“İki sahil” xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova söyləyib. Onun sözlərinə görə, indiyə kimi Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarını pozmaq üçün kənardan çox təzyiqlər olub: “Hətta bunun qarşısını ölkəmiz əleyhinə müxtəlif əsassız qətnamələr qəbul edərək və çirkin ittihamlar səsləndirərək almağa çalışdılar. Məqsəd sülh prosesinin astanasında olan Azərbaycanı yolundan döndərmək idi. Lakin Azərbaycan bu müddətdə öz mövqeyindən geri dönmədi. Çünki biz haqq savaşı aparırıq və proseslərdə söz sahibi olan tərəfik. Azərbaycan öz maraqlarını qoruyur, Ermənistan dövləti isə istər-istəməz sülh müqaviləsini imzalamağa məcbur qalacaq”.
O qeyd edib ki, artıq hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Azərbaycanla Ermənistan arasında heç bir vasitəçiyə ehtiyac olmadığı fikri bir daha özünü doğrultdu. Tərəflər arasında aparılan ikitərəfli danışıqların daha uğurlu və məhsuldar olduğu bunun bariz nümunəsidir.
“Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində də ikitərəfli dialoq yolu ilə çox ciddi addımların atılmasının şahidi olduq. Ümid edirik ki, Prezident İlham Əliyev ilə Nikol Paşinyan arasında Kazanda aparılan müzakirələrdən sonra sülh müqaviləsi ilə bağlı proseslər müsbət məcraya doğru yönələcək. Sülh müqaviləsi Azərbaycan dövlətinin xeyrinə və bizim tələb etdiyimiz kimi həll olunacaq. Əks təqdirdə, fərqli addımlar atmaqla qarşı tərəf onsuz da sülh müqaviləsinin imzalanmasının qarşısını ala bilməyəcək, sadəcə boş yerə vaxt uzadacaq”, - deyə deputat fikrini yekunlaşdırıb.