Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Bu qurum qeyri-rəsmi dövlətlər birliyidir. 2024-cü ilə qədər ona Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (ingiliscə “South Africa”) daxil idi və ölkələrin adlarının ilk hərfləri bu qısaltmanı yaratmışdır. 2024-cü ilin 1 yanvar tarixindən etibarən İrana, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Misirə və Efiopiyaya blokda yer verilib. Hazırda təxminən 30 ölkə də təşkilata qoşulmaqda maraqlıdır. BRICS-in digər ittifaqlara üzvlüklə bağlı hər hansı bir şəkildə məhdudiyyətlər qoymaması və təşkilata qəbul meyarlarının sadə olması onun cəlbediciliyini artıran digər faktorlardır. BRICS-ə rəhbərlik üzv ölkələr arasında rotasiya qaydasında dəyişir.
BRICS dünya əhalisinin təxminən 40 faizini (3,6 milyard), qlobal iqtisadiyyatın isə 30 faizini (28,5 trilyon dollar) əhatə edir. Təşkilata üzv dövlətlər mineral-xammal baxımından olduqca zəngin, güclü emal sənayesi sahələrinə, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsinə və sürətli sosial-iqtisadi inkişaf tempinə malik, emal sənayesi yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edə bilən inkişaf etməkdə olan sənaye ölkələridir.
Oktyabrın 24-də Rusiya Federasiyasının Tatarıstan Respubliklasının Kazan şəhərində keçirilən BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. Bu təşkilat 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib.
BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Bu qurum qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir. Təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır. Qurum geosiyasi məsələlərdən uzaq duraraq, əsasən iqtisadi əməkdaşlığa, çoxtərəfli ticarətə və inkişafa hədəfləndiyini bəyan edib.
Azərbaycan dövləti avqust ayının 20-də BRICS təşkilatına üzv olmaq üçün rəsmi qaydada müraciət edib. Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin iyul ayında Astanada təşkil edilmiş sonuncu zirvə görüşü zamanı Azərbaycanın Çin ilə strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyənnamə imzalaması, ölkəmizin Qərbdən kənar alternativ güclərlə də siyasi-iqtisadi təmasları şaxələndirməyə maraqlı olduğunu göstərir. Azərbaycanın BRICS-ə üzv olması onun iqtisadi əlaqələrini daha da möhkəmləndirəcək. Hal-hazırda Azərbaycanın ixracının əhəmiyyətli bir hissəsi BRICS ölkələrinə yönəlib və bu, gələcəkdə daha da artacaq.
Ekpertlərin fikrincə, Azərbaycanın bu təşkilat çərçivəsində əməkdaşlıq perspektivləri yalnız enerji sektoru ilə məhdudlaşmayacaq, eyni zamanda kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat və infrastruktur layihələrini də əhatə edəcəkdir. Bu isə Azərbaycana ixracını şaxələndirmək və dünya iqtisadiyyatında daha aktiv rol almaq imkanı yaradır. Siyasi şərhçi Elçin Alıoğluya görə, BRICS platformasında Azərbaycanın oynaya biləcəyi rol yalnız iqtisadiyyatla məhdudlaşmır. Cənubi Qafqazdakı sabitlik və təhlükəsizlik məsələləri BRICS ölkələri üçün getdikcə daha aktual olur. Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və ətraf rayonları yeni iqtisadi imkanlar yaratmaq potensialına malikdir. Bölgədə həyata keçirilən yenidənqurma işləri və infrastruktur layihələri BRICS üzvləri üçün böyük investisiya imkanları yaradır. Qarabağın iqtisadi inkişafı həm Azərbaycanın daxili inkişafına, həm də regional sabitliyə xidmət edəcək. Bu kontekstdə Azərbaycan BRICS ölkələri ilə birgə layihələr reallaşdırmaq üçün unikal mövqeyə sahibdir. Qarabağın iqtisadi inkişafı və orada həyata keçiriləcək layihələr yalnız Azərbaycanın deyil, BRICS-ə üzv olmaq istəyən digər ölkələrin də maraq dairəsindədir. Azərbaycan artıq Rusiya, Türkiyə, Çin və digər BRICS üzvü ölkələrlə sıx iqtisadi və siyasi əlaqələrə malikdir və bu əlaqələrin daha da genişlənməsi Azərbaycanın regional və qlobal güc mərkəzi kimi çıxış etməsinə imkan verəcək.
Əsas məsələlərdən biri BRICS üzvləri ilə beynəlxalq nəqliyyat daşımaları və logistik infrastruktur quruculuğu istiqamətində çoxtərəfli əməkdaşlıqların gücləndirilməsidir. Belə ki, Rusiya, Hindistan və İranın marağında olan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi, eyni zamanda, Çin və Avropanın marağında olan Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yerləşən qitələrarası ticarət yollarının inteqrasiya edilməsində və yükötürmə potensialının artırılmasında Azərbaycan əhəmiyyətli rol oynaya bilər.
Prezident İlham Əliyev oktyabrın 24-də Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının plenar iclasındakı çıxışında bildirib ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib: Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq”.
BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ölkəmizə böyük ixrac imkanları qazandıra bilər. Bu üzvlük Azərbaycana həm də təhlükəsizlik qaranti verəcək.
Bütün bunların fonunda əminliklə demək olar ki, BRICS-ə üzvlük bütün müsbət tərəfləri ilə birlikdə həm də ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək, regional və qlobal sabitliyə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa böyük töhfələr verəcək.
Zahid Rza, “İki sahil”