Gürcü xalqının gerçəkləşən arzusu, qazandığı Qələbə regiona sülh, əmin-amanlıq gətirəcək
Cənubi Qafqazın kor bağırsağı kimi bölgənin siyasi ab-havasını zəhərləyən Ermənistanda məskunlaşandan sonra bölgə dövlətlərinə də xain əllərini uzadan Birləşmiş Ştatların əl buyruqçusu olan, istənilməyən ölkədə münaqişələr yaratmaq üçün katalizator rolunu oynayan Qərbdən istifadə edən ABŞ öləziməkdə olan ocağa odun atmaqda davam edir. Aylardan bəri Gürcüstanda kök salıb ölkənin daxili və xarici siyasətini istədikləri səmtə yönəltmək üçün maliyyələşdirdikləri müxalifyönlü qeyri-hökumət təşkilatlarından istifadə edən Qərb strateqləri dəryada balıq, səhrada qum sevdasından əl çəkmirlər. Bu günlərdə Gürcüstanda keçirilən seçkilərdə hakim «Gürcü Arzusu- Demokratik Gürcüstan» Partiyasının qalib gəlməsi xarici dairələr kimi, daxili antimilli qüvvələri də məyus edib. Cənubi Qafqazda ayırıcılıq siyasətini Gürcüstanda davam etdirməklə bölgəyə tam sahib olacağını düşünən Avropa İttifaqı (Aİ) və digər Qərb təsisatları bu ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində iğtişaşlar üçün zəmin hazırlıqlarına başladılar. «Xarici təsirin şəffaflığı haqqında» qanun layihəsinin parlamentdə keçirilən müzakirələrdə məğlubiyyətə uğrayacaqlarını hiss edən xarici dairələr Tbilisinin küçələrində davamlı etiraz aksiyaları təşkil etməklə niyyətlrinə çata biləcəklərini düşünürdülər. Lakin səsvermə prosesində «Gürcü Arzusu»nu dəstəkləməklə birlik nümayiş etdirən xalq istəyinə nail oldu.
Seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyən xarici müşahidəçilərin bəyanatlarına baxmayaraq Gürcüstan hakimiyyətinə təhdid və təzyiqlərini artıran Qərb dövlətləri hələ də «Bəlkə də qaytardılar!» iddiaları ilə qarışıqlıq salmaq mexanizmlərini gücləndirirlər.
ABŞ-ın Dövlət katibi Antoni Blinken, Böyük Britaniya XİN-i, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel goreşən kimi pozuntular axtarır, nəticələrin yenidən araşdırılmasını tələb edirlər. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller daha da irəli gedərək «Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir» təhdidi ilə danışır. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində «seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər olduğunu» iddia edir. ABŞ-ın, Qərbin sözçüsü kimi Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı olmayan Kanada isə səlahiyyəti çatmasa belə seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətində olduğu «xəbərdarlığını» bildirir. Seçkilərin nəticələrinə kölgə salacaq heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və ABŞ-ın hər göstərişinə «amin» deyərək ortada dolanan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki hibrid müharibəyə başlayıblar. Moldovada seçkilərin nəticələrinin saxtalaşdırılmasında həmişə istifadə etdikləri «təcrübələrini» Gürcüstanda da tətbiq etməyə çalışan ABŞ və Fransa gürcü xalqının birlik və həmrəyliyi qarşısında «sinifdə qaldılar.»
Qərbin məqsədi idarə etdiyi Ermənistandan sonra Gürcüstanda da öz maraqlarına uyğun oyuncaq hökumət formalaşdırmaq, ölkəni ekspansiya platformasına, Cənubi Qafqazı Qərb-Rusiya qarşıdurma məkanına çevirməkdir. Amma bu plan baş tutmadı. Gürcü xalqı, qonşu ölkədə yaşayan azərbaycanlılar da daxil olmaqla buna imkan vermədilər. Seçkilərin xalqın istəyinə uyğun nəticələnməsində gürcü xalqının yanında olduğunu bildirən Azərbaycan ABŞ- a, Qərbə birmənalı olaraq göstərdi ki, rəsmi Bakının iradəsi olmadan regionda heç bir layihə baş tutmayacaq. «Gürcü Arzusu»nun qələbəsi Gürcüstan hakimiyyətin son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində göstərdiyi qətiyyətin uğurlu nəticəsi idi. Ölkənin daxili işlərinə kənar dairələrin müdaxiləsinin qarşısının alınması, Gürcüstanda Qərbin əlaltılar şəbəkəsinin tam yığışdırılması üçün bundan sonra daha inamlı addımlar atılacaq.
Fransaya bağlılığı daim hiss olunan Gürcüstanın Prezidenti Salome Zurabişvilinin ölkədə siyasi sabitliyi gərginləşdirən müxalifəti hakimiyyətə gətirmək planları pozuldu. Ermənistanı özünün siyasi müstəmləkəsinə çevirmiş Fransanın Gürcüstana nəzarəti də ələ keçirməklə, Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək cəhdləri iflasa uğradı. Artıq bütün dünya ictimaiyyəti də gördü ki, «Gürcü arzusu»nun uğuru Cənubi Qafqazın gələcək taleyində önəmli təsirə malik geopolitik faktordur. Dünya nəhəngləri Gürcüstandakı seçkiləri geopolitik mübarizənin predmetinə çevirmək niyyətlərindən əl çəkməlidirlər. «Gürcü Arzusu»na daim dəstək verən bu ölkə ilə əməkdaşlığın gücləndirilməsini bölgədə sabitliyin təminatında başlıca faktor hesab edərək region dövlətləri gürcü xalqının qələbəsinə tam dəstək göstərirlər. ABŞ-ın, Avropa İttifaqının, Fransanın Cənubi Qafqaz arzusunu «Gürcü arzusu»nda boğan xalq maraqlı dairələrin «rəngli inqilab» ssenarilərinin qarşısında «qırmızı işıq» yandırdı. Artıq xalq yeni parlamentdə təmsil olunan hakim partiya təmsilçilərinin ölkədə sabitlik yaradacağına tam əmindir. Hələ də ABŞ-dan, Avropa İttifaqından, Fransadan təlimat gözləyən gürcü müxalifətinin ölkəni qarışdırmaq imkanları da tükənib. Gürcüstan oyuncaq Ermənistanın yolu ilə getmək niyyətində deyil.
Mövcud vəziyyətdən ən çox məyus olan Fransadır. Gürcüstanın da Qərbə inteqrasiyasında maraqlı olan və artıq təklənən Ermənistandır. Gürcüstan parlamentinin 150 deputatının əvvəlki kimi qarışıq sistemlə deyil, tam proporsional sistem üzrə seçilməsi özlərinə sərf edən məqamda «demokratiya» tərəfdarı olduqlarını başqalarının daxili işlərinə müdaxilələri ilə pərdələyən, « insan hüquqlarını qoruyan» mələk cildinə girən ABŞ-ın , Qərbin iç üzünü göstərdi. Siyasi cəhətdən tam yetkinləşməmiş gənclərə ümid bağlayan ölkə müxalifətinin bu gedişləri də baş tutmadı.
Təbii ki, Gürcüstan hökuməti qarşıdakı illərdə Qərblə rəsmi Vaşinqtonla münasibətlərə yenidən baxacaq. Qəbul olunan qərarlarda, ölkədə aparılan islahatlarda «Gürcü arzusu» ətrafında birləşən xalqın mənafeyinə üstünlük veriləcək. Avrointeqrasiya kursu Gürcüstanın dövlətçilik maraqlarına uyğun davam etdiriləcək. Hələ də etiraz aksiyalarının təşkilinə çalışan müxalif qüvvələrin ölkədə sabitliyin pozulması, vətəndaş qarşıdurması yaratmaq cəhdlərinin qarşısı dərhal alınacaq. «Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» sözləri ilə Qərbə xəbərdarlıq edən Prezident İlham Əliyev bölgədə Suriya, İraq, Əfqanıstan variantını təkrarlamaq istəyənlərə «STOP» deyir.
Xuraman İsmayılqızı, «İki sahil»