Yaxud pulu kim verirsə, musiqini də o sifariş edir…
COP-29 kimi beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsi ərəfəsində bəzi Qərb dairələrinin Azərbaycana qarşı heç bir məntiqə və sağlam düşüncə tərzinə uyğun gəlməyən şər-böhtan dolu qarayaxma kampaniyası aparması heç kimi təəccübləndirmir. Məlum qərəzli mərkəzlər əvvəllər olduğu kimi, bu gün də Azərbaycanda demokratiyanın, insan hüquqlarının, söz, mətbuat azadlığının müdafiəsi sahəsində ciddi problemlərin olmasından dəm vurur, ölkəmizə qarşı mənəviyyatsızcasına “qara piar” kampaniyası aparırlar. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi bunun əyani göstəricisidir. Erməni lobbisinin nəzarətində olan bəzi beynəlxalq təşkilatların, eləcə də ermənipərəst Fransanın yalan, uydurma və böhtanlarının əsasında düzlüb-qoşulmuş həmin qətnamədə Azərbaycanda siyasi məhbusların mövcudluğu və ölkəmizin guya Ermənistana qarşı təcavüzkar siyasətindən bəhs olunması respublikamıza qarşı qərəzli münasibətin, ikili standartların əyani təzahürüdür.
Şübhəsiz, reallıqdan tamamilə uzaq olan bu kağız parçası Azərbaycanın daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Digər yandan, buradakı bəzi Azərbaycan vətəndaşlarının siyasi əqidəsinə və ya baxışlarına görə cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud özlərini jurnalist və ya insan haqları müdafiəçisi kimi təqdim edən şəxslərlə bağlı cinayət işlərinin siyasi motivli olması iddiası kökündən yanlışdır.
Gerçəklik odur ki, təxminən 30 il ərzində təcavüzkar Ermənistana Azərbaycan ərazilərinin işğalına son qoymağa bir dəfə də olsun çağırış etməyən bəzi beynəlxalq qurumlar, xüsusilə də Avropa Parlamenti kimi təşkilatlar üçün ikili standartlar demək olar ki, adi hala çevrilib. Belə olmasaydı avropalı parlamentarilər təcavüzkar Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal edərkən, erməni vandalları həmin əraziləri dağıdıb viranəyə çevirərkən, 1 milyona yaxın azərbaycanlı məcburi köçkün vəziyyətinə düşərkən, torpaqlarımızı uzun illərdən bəri işğal altında saxlayan, bu müddətdə BMT TŞ-nın məlum qətnamələrinə, beynəlxalq hüquq normalarını ayaqlar altına atarkən, XX əsrin ən dəhşətli faciəsini-Xocalı soyqırımını törədərkən, Avropa Parlamentinin üzvləri bütün bunları görməzlikdən gəlməz, lal-kar olmazdılar.
Danılmaz faktdır ki, Azərbaycan beynəlxalq birliyin rəsmən tanıdığı ərazilərini 30 illik erməni işğalından azad edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyinə görə Fransa kimi ermənipərəst dövlətlərin əlində alətə çevrilən Avropa Parlamenti tərəfindən, necə deyərlər, kağız parçası ilə “cəzalandırılır”. Çünki Cənubi Qafqazda öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bəzi məkrli qüvvələr bölgədə müstəqil siyasət yürüdən, söz sahibinə çevrilən güclü Azərbaycan görmək istəmirlər. Belə olmasaydı təşkilatdakı müzakirələrdə və səsvermədə, eləcə də qətnamənin mətnində Azərbaycana qarşı absurd ittihamlar irəli sürülməz, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərəzli fikirlər səsləndirməzdi.
Azərbaycan cəmiyyəti Avropa Parlamentinin reallıqları təhrif edən, qeyri-obyektiv, ikili standartlara əsaslanan böhtan, absurd iddialar, ittihamlarla dolu təhdidedici, Azərbaycanofob, islamofob qətnaməsini ikrahla qarşılayır və birmənalı olaraq rədd edir. Nə yazıq ki, bu qətnamənin qəbulundan dərhal sonra başda AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanının müavini Mustafa Hacıbəyli, Gültəkin Hacıbəyli də digərləri olmaqla ölkəmizdəki radikal müxalifətin təmsilçiləri, eləcə də “siyasi mühacir” adı ilə Qərbin ayrı-ayrı ölkələrində sığınacaq tapan və xarici xüsusi xidmət orqanlarının təsiri altında olan təşkilatların bəslədikləri savadsız, mənəviyyatsız anarxistlər yenə də fəallaşıblar. Bütün bunlar əlbəttə ki, təsadüfi sayıla bilməz. Heç kimə sirr deyil ki, Qənimət Zahid, Sevinc Osmanqızı, Arif Şahmarlı, Tural Sadıqlı kimi “sapı özümüzdən olan baltalar” erməni lobbisinin əlində alətə çevrilən mərkəzlərin sifarişi ilə ölkəmizin əleyhinə həyasızcasına apardıqları “qara piar” kampaniyasını daha da genişləndiriblər. Necə deyərlər, pulu kim verirsə, musiqini də o sifariş edir.
Qərbdəki ağalarının təlimat və dirijor çubuğu ilə hərəkət edən bu ünsürlər sosial şəbəkə seqmentlərinə doluşaraq mənəviyyatsızcasına ölkəmizlə bağlı məlum ədalətsiz, qərəzli, absurd, beynəlxalq hüquqa zidd, əlləri Azərbaycan xalqının qanına bulaşmış, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin hərbi əsir kimi qələmə verildiyi qətnaməyə haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxırlar. Buna görə də bütün etik-mənəvi dəyərləri tapdalayaraq millətinə, dövlətinə şər-böhtan yağdıran Ə.Kərimli, S.Osmanqızı, Q.Zahid, C.Həsənli kimi xəyanətkar autsayderlər cəmiyyətimizin böyük təpkisi və ictimai qınağı ilə üz-üzə qalıblar.
Nəhayət, nə bu xəyanətkar antimilli zümrə, nə də onların sinxron işbirliyində olduqları xaricdəki ermənipərəst ağaları unutmamalıdırlar ki, ölkəmizlə şantaj və təhdid dilində danışmaq mümkün deyil. Yəqin, bunu bilməmiş deyillər, məncə…
Zahid Rza, “İki sahil”