Bakı ilə tərəfdaşlıq BRİKS-ə çox şey gətirə bilər Bir çox nüfuzlu siyasi dairələr, ekspertlər, ölkə başçıları artıq təsdiq edirlər ki, Azərbaycanın çoxtərəfli diplomatiya təcrübəsi faydalı olacaqdır. Bir daha Prezident İlham Əliyevin sözlərinə istinad etmək istərdim: “ Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”. “Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin “açarı”na malikdir”. Və mütəxəssislər bildirirlər ki, bu nəqliyyat dəhlizinin uğuru Azərbaycandan asılıdır.
Əslində BRİKS-in tarixi ilə maraqlı bir faktı qeyd etmək lazımdır. Hər şey investisiya nəhəngi Goldman Sachs-ın aktivlərinin idarə edilməsini koordinasiya edən Jim O'Neill ilə, daha doğrusu, onun inkişaf etmiş iqtisadiyyatlar haqqında məqaləsi ilə başladı. Məqalə dünyada böyük rezonansa səbəb olmuşdu. O'Neill ərazi baxımından kifayət qədər böyük olan və dünya bazarında əhəmiyyətli çəkiyə malik olan dörd ölkəni (Braziliya, Rusiya, Hindistan və Çin) ayırdı və onları BRIC abbreviaturası adlandırdı. O'Neill qeyd edirdi ki, onların iqtisadiyyatları elə sürətlə böyüyür ki, onlar uzun müddət dünyanın ən zəngin ölkələri hesab edilən G7 ölkələrinin iqtisadiyyatlarını kollektiv şəkildə geridə qoya bilərlər. Goldman Sachs-ın baş iqtisadçısı bunun dəqiq nə vaxt baş verəcəyini açıqlamayıb, yalnız bunun 2050-ci ildən gec olmayacağını bildirib. Amma mahiyyət etibarı ilə BRIC-in artımı qaçılmaz kimi təqdim olundu. 2050-ci ilə çatmaq üçün qarşıda hələ 26 il var. Lakin proseslərin təhlili göstərir ki, Jim O’Neillin proqnozu artıq özünü doğrultmağa başlayıb. Geosiyasi reallıq dəyişib. Ölkələr kollektiv Qərbin və onunla əlaqəli olan iqtisadi və maliyyə sistemlərindəki hər şeyin diktələrinə dözməkdə davam etmək istəmirlər. Əvvəllər Qərblə sıx əlaqələr qurmaq istəyən ölkələrin Kazanda keçirilən BRICS sammitində iştirakı göstərir ki, artıq onlar öz seçimlərinə yenidən baxır, dünyada baş verən geosiyasi, iqtisadi prosesləri təhlil edir və daha uyğun bir platformanı seçir. Buna görə də qeyd edə bilərik ki, BRİKS təkcə bir növ “kollektiv çətir” yaratmır, həm də iqtisadi potensialı gücləndirir və bu assosiasiyaya üzv ölkələrin inkişafı üçün əlavə imkanlar açır. BRİKS ölkələri arasında ikitərəfli münasibətlərə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda əsasında qurulub. BRİKS dünya siyasətinə və iqtisadiyyatına yeni imkanlar verdi. Buna görə də BRİKS-ə qoşulmağa böyük maraq var. Hazırda yeni dünya nizamı formalaşır və BRİKS bu mərhələdə müasir reallıqlara mükəmməl uyğunlaşır.
Ölkə başçısı növbəti ayda Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransına çəkərək,vurğuladı ki: “Təqribən 200 ölkənin COP29-un “Azərbaycanda keçirilməsinə dair yekdil qərarı, ölkəmizə olan hörmət və dəstəyi sübut edir. Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək”. Bu Azərbaycanının beynəlxalq İqlim dəyişikliyinə verdiyi mühüm töhfə olacaqdır.
Dövlət başçısı effektiv diplomatiya yolu ilə sülh prosesinin nəhayət boş söhbətdən əməli müstəviyə keçməsini təmin etdi. Prezident İlham Əliyev İrəvanı xaricdən qəbul edilmiş mövqelərindən əl çəkərək konstruktiv dialoqa başlamağa məcbur etdi, əldə edilən uğurun əyani sübutu BRİKS sammiti çərçivəsində Kazanda Azərbaycan və Ermənistan liderləri arasında ünsiyyət zamanı yaranmış dostluq mühiti oldu. Bu fakt çoxlarının diqqətini çəkdi. Azərbaycan prezidenti həm İrəvana, həm də onun havadarlarına siyasi oyunları davam etdirmək fikrində olmadığını açıq şəkildə bildirdi. Bakı kollektiv Qərbin güclü hücumuna tab gətirdi, lakin yanaşmasını dəyişmədi. Və gördüyümüz kimi, səbr, prinsipial mövqe və qətiyyət səriştəli proses idarəçiliyi öz nəticəsini verdi. İkitərəfli sülh gündəliyi çərçivəsində sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin digər maraq doğuran məsələlər müzakirə edilib. Bu görüşün nəticəsində tərəflərin xarici işlər nazirlərinə sülh sazişi üzərində işləri sürətləndirmək təlimatı verilməsi, regionda davamlı sülhün təmin edilməsi üçün mühüm addım olaraq qəbul edilir.Kazan görüşündən sonra Azərbaycan və Ermənistan iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiqlədi. Bu, ikitərəfli gündəmdə mühüm addımdır. Kazanda keçirilən görüş danışıqlar prosesinin bir növ “canlanmasıdır” və bu, özlüyündə mühüm uğurdur. Əlbəttə ki, bu o demək deyil ki, tez bir zamanda sülh müqaviləsi imzalanacaq. Hər iki tərəf sülh müqaviləsinin mətninin 80%-nin artıq razılaşdırıldığını bildirir. Bununla belə, qalan 20% sülh prosesinin özünü təhlükə altına qoya biləcək əsas məsələlərə aiddir. Xüsusilə, Ermənistan konstitusiyasında hələ də Qarabağa iddialar yer alır ki, bu da Azərbaycan üçün risk yaradır. Beləliklə, Azərbaycan çox güman ki, formal, yetişməmiş siyasi sənədləri imzalamaqdan yayınacaq.
Bəli, bu gün Azərbaycan Cənubi Qafqazın flaqmanıdır. Azərbaycan uğurlu, maksimum balanslaşdırılmış, çoxvektorlu siyasət qurur və bu, Qərbin xarici siyasət maraqlarının formatına uyğun gəlmir. Hansı ki, indi aydın şəkildə Azərbaycanın xarici siyasətini tənzimləməyə çalışmaq üçün müxtəlif alətlərdən istifadə etməyə yönəlib: iqtisadi, siyasi. Sadə dillə desək, məsələ ondadır ki, Azərbaycan öz maraqlarına uyğun müstəqil siyasəti sintez edir. Rəsmi Bakı Qərblə bərabər şəraitdə ünsiyyət qurmağı, Rusiya ilə iqtisadi və siyasi əlaqələri inkişaf etdirməyi, İranla əməkdaşlıq etməyi, Türkiyəyə qardaş olmağı bacarır. Hər şeyi nəzarətdə saxlamağa öyrəşmiş Qərb bu reallığı qəbul edə bilmir və ona görə də müəyyən Avropa strukturları vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırlar. Ancaq unutmaq lazım deyil ki, heç kim Azərbaycanla ultimatum dili ilə danışa bilməz və biz bunu dəfələrlə sübut etmişik.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor