25 oktyabr 2024 21:57
249

Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, müqavilə imzalanacaq

Kazan şəhərində keçirilən XVI BRICS Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını müzakirə etdilər

30 ilə yaxın dövrdə Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün hər bir sahədə gücləndi, diplomatik uğurlara imza atdı və tarixi ədalətin bərpa ediləcəyinə böyük əminliklə yanaşdı. Ermənistanın reallıqdan uzaq, yalan üzərində qurulan təbliğatına, himayədarlarının ona dəstəyinə baxmayaraq ölkəmiz heç zaman ruhdan düşmədi, əksinə hücum diplomatiyasını uğurla həyata keçirərək yalan təbliğata qarşı faktları qoydu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə Azərbaycanın diplomatik uğurları əhəmiyyətli rol oynadı. Döyüş meydanında üstünlük qazanan Azərbaycan informasiya cəbhəsində mübarizəni bu gün də uğurla davam etdirir. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən «Bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq» fikirlərinin davamı olaraq onu da bildirir ki, indi bütün hadisələri yenidən dilə gətirməyə ehtiyac yoxdur, Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır: «Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar. Mən digər addımları da qeyd etməliyəm, o cümlədən Azərbaycan və Ermənistan şərti sərhədində baş vermiş hadisələr, hesab edirəm ki, bax bugünkü reallığın əldə edilməsi üçün çox önəmli rol oynamışdı. Ola bilər o vaxt bəziləri obyektiv səbəblərə görə bunu tam dərk edə bilmirdi, ancaq bu gün keçmişə baxdıqda hər kəs görür ki, bir dənə də olsun addımımız situativ xarakter daşımırdı, avantüra xarakteri daşımırdı və mənasız deyildi. Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var.»

Tarixi sahibinə qovuşan torpaqlarımız 4 ildir ki, çal-çağırlı günlərini yaşayır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında qalmasına, bir milyondan çox soydaşımızın qaçqın və məburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinə və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması, təbliğatımızın real faktlara, tarixi həqiqətlərə əsaslanması idi. Ümummilli Lider Heydər Əliyev artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həllindən bəhs edərkən beynəlxalq dəstəyin rolunu xüsusi qeyd edirdi. Bunun üçün diplomatik mübarizənin davam etdirilməsi, həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması qarşıya əsas vəzifə kimi qoyuldu. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.

«İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.» Dövlət başçısı İlham Əliyev ötən il oktyabın 15-də Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltdıqdan sonra çıxışında onu da əlavə etdi ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır.» Elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Azərbaycan Ordusu Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda, ötən il cəmi 23 saat davam edən antiterror əməliyyatı gücümüzü göstərdi. Düşmən yenə də ağ bayraq qaldıraraq təslim oldu.

Azərbaycan işğalın davam etdiyi 30 ildə hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirirdi. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı.

Son dörd il Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Dövlət başçısı İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyində separatçılardan təmizlənən əzəli torpaqlarımıza səfəri və Azərbaycan Bayrağını ucaltması özündə mühüm mesajları ehtiva etdi. Cənab İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Sərsəng su anbarının ərazisində oldu və Azərbaycan Bayrağını ucaltdı. Reallıq budur ki, cənab İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirərək Azərbaycanı zəfərlərə qovuşdurur, yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanır. Qeyd etdiyimiz kimi, Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Xankəndidən ünvanladığı müraciətində də «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, həmin ölkələr o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.

«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» bildirən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir ki, Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə onsuz da hazır olmalıyıq. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir.

Azərbaycanın atdığı addımlar konkret məqsədə xidmət edir. Sülh müqaviləsinin imzalanması istiqamətində ölkəmizin atıdığı addımlar göz qabağındadır. Ermənistanın yeni arxa, dayaq axtarışı, prosesin uzanmasına gətirib çıxarır.

Qeyd edək ki, oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş oldu. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verildi.

Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyevin 25 oktyabr 2024-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında” Əsasnamə təsdiq edilib.

Kazanda BRICS toplantısı çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşdüyü vaxtda Avropa Parlamentinin “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməni qəbul etməsi bütün məqamlara aydınlıq gətirdi. Bu kimi qətnamələr Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil. Qərəzdən başqa bir şey olmayan bu kağız parçaları, onları qəbul edən qurumların ədalətə və beynəlxalq hüquqa hansı prizmadan yanaşdıqlarını ortaya qoyur. Ölkəmiz Avropa Parlamentinin daim belə qərəzli qətnamələrinin şahidi olur.

Qətnamənin əhatə etdiyi istiqamətlərə diqqət yetirsək Azərbaycanın istər insan hüquqlarının qorunması, istər beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi istiqamətində atıdığı addımlar bu kağız parçalarının məqsəd və məramına aydınlıq gətirir. Dövlət başçısı İlham Əliyevin hələ 2022-ci ildə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi «Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir» fikirləri qurumun ölkəmizə qarşı mövqeyinin təqdimatı oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu çağırışı səsləndirməklə Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırır: « Nə qədər çalışsalar da, heç nə alınmayacaq. Ancaq bu gün Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar. Xəbərdarlığım budur və hesab edirəm ki, bunu eşidən və buna əməl edən səhv etməz.»

Yeganə Əliyeva, «İki sahil»