28 oktyabr 2024 12:23
232

Azərbaycanın çoxtərəfli səyləri BRICS platformasında da təqdir olunur - Deputat

Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi özünü doğruldub. Oktyabrın 24-də Kazanda 16-cı BRICS sammitində Prezident İlham Əliyevin iştirakı ölkəmizin çoxtərəfli səylərinin bu platformada da təqdir olunduğunu təsdiqləyir. Ölkəmiz BRICS məkanında öz zəngin təcrübəsi ilə tranzit-nəqliyyat əməkdaşlığının gücləndirilməsinə töhfə verməyə hazırdır. Prezident İlham Əliyev də sammitdə bəyan etdi ki, “Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

“İki sahil” xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilən BRICS-də Azərbaycanın iştirakı qarşılıqlı perspektiv vəd edir. Nəzərə almaq lazımdır ki, BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

BRICS-in əsas üstünlüklərindən biri də üzv və tərəfdaş ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq olmasıdır. Bu platforma dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.

“Kazan sammiti Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından da əhəmiyyətli oldu. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. Eyni zamanda, iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verildi. Bu, bir daha onu deməyə əsas verir ki, ikitərəfli dialoq daha səmərəlidir. Normallaşma prosesində əlavə vasitəçiyə ehtiyac yoxdur. Kənar müdaxilə və merkantil maraqlar olmasa, Bakı ilə İrəvan sülhlə bağlı daha effektiv nəticələr əldə edə bilər”, - deyə deputat vurğulayıb.