İspaniyanın cənub və şərqini vuran tufan və sel nəticəsində 4 nəfər həlak olub, çoxlu sayda avtomobili sel suları aparıb, bəzi binaların damları uçub.
“İki sahil”in məlumatına görə, ölkənin şərqindəki Albasete şəhərinin Letur qəsəbəsində çoxlu sayda insanı sel suları aparıb. Letur Bələdiyyə sədri Sergio Marin Sanchez verdiyi açıqlamada axtarış-xilasetmə qruplarının itkin düşən üç və ya dörd nəfəri axtardığını bildirib: "Bəzi insanlar avtomobildə, bəziləri evdə idi".
Valensiyanın şərqindəki Alkudiya qəsəbəsində polis, sel suları tərəfindən götürülərək itən şəxsin axtarışlarının davam etdiyini bildirib. Valensiyada qeydə alınan görüntülərdə bir adamın sel sularında sürükləndiyi anlar ictimaiyyətlə paylaşılıb.
Əndəlus bölgəsində leysan yağışlar nəticəsində 276 sərnişini daşıyan sürət qatarı relsdən çıxıb. Qəzada insan tələfatı və yaralanan olmasa da, axtarış-xilasetmə qrupları seldə qalan sərnişinləri helikopterlərin köməyi ilə təxliyə edib.
İspaniyanın hakimiyyət orqanları bölgədə əlverişsiz hava şəraitinin davam edəcəyi gözlənildiyi üçün vətəndaşları diqqətli olmağa çağırıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”