31 oktyabr 2024 00:57
268

Bunlar deputatdırlar, yoxsa qoçu?

Azərbaycan xalqı avropalı ədəbazları özünə vəkil tutmayıb

Avropada bir neçə iblis yuvasından Azərbaycana qarşı arası kəsilməyən hücumlar təşkil olunur. Açıq görünür ki, ölkəmizin dünyada artan nüfuzu iblislərin yuxusunu ərşə çəkib. İqtisadiyyatımızın sürətlə güclənməsi nəticəsində İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm Qələbəsindən sonra imkanları olan hər yerdən zərbə vurmağa çalışır. Bunlar sadəcə gözügötürməzlik deyil, müsəlman ölkələrinə nifrətdən irəli gəlir. Ona görə də noyabr ayında dünyanın əksər ölkələrindən dövlət başçılarının və ya nazirlərinin Bakıya COP29 konfransına gələcəyi Avropa parlamentarilərini əməlli-başlı çaşdırıb. Onlar şok vəziyyətində  dövlətimizi təhdid etməkdən, ona şər atmaqdan, Azərbaycanın daxili işlərinə qarışmaqdan belə çəkinmirlər. Daim Ermənistanın işğalçılığına göz yuman avropalı "demokratlar" Azərbaycanı şantaj etməkdən, ona böhtan yağdırmaqdan və təhdid etməkdən yorulmurlar. Təhdidlərə meydan açan ermənipərəst Avropa Parlamenti COP29 kimi nəhəng beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə etmək üçün dəridən-qabıqdan çıxır.

Siyasətdən başı çıxmayan hər bir sadə soydaşımız da Qərbin buyruqçusu olan beynəlxalq təşkilatları ölkəmizin üzərinə qısqırtdığını yaxşı bilir. Bu cür böhtan və təhdidlərə səbir və təmkinlə yanaşan Azərbaycan rəhbərliyi nəhayət, Avropa Parlamentinin ədəb-ərkandan çıxan təhdidlərinə cavab verməyə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 29-da keçirilən iclasında bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qətnamə təhdid, yalan və böhtanlarla doludur: “Milli Məclis Azərbaycana qarşı yalan, təhdid və tələblərin yer aldığı qətnaməni qətiyyətlə rədd edir. Bu, Cənubi Qafqazdakı sabitliklə barışmayan qüvvələrin növbəti addımlarından biridir. Avropa Parlamentinin addımı dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaq deməkdir. Avropa Parlamenti COP29 kimi beynəlxalq tədbirdən Azərbaycana qarşı istifadə edir. Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır. Amma ölkəmizə qarşı hansısa qərəzli, təhdid ritorikasını və tələbləri rədd edirik”.

 Özlərini deputatdan daha çox qoçu kimi aparan Avropa parlamentarilərinə daha bir cavab isə xalqımızın dərin nifrətidir. Bunu özləri haqq ediblər. Yaxşı olar ki, onun-bunun üstünə xoruzlanmaqdansa güzgüdə özlərinə baxsınlar, indiyədək törətdikləri əməllərinə düzəliş etsinlər, gözağartmalarına son qoysunlar, öz işləri ilə məşğul olsunlar. Azərbaycan xalqı Avropa parlamentarilərini özünə vəkil tutmayıb.

Vəli İlyasov, "İki sahil"