29 oktyabr 2024 13:06
96

Naxçıvanda doğum günü oktyabr ayında olan şəhidlərin xatirəsi anılıb - FOTO

Oktyabr ayının 29-da “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə doğum günü oktyabr ayında olan şəhidlərin anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan doğum günü oktyabr ayında olan şəhidlərlə bağlı videoçarx izlənilib. Tələbələr videoçarxda adları çəkilən 36 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretlərini səhnədə nümayiş etdiriblər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək bildirib ki, 1990-cı illər elə bir dövr idi ki, ölkəmiz müstəqillik qazansa da, o illərdə baş verən xalq hərəkatına səriştəsiz insanlar rəhbərlik etməyə çalışırdı. Hər tərəfdə separatçı qruplaşmalar yaranmış, müstəqilliyimiz məhvə sürüklənirdi. Məhz belə bir dövrdə Naxçıvanda fəaliyyət göstərən Ulu öndər Heydər Əliyev xalqın son ümid yeri oldu. 1993-cü ildə xalqın çağırışına cavab verən dahi rəhbər qısa zaman kəsiyində  ölkədə sabitliyi təmin etdi, atəşkəsə nail oldu, soyqırımı və vətəndaş qarşıdurmalarının qarşısını aldı, iqtisadiyyatın dirçəldilməsi istiqamətində taleyüklü qərarlar qəbul etdi, ordu quruculuğuna başladı.

Dahi rəhbərin siyasi kursu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən daha geniş şəkildə davam etdirilir. Bütün bunların nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı 30 ilə yaxın işğal altında qalan torpaqlarımız düşməndən azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu öz misiyasını ləyaqətlə yerinə yetirdi, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü təmin etdi. Ölkəmizdə yaranmış xalq-ordu-rəhbər birliyi nəticəsində tarixi ədalət bərqərar oldu.

Elşad Əliyev onu da diqqətə çadırdı ki, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Əsas məqamlardan biri odur ki, müharibə xalqın dəstəyini arxasına alaraq haqq mübarizəsi aparan - ədalət mücadiləsi verən Liderin siyasi portretinin cizgilərini aydın nümayiş etdirdi. Ali Baş Komandanın - cəsur və məğrur Sərkərdə kimi xalqın arasında, şəhid ailələrinin və qazilərin yanında olması da Azərbaycan əsgərinin, zabitinin döyüş ruhunu artırdı, onlara əlavə güc və inam bəxş etdi.

Hər bir valideyn üçün əsl fəxarət mənbəyidir ki, bu gün böyütdükləri vətənpərvər övladları ilə xalqımızın qəhrəmanlıq ənənələrini davam etdirirlər- deyən Elşad Əliyev bu gün Vətən torpağına kürəyimizi əminliklə söykəyib, onun havasını udub, suyunu içiriksə, bu, Naxçıvandan Şuşayadək şərəfli döyüş yolu keçən şəhidlərimizin xalqımıza böyük bir hədiyyəsi olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, şəhidlərimiz üçün ən böyük abidə onların bizə bəxş etdiyi azad Şuşa, Xankəndi, Xocalı, Qarabağdır. Xalqımız və dövlətimiz onların qəhrəmanlıqlarına böyük dəyər verir, Vətən oğullarının bizə əmanət etdiyi bu torpaqlarda geniş quruculuq işləri reallaşdırır.

Soydaşlarımız doğma Şuşaya, Laçına, Zəngilana qayıdır. Bütün bu uğurları qəhrəman oğullarımızın şücaəti sayəsində əldə etmişik. Dövlətimiz və xalqımız onların qəhrəmanlıqlarını unutmur, şəhidlərimizin xatirəsini daim əziz tutur.

Elşad Əliyev şəhidlərə Allahdan rəhmət diləyib, onların valideynlərinə səbir və qazilərə cansağlığı arzulayıb.

Mərasimdə şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və şəhid Elvin Məmmədovun atası Etibar Məmmədov çıxış edərək Azərbay­canı yenidən bütövləşdirib dünyaya tanı­dan övladlarının xatirəsinə göstərilən ehtirama görə razılıqlarını bildiriblər.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının “Belkanto”vokal  qrupu ilə birgə hazırladığı “Sən candan keçdin ki, el zəfər çalsın” adlı kompozisiya nümayiş etdirilmişdir.