31 oktyabr 2024 09:28
215

Fransa müstəmləkə siyasətini davam etdirir

Bu gün Azərbaycan Fransanın müstəmləkəsi altında saxladığı xalqların hüquqlarını pozmasını, müstəqillik tələb edənləri  həbs etməsini, öldürməsini beynəlxalq səviyyədə ifşa etməkdədir

Müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan etsələr də təəssüf ki, neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına məhəl qoymurlar. Azərbaycan XXI əsrdə neokolonializmin hələ də davam etdirilməsinə son qoyulması, dünya ictimaiyyətinin diqqətinin bu problemə cəlb olunması üçün ardıcıl və fəal iş aparır. Təsadüfi deyil ki, bu gün Bakı Təşəbbüs Qrupu (BTQ) müstəmləkə zülmündən əziyyət çəkən xalqların azadlıq səslərinin çatdırılması, Fransa kolonializminin dünyada tanıdılması istiqamətində mütəşəkkil mübarizə platformasına çevrilib.

Sirr deyil ki, neokolonializmin ən bariz nümunəsi Fransanın timsalında təzahür edir. Bu ölkədə insan hüquq və azadlıqlarına münasibət birmənalı şəkildə fərqli standartlara əsaslanır.  Özünü dünyaya "demokratik" ölkə kimi sırımaq istəyən Fransa müstəmləkə siyasətini davam etdirir, özündən minlərlə kilometr uzaqda yerləşən ərazilərin sərvətlərini talayır, insanlarını kölə yerinə qoyur, beynəlxalq hüququ ayaqlar altına ataraq azadlıq, müstəqillik tələb edən yerli xalqların istəklərini qanla boğmaqdan belə çəkinmir. Bütün dünya Makron hakimiyyətinin Kanakidə  müstəqillik tələbi ilə ayağa qalxan kanaklara qarşı qəddarlıqla güc tətbiq etməsinə, etirazçıları öldürməsinə şahidlik etdi. Müstəmləkəçi ölkə Yeni Kaledoniyada törətdiyi qanlı əməllərin xarici aləmə sızmaması üçün informasiya blokadası həyata keçirir.

Yəni Azərbaycan neokolonializmlə mübarizəyə qətiyyətlə öndərlik edir və müstəqillik  uğrunda mübarizəyə qalxan yerli xalqların nümayəndələri Bakı Təşəbbüs Qrupu ətrafında birləşərək azadlıq səslərini daha gur şəkildə dünyaya çatdırırlar.  Bu günlərdə Bakı Təşəbbüs Qrupu tərəfindən “Müstəmləkəçilik və neo-kolonializmə qarşı beynəlxalq hüquqi mexanizmlər” adlı maarifləndirici broşür nəşr olunub. Broşürdə bir çox beynəlxalq təşkilatların konvensiyalarının müvafiq maddələri yer alıb. Müstəmləkəçilik və neo-kolonializmdən əziyyət çəkən xalqların maarifləndirilməsi məqsədilə nəşr edilmiş broşür BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilmiş “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı beynəlxalq konfransın iştirakçılarına təqdim olunub. Broşür müstəmləkəçilikdən əziyyət çəkən xalqlara öz hüquqlarını tanımaqla bağlı maarifləndirici məqsəd daşıyır. Broşürdə beynəlxalq təşkilatların müstəmləkəçilik və neokolonializm ilə bağlı konvensiyalarının müvafiq maddələri, bəyanatlar, xalqların hüquqları, Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 14-cü Zirvə görüşündə qəbul edilmiş bəyanat, müstəmləkəçiliyin tamamilə ləğv edilməsinə dair beynəlxalq təşkilatlarda qəbul edilmiş sənədlər, qərarlar yer alıb.

Fransa hazırda XVI əsrdə ispanların Latın Amerikası siyasətindən fərqli davranmır. İspanlar hansı vəhşiliklə İnka İmperiyasının başçısını siyasi riyakarlıq işlədərək məhv etdilərsə, Fransa “daha sivil” üsullarla, lakin mahiyyətcə ispan davranışindan fərqlənməyən üsullarla 13 müstəmləkə ərazisini talayır. Onların dilini, təhsilini, mentalitetini, mədəniyyətini, azad olmaq və müstəqil dövlət ola bilmək düşüncələrini vəhşicəsinə məhv edir. Ümumiyyətlə, Avropa dövlətlərinə xas olan bu xüsusiyyəti B.Anderson, P.Feyerabend, O.Şpenqler və digər vicdanlı alimlər kəskin tənqid etmişlər. Onlar açıq yazmışlar ki, avropalılar özlərinin qərəzli, riyakar və müstəmləkəçi siyasətləri ilə çox sayda tayfaları, onların mədəniyyətlərini, mental özəlliklərini məhv etmişlər və bununla, bütövlükdə, dünyaya böyük zərər vermişlər. Fransanın müstəmləkəçiliyinə qarşı üsyanlar həmişə olmuşdur və indi də davam edir. Təsadüfi deyildir ki, Bakı Təşəbbüs Qrupunun tədbirlərinə müstəmləkə altında olan Afrika ölkələrinin təmsilçiləri aktiv surətdə qatılır və Fransanın orada etdiklərini sərt formada tənqid atəşinə tuturlar. Deməli, Bakı afrikalılara öz haqlarını tanımaqla yanaşı, onun uğrunda hüquqi mübarzə aparmağı da öyrədir.

Şəmsiyyə Əliqızı, “İki sahil”