

Azərbaycan Ordusu müasir dünya orduları sırasında gücü və hərbi hazırlığı ilə fərqlənən bir güc strukturu kimi tanınır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu günbəgün güclənməkdədir. Ordumuzun nailiyyətlərinə qısa nəzər salsaq görərik ki, hələ 2016-cı ilin 2  aprel tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Azərbaycan Ordusu dördgünlük aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Daha bir uğur Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı.

Nəhayət, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan ordusunun təxribatlarına cavab olaraq  əks-hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi Zəfərə imza atdı. Ötən il sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri isə cəmi 23 saat ərzində uğurla tamamlandı.

Azərbaycan Ordusunun qətiyyəti sayəsində əldə olunan bu qalibiyyətlər yalnız ölkəmizin təhlükəsizliyini təmin etmir, eyni zamanda, beynəlxalq arenada ordumuzun gücünü təsdiqləyir. Məhz bu səbəbdən Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasında yer alır. Bu fakt ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən də təsdiqlənmişdir. Siyahıda Azərbaycan Ordusu isə 29-cu yerdə qərarlaşıb.

“U.S. News and World Report” Azərbaycan haqqında digər mühüm məlumatları da təqdim edir. Qeyd olunur ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşir. Bu coğrafi kəsişmədəki ölkə 1918-ci ildən əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub, müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika statusunu qazanıb. Ölkə əhalisinin əksəriyyəti etnik azərbaycanlıdır, əhalinin böyük hissəsi  müsəlman olsa da Azərbaycan dini etiqad azadlığına zəmanət verən dünyəvi dövlətdir. Azərbaycan təbii ehtiyatlarla zəngin bir ölkədir və iqtisadiyyatı əsasən neft və digər enerji ixracına əsaslanır. Ölkə yüksək iqtisadi inkişaf və savadlılıq səviyyəsinə malikdir.

Azərbaycan Silahlı Qüvvələri, həmçinin NATO və digər beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Bu əməkdaşlıq ölkəmizin hərbi sahədə daha da təkmilləşməsinə töhfə verir. Müxtəlif ölkələrlə birgə hərbi təlimlərin keçirilməsi, mübadilə proqramları və beynəlxalq səviyyədə əldə edilən təcrübə Azərbaycan əsgərlərinin daha peşəkar və təlimli olmasına gətirib çıxarır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən yeniliklər və islahatlar ordunun maddi-texniki bazasını əhəmiyyətli dərəcədə gücləndirib. Ölkə daxilində yerli hərbi sənaye müəssisələri vasitəsilə ordumuz üçün müxtəlif növ silah və texnika istehsal olunmaqdadır. Bu, həm Azərbaycan Ordusunun texniki təminatını daha səmərəli edir, həm də hərbi asılılığını minimuma endirir. Müxtəlif növ atış sistemləri, tanklar, zirehli texnika, hava hücumundan müdafiə sistemləri və raket qurğuları Silahlı Qüvvələrimizin döyüş gücünü artırır.

Ordunun inkişafı yalnız müdafiə sektoru ilə məhdudlaşmır, həm də ölkəmizin siyasi nüfuzunun bir parçası kimi çıxış edir. Azərbaycan Ordusu beynəlxalq arenada sülhü dəstəkləyən fəaliyyətlərdə iştirak etməklə də seçilir. Ölkəmizin 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında, 2003-cü ildən 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada və 2002-ci ildən 2021-ci ilə qədər Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak etməsi də bunun göstəricisidir.

Yeri gəlmişkən, Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir. Yeni təlim-təcrübə konsepsiyası Müdafiə Nazirliyi tərəfindən ölkəmizin hərbi qüvvələrində daha müasir və məhsuldar  insan kapitalının formalaşdırılmasına yönəldilmiş mühüm addımlardan biridir. Bu konsepsiya istedadlı çağırışçıların hərbi xidmət müddətini yalnız döyüş hazırlığı ilə məhdudlaşdırmadan, onların malik olduqları texniki, elmi və peşə biliklərini təcrübəyə çevirməyə imkan yaradır. Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər. 

Ümumilikdə, konsepsiya Azərbaycan Ordusunun yalnız döyüş bacarıqları ilə deyil, həm də intellektual və texniki potensialı ilə gücləndirilməsi baxımından yeni bir addımdır.

Nigar Orucova, “İki sahil”