Hələ də təbiət hadisələrindən dövlətin əleyhinə istifadə etməklə xal qazanmağa çalışır
Dağıdıcı müxalifətin Azərbaycanın milli maraqlarına tamamilə zidd mövqedə olması heç də yeni hadisə deyil. Xüsusilə bu düşərgənin öndə gedənlərindən birinin- qondarma «Milli şura»nın sədri Cəmil Həsənlinin avantürizmə meyilliyi bir daha göstərir ki, onların məqsədi konstruktiv və sivil müxalifətçilik deyil, sadəcə anti-Azərbaycan qüvvələrin əlinin maşası olmaqdır.
Bu, həmin Cəmil Həsənlidir ki, korafəhimliliyi və qərəzliliyi ona ədaləti rəzalətdən, haqqı nahaqdan seçməyə imkan vermir. O, ötən günlərdə özünün sosial şəbəkə statuslarında yenə də cəfəng dolu iddialarla çıxış edib. Məsələn, yazıb ki, oktyabr ayının 21-22-də Bakıda yağan yağışlar İlham Əliyevin 21 illik inkişaf nağılını suya saldı. İki nəfər vətəndaş günün günorta çağı yağış suyunda boğuldu. İnsan ölümü ilə nəticələnən bədbəxt hadisə baş verdi. Şəhərdə tunelləri, küçələri, evləri su basdı, bəzi yerlərdə kanalizasiyalar daşdı. Nəqliyyat iflic oldu,
avtobusların hərəkəti pozuldu. Baş verənlər şəhərdəki acınacaqlı mənzərəni ortaya qoydu. Deyirlər yağış normadan artıq yağıb. Bu əlbəttə, bəhanədir. Şəhər infrastrukturunda yeyinti, korrupsiya, mənimsəmə, insan ölümü ilə nəticələnən səhlənkarlıq normadan artıq olub.
Əziz oxucular, diqqət edin, bunu yazanın hətta elmi dərəcəsi də var- elmlər doktoru və professor. Belə bir «titullu» professor bu gün təbii fəlakətdən də hökumət əleyhinə fürsət bilib yararlanırsa, yazıqlar olsun onun «eliminə» də, müxalifətçiliyinə də… Elmi də siyasi baxışları kimi dürüst olmayan bu «ziyalımız» hələ də anlamır ki, təbii fəlakətdən qaçmaq bütün ölkələrin, hətta ABŞ kimi fövqəlgücün imkanı daxilində deyil. Çünki onun adı üstündədir -təbii fəlakət...
Cəmil Həsənlinin vaxtıilə yaşadığı ABŞ-da hər gün onlarla təbii fəlakətlər baş verir. Elə ötən həftə Florida ştatında baş verən qasırğa o boyda şəhəri viran etdi. Cəmil Həsənli, bu təbii fəlakətdən sonra heç olmazsa bir amerikalının, hətta ən qatı müxalifətçinin hakimiyyətə yönəlik böhtan və qərəz dolu çıxışına rast gəldinmi? Gələ də bilməzsən. Çünki o insanlar, səndən və əqidədaşlarından fərqli olaraq təbii fəlakətin nə olduğunu yaxşı anlayırlar. Onlar belə məsələlərə tərəfsiz yanaşırlar. Təəssüfki, o xarakterlər sizə çox yaddır.
Burada diqqətçəkən digər önəmli məsələ odur ki, Cəmil Həsənli guya öz aləmində əxlaqlı siyasətlə məşğul olmaqdadır. Əslində isə o, siyasətçiyə yaraşmayan çox bərbad davranış nümayiş etdirir. Diqqət edin -Azərbaycanın dövlət başçısını tənqid edir. Olsun, hər kəsin, o cümlədən də konstruktiv müxalifətin də haqqıdır ki, həm hökuməti, həm də dövlət başçısını qərəzsiz və sağlam düşüncə ilə tənqid etsin. Ancaq burada bir dəyərli məqam da var ki, hər kəs ölkə başçısına sayğı və hörmətlə yanaşmalı, onun adını çəkəndə siyasi mədəniyyət nümunəsi göstərməlidir. Bu, Cəmil Həsənlinin köləsi olduğu ABŞ-da və Avropa ölkələrində də belədir. Hətta qardaş Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı ən kəskin mövqe sərgiləyən müxalifət liderləri ona «sayın Ərdoğan» deyə xitab edirlər. Cəmil Həsənli isə bu davranışları ilə bir daha göstərir ki, o, həqiqi siyasətlə, həqiqi müxalifətçiliklə deyil, avantüra ilə, qaraguruhçuluqla məşğuldur. Əgər belə olmasydı, son 15 ildə Bakıda tikilən onlarla böyük körpüləri, onlarla keçid tunellərini, respublikanın ən müasir magistral yollarını, abad və zəngin parkları, istirahət məkanlarını görməzdən gəlməzdi.
Paradoks bundan ibarətdir ki, 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsini uduzan AXC-Müsavat hakimiyyətinin qondarma «Milli şura»da təmsil olunan nümayəndələri İkinci Qarabağ müharibəsində xalqımızın şanlı Qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışırlar. Hətta özlərində cəsarət taparaq onun nəticələrini «təftiş edirlər». Həqiqət isə belədir ki, Vətən müharibəsi tarixi Qələbəmizlə başa çatıb. Düşmən məğlub oldu. 30 il işğal altında olan Qarabağ azad edilib. Bütün dünya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərini qəbul edir, Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşır. Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə xaricdəki bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi Qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışırlar. Görünən odur ki, daxildə Cəmil Həsənli və çevrəsi, xaricdə isə ermənipərəst qüvvələr böhtan və «qara piar» kampaniyaları ilə ölkəmizin ətrafında hörümçək toru qurmağa çalışırlar ki, növbəti geosiyasi uğurlarımızı qaralasınlar. Ən acınacaqlısı isə odur ki, Cəmil Həsənlinin ölkəmizin geosiyasi uğurlarına qısqanclıqla yanaşması adi haldan çıxaraq kin-küdurət püskürmək adətinə çevrilib. Qeyd edək ki, o, statusunda mövcud iqtidarı «rejim» adlandırmaqla açıq-aşkar anti-Azərbaycan qüvvələrin çızdığı yolla gedir. Bununla da ölkəmizin demokratik imicinə, qalib və qətiyyətli nüfuzuna kölgə salmağa çalışır.
Elçin Zaman, «İki sahil»