28 oktyabr 2024 11:47
162

Dünya niyə düzəlmir, baba?!

Bu ritorik sualın dəqiq cavabı artıq iki əsrdir Yer kürəsini qan okeanında boğan bədnam “Maltus nəzəriyyəsi”nin dərin qatlarında gizlədilir

Tərəfsiz tərəfdə düz oğlu düzlər!

Tərəfgir tərəfdə silah, qan-qada!

Çayını itirən mavi dənizlər

Çırpınıb, boğulur göz qabağında.

Dünya düzəlmir ki, düzəlmir, baba!

Araşdırmaya  ünlü şairimiz Məmməd Arazın bugünümüzün real beynəlxalq mənzərəsini zərgər dəqiqliyi ilə əks etdirən məşhur şeirindən bu misralarla başlamağımız səbəbsiz deyil. Həqiqətən də bu gün dünya nəinki Məmməd Arazın təbirincə desək  düzəlmir, əksinə, hər birimizin ümumi evimiz olan Yer adlı planet məhvərindən qopub birdəfəlik məhv olmaq təhlükəsi ilə üz-üzədir. Birinci və İkinci Dünya müharibələrini nəzərə almasaq, əgər ötən yüzillikdə və XXI əsrin ilk onilliyində milli, etnik, dini zəmində münaqişələrin, lokal müharibələrin ünvanı əsasən müsəlmanların yaşadıqları Yaxın Şərq, Afrika ölkələri, Cənubi Qafqaz regionu  idisə, artıq bu tip hərbi qarşıdurmalar sürətlə zaman-zaman həmin toqquşmaları körükləyib alovlandıran xristian Qərbinin, necə deyərlər, qulağının dibinə sıçramaqdadır. İstəsək də, istəməsək də bü günün mənzərəsi belə bir reallığı tam çılpaqlığı ilə ortaya qoyur ki, yalnız Yaxın Şərqdə, Afrika qitəsində deyil, artıq dünyanın aşağı, yuxarı bütün nöqtələrində, necə deyərlər, it izi at izinə qarışıb.

Bu oyunda kim uduzur, kim udur?..

Maraqlı sualdır, deyilmi? Gəlin, bu suala cavab tapmaq üçün  bir anlığa  dünyanın bugünkü real mənzərəsini göz önünə gətirək.   Rusiya ilə Ukrayna arasında  3 ilə yaxındır davam edən, getdikcə daha amansız şəkil alan, indiyədək hər iki tərəfdən, xüsusilə Ukraynadan aralarında uşaq, qadın, qocaların da olduğu 1 milyondan artıq insanın ölümü, yaralanması, yüzlərlə kənd, qəsəbə, şəhərlərin yerlə-yeksan edilməsi, milyonlarla dinc sakinlərin qaçqına, məcburi köçkünə çevrilməsi və digər ağlasığmaz faciələrlə müşayiət olunan qanlı savaşın sonu görünmür. Əsasən mülki insanların amansız soyqırımı ilə müşayiət olunan Qəzza zolağında HƏMAS-İsrail, Livanda İsrail- “Hizbullah” toqquşmaları (rəsmi statistikaya görə, İsraillə HƏMAS arasında ötən il oktyabrın 7-də  başlanan müharibədə bu günədək 42  min 603 nəfər  dinc fələstinli həyatını itirib və 100 minə yaxın  insan yaralanıb. Onlardan 17 min nəfəri uşaq, 11 min 378-i isə qadındır.  İsrail ordusunun  bu il oktyabrın 8-dən  etibarən Livan ərazisinə  endirdiyi zərbələr nəticəsində isə 104-ü uşaq, 194-ü qadın olmaqla ölənlərin sayının 2.546 nəfərə, yaralıların  isə 11.862- yə çatdığı bildirilir), ABŞ və Çin arasında Tayvan bəhanəsi ilə, əslində isə dünyaya ağalıq etmək uğrunda gündən-günə şiddətlənən “soyuq müharibə”, Birləşmiş  Ştatların, bəzi Qərb dövlətlərinin, xüsusilə hələ də ənənəvi kolonializm siyasətinin dadı damağından getməyən Fransanın, Niderlandın, Almaniyanın və digər Avropa güclərinin Cənubi Qafqazda artıq Azərbaycanın indiyədək misli görünməmiş peşəkarlıqla söndürdüyü separatizm ocağını yenidən alovlandırmaq üçün vassal Ermənistanı sürətlə silahlandırmaları, İranın Yaxın Şərqdə hegemonluq arzusu - bütün bunlar onsuz da  gərgin olan qlobal geosiyasi durumu nəzarətdən çıxarıb sonu görünməyən fəlakətlərə düçar etmək məqsədi güdür.

Təbii ki, qlobal qarşıdurmalar,  etnik və dini zəmində  məhəlli münaqişələri, lokal müharibələrlə müşayiət olunan dünyanın bügünkü  faciəli durumunda udanın  bu prosesləri pərdə arxasından məharətlə idarə edən beynəlxalq güclər,  uduzanın isə hansısa gözəgörünməz əlin zorla itələyib savaş meydanına atdığı zəif və çarəsiz ölkələr və xalqlar olduğunu görməmək mümkün deyil. Bir sözlə, bu oyunda hələlik rəsmən elan olunmasa da  udan da məlumdur, uduzan da... Yenə də böyük şairimiz Məmməd Araz demişkən, bəs, peşimanı kim olacaq? Bu barədə bir az sonra...

Yer kürəsində dəhşətli bir kabus dolaşmaqdadır

Bu kimi lokal hərbi və diplomatik savaşlar  ayrı-ayrı regionlarda yeni münaqişə ocaqlarını körükləyərək Üçüncü Dünya müharibəsi ab-havası yaradır. Əslində, artıq Üçüncü Dünya müharibəsinin başlandığını iddia edənlər də var. Çünki bu gün Yer kürəsinin demək olar elə bir guşəsi  yoxdur ki, orada ölümsaçan silahların atəşi can almasın.

Görünən odur ki, artıq iki əsrdir  bütün dünyanı sirkələyən lokal məhəlli müharibələri, gözəgörünməz savaş vasitəsi kimi düşünülüb bəşəriyyətin tədricən məhvinə fokuslanmış  epidemiyalar sanki bir gizlin əl vasitəsilə Maltusun ideyalarını gerçəkləşdirir. Maraqlıdır ki, bu gün “maltusçuluq kabusu” (bunu maltusizm də adlandırmaq olar)  daha dəhşətli, daha qorxunc epidemiya kimi Yer kürəsində dolaşarkən kütləvi insan qırğınlarına  qol qoyanlar,  sözdə demokratiyadan, insan hüquq və azadlıqlardan dəm vurub əməlləri ilə gorbagor ingilis keşişinin ideyalarını həyata keçirənlər heç zaman, heç yerdə ideya babalarının adını  çəkmir, antibəşəri davranışlarında “Maltus nəzəriyyəsi”nə əsaslandıqlarını dillərinə belə gətirmirlər.

Bunu açıq şəkildə söyləməsələr də əslində bu gün dünyanı qan okeanına çevirmələrinin ideya köklərini özlərinin təbliğat ruporları vasitəsilə çox incə metodlarla dünya ictimaiyyətinə sızdırırlar.   Məsələn, bu yaxınlarda "Time" jurnalının köşə yazarlarından biri “Maltus nəzəriyyəsi”nə sadəcə haqq qazandırmaqla kifayətlənmir, hətta utanıb-qızarmadan bu avantüristi peyğəmbər adlandırmaqdan belə çəkinmirdi. Həftəlik "Nyu Statesman" nəşri  də dövriyyəyə  Maltusa haqq qazandıran fikirlər buraxır. "Yer kürəsi bu qədər insanı doyuzdura biləcək qədər zəngin deyil" yazan nəşr  bununla Maltusun haqlı olduğunu söyləyir. Bu siyahiya məşhur "The Guardian" qəzetini də əlavə etmək olar. Bu qəzetin səhifələrində yer alan melanxolik ruhda yazılmiş məqalədə qeyd olunur ki, təkamül nəzəriyyəsinin yaranmasında Çarlz Darvini ilhamlandıran Tomas Maltus haqlıdır. Dünyaca məşhur "Nyu York Times" qəzetinin köşə yazarı da  bu xor kapellasına  qoşularaq qələmə aldığı yazılardan birinə hətta "Maltus haqlıdır" sərlövhəsini qoymaqdan belə çəkinməyib. Bu təriflərdən ibarət xor kappelasının iddialarına  diqqət yetirdikdən sonra insanın aglına belə bir məntiqi sual gəlir: Axı, kimdir bu Maltus və hansı məsələdə haqlıdır?

Doğrudan da, Maltus kimdir axı və o, nə deyirdi?..

İngilis ruhanisi və iqtisadçısı Tomas Robert Maltus (1766-1834) 1798- ci ildə (bəzi mənbələrə görə 1789-cu ildə) yazdığı 120 səhifəlik "Əhalinin sayı (populyasiyası) nəzəriyyəsi" kitabı ilə məşhurlaşıb. Kitabın elə  ilk səhifələrində onun əhali artımı haqqında nəzəriyyəsi ilə tanış olmaq mümkündür. Tarixə “Maltus nəzəriyyəsi” adı daxil olmuş bu “təlim”ə görə, Yer kürəsində  əhalinin sayı həndəsi, maddi nemətlər isə ədədi silsilə ilə artır. Bu proporsiya tənzimlənməyəcəyi (yəni, əhalinin sayı məcburi qaydada azaldılmayacagı!-red.) halda aclıq, səfalət və böhran qaçılmaz olacaq. Maltus fikrinə sübut kimi  hətta  belə bir düstur da irəli sürürdü: : "Hər 25 ildə əhali 2 dəfə, yəni, həndəsi silsilənin rəqəm sırası kimi — 2, 4, 8, 16, 32, 64 … arta bilər, yaşayış vasitələri isə ən yaxşı halda həmin vaxt ərzində ədədi silsilə üzrə — 1, 2, 3, 4, 5, 6, 7… arta bilər. İki əsrdən sonra əhali yaşayış vasitələrinə qarşı 256-nın 9-a nisbəti şəklində olar. Üç əsrdən sonra 4096-nın 13-ə olan nisbəti kimi olar. İki min ildən sonra isə bu nisbət sonsuz olar və hesablanması qeyri-mümkün olar. Ona görə də əhalinin artımı nəzarətə götürülməlidir."

İqtisadçı professor, alim-demoqraf elmi titullarını, nəhayət, kənd kilsəsinin keşişi qiyafəsində din  xadimi statusunu daşıyan Tomas Maltus “əhalinin artımı nəzarətə götürülməlidir” deyərkən heç də doğumu azaltmağı deyil, əslində, necə deyərlər, “əl-ayağa dolaşan ikinci, üçüncü növ dünya xalqlarını” müharibələrlə, epidemiyalarla, kütləvi qırğın silahları ilə məhv etməyi nəzərdə tuturdu. Başqa sözlə, iqtisadçı-keşişin  bu üzdəniraq “nəzəriyyəsi” sələflərinin orta əsrlərdə müsəlman Şərqinə qarşı həyata keçirdikləri “Səlib (oxu: xaç) yürüşü”nün yeni  dövrə, yəni XIX əsrə və ondan sonrakı yüzilliklərə transformasiyası məqsədinə xidmət edirdi. O, hətta yer üzündə əhalinin sayını azaltmaq  üçün dünyanın kasıb ölkələri arasında  permanent lokal müharibələrin təşkilini, epidemiyaların yayılmasının zəruriliyini açıq şəkildə bəyan etməkdən çəkinmirdi.

Bəs, Maltus  ideyasında  haqlı idimi?..

Birmənalı vurğulamaq olar ki, qətiyyən yox! “İki əsrdən sonra əhali yaşayış vasitələrinə qarşı 256-nın 9-a nisbəti şəklində olar” iddiasında bulunan Maltusun dediyi həmin iki əsrdən sonrakı dövr artıq gəlib.  Qaragüruhçu keşişin “dahiyanə” hesablamaları  özünü doğrultmuş olsaydı  gərək indi yer üzündə  ac-yalavac insanlar, necə deyərlər, bir-birlərinin ətini yeyəydilər. Amma son 80 ilin  reallıqları sübut etdi ki, bu üzdəniraq “nəzəriyyə” cəfəngiyyatdan başqa bir şey deyilmiş. Faktlar və rəqəmlər bunu bir daha sübut edir.

Statistik məlumatlara görə, son 80 ildə dünyada ölkələrin sayı 1944-cü ildəki 99-dan bu gün 200-ə yaxınlaşıb. Eyni dövrdə dünya əhalisi üç dəfədən çox artaraq təqribən 2,3 milyarddan 8 milyarda çatıb. Bu müddətdə qlobal ÜDM isə on dəfədən çox artıb. Əgər 1981-ci ildə dünya əhalisinin 40 faizindən çoxu ifrat yoxsulluq şəraitində yaşayırdısa, son 40 ildə bu rəqəm 8 faizə enib və planetin sakinlərinin yarıdan çoxu bir sıra parametrlərə görə orta təbəqəyə çevrilib.

Kondoliza Rays nəyə işarə edirdi?..

Bax, neomaltusçuların yuxularını ərşə çəkən də məhz reallığı əks etdirən bu faktlar və rəqəmlərdir. Onlar hazırda bu artımı durdurmaq, çağdaş dünyamızı  Maltusun  iki əsr öncə tərtib etdiyi bədnam “düstura”  uyğunlaşdırmaq üçün gecəni gündüzə qataraq baş sındırmaqdadırlar. Bu məqamda 2005-2009-cu illərdə ABŞ-ın Dövlət katibi  olmuş Kondoliza Raysın böyük təlaş içində səsləndirdiyi bəyanatı xatırlamamaq olmur: ˝Dünya sərvətlərinin 20 faizindən çoxu təkcə Rusiya ərazisində yerləşir. Bu, ədalətsizlikdir.˝ “Bu ədalətsizliyin”  lənətə gəlmiş Maltusun  bədnam “həndəsi və ədədi silsilə nəzəriyyəsi” ilə necə üst-üstə düşdüyünü hiss etdinizmi?! Raysın  iki cümləlik sensasiyalı bəyanatının açması təxminən belə idi: Bu “ədalətsizliyi” aradan qaldırmaq üçün Rusiya elə bir labirintə salınmalıdır ki, üzun illər bu məchul dalandan çıxa bilməsin və son nəticədə yaxın keçmişdə dünyaya meydan oxuyan sələfi SSRİ kimi nəhəng imperiyanın  acı taleyini yaşasın.

Məlumdur ki, SSRİ-nin çökməsinin əsas səbəblərindən biri  o zaman kütbeyin Kreml rəhbərliyinin ABŞ-Qərb tandeminin fitvasına uyaraq Əfqanıstana qoşun yeritməsi idi. Bu bahalı müharibədə taqətdən düşmüş sovet iqtisadiyyatı gözləmədiyi ikinci ağır zərbəni ABŞ başda olmaqla kollektiv Qərbin  gizli “direktivi” əsasında  neftin kəskin ucuzlaşmasından aldı. Bəzi məlumatlara görə, ABŞ Səudiyyə Ərəbistanı ilə anlaşaraq neft qiymətlərini 10 dolların altına endirə bildi. Bu ikili zərbə isə son nəticədə SSRİ-nin məlum sonunu gətirdi.

Dünyanın gözləri qarşısında qanlı bir tamaşa oynanılır

Bu gün ABŞ və onun dirijor çubuğu, bir az da tündləşdirməli olsaq, məşhur  Azərbaycan televiziya tamaşasında deyildiyi kimi, “Fatı dur, Fatı otur!” əmri əsasında hərəkət edən  kollektiv Qərb eyni pərdəarxası oyunu xanım Kondoliza Raysın bəyanatında yer alan “ədalətsizliyi” aradan qaldırmaq üçün  SSRİ-nin süqutundan sonra  özünü bu imperiyanın  varisi elan etmiş Rusiyaya qarşı oynamaqdadır. Bu gün həm Rusiyanı, həm də Ukraynanı sürətlə çıxılmaz labirintin dərinliklərinə sürükləyən oyunun əsl səbəblərini üzə çıxarmaq üçün yaxın tarixi keçmişə, təxminən otuz il əvvələ qiyabi ekskurs etməyə ehtiyac yaranır...

SSRİ dağılıb, Yeltsin Rusiyası çökmək üzrədir. Mağazaların piştaxtalarında duz və sirkədən başqa heç nə yoxdur. Belə ağır durumda ABŞ ˝köməyə” gəlir, kreditlər ayrılır, özəlləşdirmə aparmaq üçün prosesə qərbli məsləhətçilər cəlb olunur. Nəticədə Rusiyanın, xüsusilə Sibirin zəngin neft və qaz  sərvətlərinin ən qiymətli hissələri qərbli investorların əlində cəmləşir. Belə bir vəziyyətdə “demokrat” Boris Yeltsinin səxavəti sayəsində Rusiyanın təbii sərvətlərinin böyük hissəsinə sahib olan ABŞ və Qərb çox məmnun görünürlər. Lakin ötən əsrin sonuncu ilinin sonuncu günündə, qəflətən “çərxi-fələk tərsinə dövran edir”,  Prezident Boris Yeltsin “istefaya getdiyini” bəyan edir və dövlətin sükanı arxasına  Baş nazir Vladimir  Putinin keçməsi Qərbin bütün planlarının altını-üstünə çevirir.  Həmin ərəfədə dünya bazarında neftin qiymətlərinin birdən-birə 150 dollara qalxması qətiyyətli və xarizmatik Prezident Vladimir Putinin rəhbərlik etdiyi  “yeni Rusiya”ya imkan verdi ki, öz sərvətləri uğrunda yenidən mübarizəyə başlasın. İqtisadi fəaliyyətdən əlavə həm də Qərbin Rusiyada emissarı funksiyasını yerinə yetirən “Yukos” neft şirkətini milliləşdirərək dövlət mülkiyyətinə qaytarmaqla və şirkətin sahibi  Mixail Xodorkovskini həbsə atmaq, sonradan isə ölkədən didərgin salmaqla  Putin bütün dünyaya elan etdi ki, neft və qaz Rusiyanındır. Bununla da, necə deyərlər, daş (oxu: ABŞ və Qərb) qayaya (oxu: yeni Rusiya) rast gəlmiş oldu.

Qərbin uzaqgedən planı: Rusiyada yenidən zəif və çarəsiz “Yeltsin-2” hakimiyyəti qurulmalıdır

Təbii ki, SSRİ-nin süqutundan sonra birqütblü dünyaya ağalıq iddiasına düşən ABŞ və bütövlükdə Qərb belə böyük sərvətlərin itirilməsi ilə barışa bilməzdi. Bəs itirilmiş Sibir sərvətlərinə yenidən yiyələnmək, bütövlükdə dünyanın quru hissəsinin altıda birinə sahib olan Rusiyanı 90-cı illərin əvvəllərinə qaytarmaq, yəni Vladimir Putini hakimiyyətdən uzaqlaşdırıb zəif və çarəsiz  “Yeltsin-2” hakimiyyətini qurmaq üçün hansı vasitələrdən istifadə etməli?

Qərb strateqləri xeyli müddət bu sual ətrafında baş sındırdıqdan sonra  nəhayət, SSRİ-nin dağılmasını şərtləndirən “Əfqanıstan avantürası” variantı üzərində dayandılar. Bəs, ”yeni Əfqanıstan”ı haradan və necə tapmalı? Elə bir “zəif bənd”i ki,  yüksəliş mərhələsində olan  Rusiya iqtisadiyyatını çökdürə, onu yenidən Qərbdən asılı vəziyyətə sala bilsin...

Düşündülər, daşındılar...”zəif bənd”i tapdılar

Bu, Ukrayna idi. Doğrudur, demək olar ki, eyni söykökün, eyni dil və dinin daşıyıcıları olan ruslarla ukraynalılar arasında nifaq salmaq ilk baxışda mümkünsüz görünə bilərdi. Lakin ən azı İkinci Dünya müharibəsinin təcrübəsinə əsaslanan Qərb strateqləri Ukrayna cəmiyyətinə yaxşı bələd idilər. Bilirdilər ki, bu cəmiyyət yekcins deyil. Ölkənin  daha çox etnik rusların məskunlaşdıqları şərq və cənub əyalətləri Rusiyaya meyilli, tarixən millətçilik dalğasının güclü olduğu qərb hissəsi isə Avropa və ABŞ yönümlüdür. Beləliklə, prosesə start vermək üçün kiçik bir bəhanə kifayət edərdi.  Bu bəhanə də tapıldı. 2014-cü ilin fevralında ovaxtkı Prezident Viktor Yanukoviç əvvəlcə razılıq verdiyi, sonradan isə imtina etdiyi Avropa İttifaqı ilə assosiasiya sazişini imzalamağı təxirə salmaqla  Qərbə belə bir bəhanəni vermiş oldu.

Zənnimizcə, həmin qış günlərində Rusiyayönümlü Prezident Yanukoviçin devrilməsi və onun qaçıb Moskvaya sığınması ilə başlayan,  əvvəlcə bütövlükdə Krımın və Donbasın bir hissəsinin itirilməsi, daha sonra qanlı müharibə fazasına daxil olaraq günü bu gün də  hər iki tərəfə, xüsusilə Ukraynaya  olmazın müsibət və faciələr gətirməkdə davam edən proseslərin start nöqtəsi kimi dəyərləndirilən  “Maydan” hərəkatının başlanmasından ötən 10 ildən artıq müddətdə baş verənləri geniş təhlil etməyə ehtiyac yoxdur. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki,  sonu görünməyən  müharibənin başlamasından keçən son 3 ilə yaxın müddətdə Ukrayna əhalisi 10 milyon nəfər, yəni ölkə əhalisinin ümumi sayının dörddə biri qədər azalıb. Dəhşətli rəqəmdir, deyilmi! Lakin görünən odur ki, “müttəfiqlərinin”  bu faciəsi Qərbin uzaqgedən planlarının reallaşması üçün  yetərli deyil.  Əsasən Ağ Evin hazırladığı, son nəticədə  Sibirin təbii sərvətlərinə yenidən sahib olmaq  məqsədi güdən plana görə, bu müharibə uzun sürməlidir. O zamana qədər davam etməlidir ki, Rusiyanın hərbi potensialı tam tükənsin, iqtisadiyyatı çöksün, ölkə sosial partlayışla üz-üzə qalsın. Başqa sözlə, Rusiyada yenidən zəif və çarəsiz “Yeltsin-2” hakimiyyəti qurulsun. Yalnız bu halda çökməkdə olan Rusiya yenidən Qərb kreditlərinə və məsləhətçilərinə möhtac qala bilər.

...Peşimanı bu gün neomaltusçuların fitnələrinə uyanlar olacaq

Artıq olub da söyləyə bilərik. Yazının əvvəlində  udanların da, uduzanların da məlum olduğu bu oyunun peşimanının kim olacağı ilə bağlı suala sonra aydınlıq gətirməyi vəd etmişdik. Artıq, necə deyərlər, vədə əməl etməyin  məqamıdır. Qərbin məkrli planına uyğun olaraq iki qonşu və eyni söykökə malik slavyan xalqının zorla cəlb olunduğu bu qanlı savaşın kimləri məmnun, kimləri peşman etdiyini aydınlaşdırmaq  üçün çox da baş sındırmağa ehtiyac yoxdur. Bunun üçün  bir vaxtlar Avrointeqrasiyanın qızğın tərəfdarı olmuş, müharibənin ilk çağlarında  ölkəsinin Rusiya üzərində tam və qəti qələbə çalacağına qətiyyən şübhə etməyən Ukrayna Prezidenti Ofisinin sabiq müşaviri, tanınmış hərbi-siyasi ekspert Aleksey Arestoviçin dərin peşmançılıq və məyusluqla müşayiət olunan  acı etiraflarına  diqqət yetirmək kifayətdir.

Nə deyir Arestoviç? Deyir ki, artıq bizim güvəndiyimiz dağlara da qar yağıb. Köməyinə böyük ümid bəslədiyimiz ABŞ-Qərb bloku üçün sonu görünməyən bu qanlı savaşda nə qədər rusun və ya  ukraynalının ölməsinin elə bir fərqi yoxdur: “Çünki xüsusilə ABŞ Rusiya-Ukrayna müharibəsindən tutmuş Çinlə qarşıdurmaya qədər qlobal münaqişələrin heç vaxt sönməməsi kimi mürəkkəb bir proseslə məşğuldur. Bu, eyni zamanda, Yaxın Şərq və Afrikaya da təsir edir. Bu böyük prosesdə biz və Rusiya Federasiyası müəyyən bir dəhlizlə aparılırıq. Bizim hərəkətlərimizi isə silah təchizatı ilə tənzimləyirlər.”

“Bu, Kissincerin ikili ultimatum taktikasıdır”

Aleksey Arestoviçin qənaətinə görə, ABŞ və Qərb həm Ukraynaya,  həm də Rusiyaya münasibətdə  ikili ultimatum siyasəti yürüdür: “Məsələn, amerikalılar bizə deyirlər ki, əgər siz razılaşmalarımızı pozmağı dayandırmırsınızsa, sülhə doğru getmirsinizsə, baxın, bizim sizə göndərdiyimiz raketlər də nədənsə getmirlər, ləng gedirlər, yaxud hamısı getmir və s. Bununla da ikiqat təhlükə yaradılır ki, bizi yerimizdə otuzdursunlar. Eynilə də ruslar hədlərini aşanda, harasa girəndə, amerikalılar dərhal deyirlər ki, bilirsinizmi, raketlər nədənsə Ukraynaya çox sürətlə, özü də çoxlu sayda getməyə başladı.

 Bu, ikili ultimatum taktikasıdır. Bundan həm amerikalılar, həm də avropalılar istifadə edirlər. Donald Tramp bunu açıq deyir. Deyir ki, mən gələcəyəm və danışıqlar hər iki tərəfə verilən ikili ultimatumla başlayacaq. Demokratlar isə başqa cür hərəkət edirlər. Sözdə Ukraynaya total dəstək ifadə edilir, reallıqda isə elə həmin ikili ultimatum taktikasından istifadə olunur. Onlar  ABŞ-ın sabiq Dövlət katibi Henri Kissincerin bu ikili ultimatum oyununu İsrail və Misirlə, İsrail və İranla da oynayıblar…”

“Azərbaycan Prezidenti İlham Əliyev bütün təhdidlərə mətanətlə sinə gərərək ölkəsinin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi”

Tanınmış hərbi-siyasi ekspert daha sonra təəssüflə bidirir ki, bizim ən böyük problemimiz müstəqil olmamağımızdır: “Sual olunur: biz bu nöqtəyə necə gəldik və subyektliyimizi artırmaq üçün nə edirik? Dövlət üçün ən yaxşı həll yolu sistemli şəkildə real müstəqillik üzərində işləmək olardı: iqtisadi, siyasi, hərbi-sənaye sektorunda və s. Ancaq əsas problem odur ki, biz özümüz nə istədiyimizi bilmirik: döyüşmək, yoxsa anlaşmaq?”

Arestoviç bu məqamda diqqəti Azərbaycanın yaxın tarixi dövrdəki təcrübəsinə yönəldir. Bildirir ki,  Prezident, Ali Baş Komandan  İlham Əliyev 17 il ərzində ölkə iqtisadiyyatını, hərbi- sənaye kompleksini  müharibə vəziyyətinə gətirərək güclü ordu yaratdı. Məqam yetişəndə demək olar ki, bütün istiqamətlərdən-Qərbdən, Şimaldan, Cənubdan aramsız edilən təhdidlərə mətanətlə sinə gərərək 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü, 2023-cü ilin  bir sutkalıq lokal antiterror tədbirləri nəticəsində isə suverenliyini bərpa etdi. Onun qənaətinə görə, Ukrayna da bu yolu seçməli idi. Lakin təəssüf ki, müstəqil qərar verə bilmədiyinə, onun-bunun diktəsi ilə oturub-durduğuna görə bu yolla getmədi. Nəticədə bugünkü çıxılmaz duruma düşdü.

˝Siz müharibəni sonuncu ukraynalı ölənə qədər davam etdirməkmi istəyirsiniz?˝

Son vaxtlar “Ukraynanın qələbə planı”nı (hərçənd bu planın uğur qazanacağına Qərbdə heç kimi inandırmaq olmur) qoltuğuna vurub ABŞ və Avropa paytaxtlarını su yoluna döndərən Prezident Volodımır Zelenski də  artıq əsəblərini cilovlaya bilmir. Onun müttəfiqlərinə ünvanladığı ritorik sual bunu bir daha sübut edir: “˝Siz müharibəni sonuncu ukraynalı ölənə qədər davam etdirməkmi istəyirsiniz?˝

Bədbinliyə və ümidsizliyə  köklənmiş bu kimi bəyanatlar müharibənin davam etdiyi son 3 ilə yaxın müddətdə daim  tərəfdaşlarından və Kiyev rəsmilərindən eşitdikləri “Ruhdan düşməyin, bir az da duruş gətirə bilsək qalib gələcəyik" məzmunlu açıqlamalar getdikcə  Ukrayna cəmiyyətini daha dərin məyusluğa qərq edir. Haqlı olaraq  bu kimi  biri digərini təkzib edən  bəyanatlar fonunda artıq "Biz atılırıq və uduzacağıq" qənaətinə gəlmiş  Ukrayna vətəndaşlarının şüurunda gələcəklə bağlı ziddiyyətli təsəvvür yaranmaqdadır.

“Biz bütün Ukrayna üzərində nəzarəti ələ alana qədər dayanmağı planlaşdırmırıq”

Qarşı tərəfin şüuruna isə tamamilə başqa ovqat hakim kəsilib. Xatırlayırsınızsa, araşdırmanın əvvəlində  bu gün yer üzünü  bürüyən lokal hərbi və diplomatik savaşların Üçüncü Dünya müharibəsi ab-havası yaratdığını, artıq bu müharibənin başlandığını iddia edənlərin olduğunu söyləmişdik. Bu iddiada bulunanlardan biri, hətta çəkinmədən deyərdik ki, birincisi Kremlin  əsas ideoloqu kimi tanınan, qatı millətçi-şovinist baxışlartı ilə fərqlənən rusiyalı filosof, politoloq, strateq Aleksandr Duqindir. “ Artıq Üçüncü Dünya müharibəsi başlayıb və biz indi bunun ilk mərhələsindəyik” deyən  politoloq hətta ABŞ-ı  və onun Avropadakı müttəfiqlərini hədələməyi də unutmur: “Biz heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. Rusiyaya hücum dünyanın məhvi deməkdir. NATO indiki siyasətini davam etdirsə, məhv olma günü qaçılmaz olacaq. Hazırda qütblərarası müharibə gedir. Bu müharibə birqütblü dünya nizamı ilə Qərbin qorumağa çalışdığı çoxqütblü sistem arasındadır... Münaqişə xətləri Ukrayna, Fələstin və Tayvandır. Afrika və Cənubi Amerikada da yeni cəbhə açıla bilər. Biz yeni dünya nizamının formalaşma mərhələsindəyik. Bu proses qaynar münaqişələrə səhnə olur. Ən pisi isə odur ki, biz indi nüvə müharibəsi riski ilə üz-üzəyik. Rusiya şəhərlərinə hücumlar hər an nüvə müharibəsinə başlada bilər.”

Kremlin kluarlarında gedən müzakirələrə dərindən bələd olan Duqin əlavə edir ki, bu müharibədə təkcə taktiki nüvə silahları deyil, həm də strateji nüvə silahlarından istifadə olunacaq:“Əgər biz bu müharibədə Ukraynanı məğlub edə bilməsək, bu, birbaşa nüvə müharibəsinin başlaması demək olacaq. Biz bütün Ukrayna üzərində nəzarəti ələ alana qədər dayanmağı planlaşdırmırıq. Bundan sonra heç bir diplomatik həll bizə bu məqsədimizə çatmağımızda mane ola bilməz. Ona görə də bu gün Ukraynanı silahla təmin edənlər bilməlidirlər ki, onlar nüvə müharibəsi riskini artırırlar.”

Bax, belə! Maraqlıdır ki, təxminən buna oxşar fikri bu günlərdə  Kazanda keçirilən XVI BRICS Sammitindəki çıxışı zamanı Rusiya Prezidenti Vladimir  Putin də səsləndirdi. BRICS-dən söz düşmüşkən,  BMT-nin Baş katibi Antonio Quterreşin də qatıldığı Kazan Sammitində Vladimir Putinin güclü anti-Qərb, anti-Amerika koalisiyasını formalaşdırmağa nail olması, həmçinin oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində ABŞ-Qərb tandeminin   planlarının suya düşməsi belə qənaətə gəlməyə əsas verir ki, “bu xəmir hələ çox  su aparacaq.” Artıq üfüqdə belə düzəlmək şansı görünməyən dünyamızın bu bir qarışıq zamanında unudulmaz  Məmməd Arazın hələ 34 il bundan əvvəl böyük narahatlıqla və dahiyanə uzaqgörənliklə qələmə aldığı

Hələ bu dünyanın qeylü-qalı çox,

Bilməm zəhəri çox, yoxsa balı çox.

Çox verdim özümə bu sualı çox!

Ərzin nadanından ağsaqqalı çox!

Bəs niyə bu dünya düzəlmir, baba?!

misraları bugünümüzün real mənzərəsi ilə  necə də həmahəng səslənir!.. Allah sənə qəni-qəni rəhmət eləsin, Məmməd Araz!..

Əhməd Qurbanoğlu, “İki sahil”