26 oktyabr 2024 11:25
209

Rusiyanın raket hücumu nəticəsində Dneprdə 3 nəfər həlak olub

Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Dnepr şəhərində ikimərtəbəli yaşayış binası qismən dağılıb. Digər evlərə və bir tibb müəssisəsinə də ziyan dəyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.

Xilasedicilər ikimərtəbəli yaşayış binasının dağıntıları altından 3 nəfəri xilas ediblər. Sonradan daha bir qadın dağılmış evdən çıxarılaraq xəstəxanaya göndərilib.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin ilkin məlumatlarına görə, 4-ü uşaq olmaqla 18 nəfər xəsarət alıb.

Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, Dneprdə 3 nəfər həlak olub. Onlardan biri azyaşlıdır. Həmçinin 19 nəfər zərər görüb. Onların arasında dörd uşaq var. Səkkiz nəfər xəstəxanaya yerləşdirilib.

Lısak bildirib ki, ikimərtəbəli yaşayış binası gecə saatlarında raket hücumu nəticəsində dağıdılıb. Bundan başqa, 13 binaya və 2 fərdi evə, 30 avtomobilə, xəstəxana binalarına ziyan dəyib.

Xatırladaq ki, oktyabrın 25-i axşam saatlarında Rusiya PUA-larının Ukrayna ərazisinə kütləvi hücumu zamanı pilotsuz təyyarələrdən biri Kiyevin Solomenski rayonunda hündürmərtəbəli binaya düşüb. Yuxarı mərtəbələrdə yanğın başlayıb və mənzillərə ziyan dəyib, bir nəfər həlak olub.