Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 10 faizə yaxın payı olub
Gürcüstan Mərkəzi Seçki Komissiyası 26 oktyabrda ölkədə keçirilən parlament seçkilərinin ilkin nəticələrini elan edib. İlkin nəticələrə əsasən, kənardan müdaxilə cəhdlərinə baxmayaraq, parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası səslərin 53,93 faizini (1 milyon 118 min 796 səs) qazanıb. Bununla da Gürcüstan xalqa xidmət edən hökumətə səs verməklə ölkəni gözləyən fəlakətlərə, onu müharibəyə sürükləyənlərə öz yerini göstərib. Yəni , Gürcüstan xalqı müharibəni, daxili qarşıdurmanı, milli-mənəvi dəyərlərin deqradasiyasını deyil, sülhü, inkişafı, ənənələrin və milli dəyərlərin təntənəsini dəstəkləyib. Bu həm də “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi olduğunu bir daha sübut edib.
Soydaşlarımızın yaşadığı bütün regionlarda səs faizi yüksək olub
Qeyd edək ki, bu seçki prosesində soydaşlarımız da fəallıq göstəriblər. Belə ki, Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır ki, onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 10 faizə yaxın payı olub. Bununla da regional sabitliyi, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasəti dəstəkləyiblər. Bu fakt sübut edir ki, onlar öz təsir imkanlarına görə seçki prosesində və Gürcüstanın ictimai-siyasi həyatında vacib potensiala malikdirlər.
Məlumat üçün bildirək ki, ikinci yerdə 11,03 faizlə (228 821 səs) “Dəyişikliklər Koalisiyası - Qvaramiya, Melia, Girçi, Droa”, üçüncü yerdə səslərin 10,16 faizini (210 787 səs) toplayan “Birlik -Milli Hərəkat” yer alıb. “Güclü Gürcüstan-Lelo, Xalq üçün, Azadlıq naminə” Partiyası seçicilərin 8,81 faizinin (182 839 səs), “Gürcüstan naminə Qaxariya” partiyası isə 7,71 faizinin (161,215 səs) səsini qazana bilib.
Son dövrlərdə Gürcüstan parlamenti tərəfindən qəbul edilən qanunlar Qərb siyasi dairələrini qane etmirdi. Xüsusilə QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdırmaq məqsədilə Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməsini, həmçinin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəməməsini Qərb, o cümlədən Amerika həzm edə bilmirdi. Elə bu səbəbdən Qərb Gürcüstana maliyyə yardımlarını dondurmaqla, bu ölkənin rəsmilərinə qarşı viza sanksiyaları tətbiq etməklə, üstəlik, Avropa İttifaqına inteqrasiya prosesi üzrə müzakirələri tamamilə dayandırmaqla yanaşı, radikal müxalifətin əli ilə “rəngli inqilab”a, yəni mövcud hakmiyyəti devirməyə, “sözəbaxanları” hakimiyyətə gətirməyə cəhd göstərirdi. Bununla da Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirməyə çalışırdılar.
Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, artıq Çənubi Qafqazda Ermənistanı ram edən Qərb Azərbaycana qarşı təzyiq mexanizmində Gürcüstandan da yararlanmaq niyyətində idi. Daha doğrusu, Qərb Gürcüstan vasitəsilə də Azərbaycana təsir göstərmək istəyirdi. Şübhəsiz, seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq siyasətinə böyük zərbə vurdu. Bununla Gürcüstan həm də Qərbin qarşısında əzilib-büzülən, onun dedikləri ilə oturub-duran Ermənistana əməlli-başlı dərs vermiş oldu.
Seçkilərin nəticələri Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına töhfə verəcək
Artıq Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə dünyanın bir sıra ölkələrinin liderləri Gürcüstana təbrik məktubları göndəriblər. Azərbaycan Prezidenti İlham Əliyev də onların sırasındadır. Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanlanan həmin məktubda deyilir ki, bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər: “İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir”. Dövlətimizin başçısı, həmçinin seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib: “Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.
Şübhəsiz, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktor rolunu oynayan “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının bu qələbəsi ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, Gürcüstan ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə, 1997-ci ildə Prezident Eduard Şevardnadzenin Bakıya səfərləri çərçivəsində imzalanan sənədlər iki qardaş ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə edib. Gürcüstan ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasına, eləcə də digər regional layihələrə (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) də öz töhfəsini verib. Bu ilin mart ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində iki ölkə liderlərinin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev bu kimi məsələlərə toxunmuş, ölkələrimizin yeni layihələr, o cümlədən yaşıl enerji layihəsi üzərində işlədiyini bildirmişdi. Dövlətimizin başçısı əlavə etmişdi ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır və iki etibarlı tərəfdaş kimi çıxış edir. Bu gün Gürcüstan-Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də bunun sübutudur.
Qvami Məhəbbətoğlu, “İki sahil”