28 oktyabr 2024 14:20
216

BRICS: yeni geosiyasi güc balansı üçün mühüm platforma

BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, və Cənubi Afrika) qlobal siyasi və iqtisadi müstəvidə çox əhəmiyyətli bir platforma olaraq xüsusilə inkişaf etməkdə olan ölkələr üçün yeni əməkdaşlıq imkanları yaradır. BRICS ölkələri dünya iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. Birgə əməkdaşlıq üzv ölkələr arasında iqtisadi əlaqələri gücləndirir, ticarət maneələrini aradan qaldırır və bir-birinin ehtiyaclarına uyğun iqtisadi mübadilə sistemi qurmağa kömək edir. Bu, həm də digər bir sıra hegemon güclərin dünya ticarətindəki dominantlığını azaltmaq üçün alternativ mexanizmlərin inkişafına imkan verir.

2014-cü ildə yaradılan Yeni Dünya Bankı (NDB) üzv ölkələrin infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirir. NDB Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi Qərb təsisatlarındakı dominant maliyyə strukturlarına alternativ olaraq inkişaf etməkdə olan ölkələrə dəstək verir. Bu bank vasitəsilə BRICS ölkələri iqtisadi və maliyyə asılılığını azaltmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün əməkdaşlığı gücləndirir.

Prezident İlham Əliyevin Kazanda oktyabrın 24-də XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında çıxışı Azərbaycanın beynəlxalq siyasi və iqtisadi əlaqələrində yeni mərhələnin təsdiqi kimi əhəmiyyətli rol oynayır. Dövlət başçısı Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinə sadiqliyini vurğulayıb, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə bu təşkilatı gücləndirmək üçün əhəmiyyətli addımlar atdığını bildirib. Bu təcrübə Azərbaycanın Asiya regionunda təsirini artırmaqla yanaşı, BRICS+ formatında yeni əlaqələr qurmasına yardım edir.

Cənab İlham Əliyev Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycanın üzərindən keçdiyini və ölkəmizin Avrasiyada mühüm logistika mərkəzi olduğunu bildirib. Azərbaycan bu dəhlizlərin yük ötürücülüyünü artırmaq üçün əlavə investisiyalar yatırır ki, bu da regionda ticarət və iqtisadi əlaqələrin güclənməsinə təkan verir.

Azərbaycan Prezidenti çıxışında ölkəmizin COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi edəcəyini və bu addımın dövlətimizin qlobal miqyasda ekoloji məsələlərdə fəal mövqeyinə sadiqliyini göstərdiyini qeyd edib. Bu, həm də Azərbaycanın Qlobal Cənub və Şimal arasında iqlim məsələlərində əlaqələndirici rolunu təsdiqləyir. Azərbaycanın beynəlxalq iqlim tədbirlərində əməkdaşlığa töhfə verməyə hazır olduğu ifadə olunub.

Prezident İlham Əliyev Azərbaycanın BRICS ölkələri ilə ticarət və enerji sahələrində yeni əməkdaşlıq imkanlarını inkişaf etdirmək üçün əlverişli şərait yaratdığını vurğulayıb. BRICS+ formatında Azərbaycanın iştirakı ölkənin bu qlobal blokla iqtisadi və siyasi əlaqələrini dərinləşdirmək istəyini göstərir.

Bu mövqe Azərbaycanın beynəlxalq arenada nüfuzunu gücləndirmək və qlobal problemlərin həllində aktiv iştirakçı olmaq əzmini ortaya qoyur. Həmçinin Azərbaycanın yalnız regionda deyil, eyni zamanda, qlobal miqyasda güc mərkəzi olmaq istiqamətindəki məqsədlərini nümayiş etdirir.

BRICS inkişaf etməkdə olan ölkələr üçün geosiyasi balans yaratmağa xidmət edir. Bu platforma beynəlxalq səviyyədə Qərbin dominant olduğu strukturlara qarşı birgə fəaliyyət göstərmə imkanı yaradır. BRICS üzv ölkələrin qlobal qərar qəbuletmə prosesində daha çox səsə sahib olması üçün bir mexanizm yaradır.

BRICS formatı qlobal iqtisadi və maliyyə sistemindəki dəyişikliklərə uyğun olaraq inkişaf etməkdə olan ölkələr üçün iqtisadi modellər təqdim edir. Bu modellər daha ədalətli ticarət şərtləri və daxili iqtisadi inkişafı dəstəkləyən strukturlar vasitəsilə iqtisadi müstəqilliyi təşviq edir. Xüsusilə, enerji və qida təhlükəsizliyi kimi sahələrdə əməkdaşlıq önə çıxır.

BRICS formatı çoxtərəfli əməkdaşlığı inkişaf etdirməyə xidmət edən əhəmiyyətli bir platforma rolunu oynayır.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı