Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən inam və etimad ünvanı kimi qəbul edilir. Uğurlu xarici siyasət nəticəsində ölkəmiz dünya dövlətləri ilə sıx əlaqələr qurub, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Azərbaycan müxtəlif beynəlxalq platformalarda aktiv iştirak edərək etibarlı tərədaş olduğunu təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan bir sıra regional və beynəlxalq platformalara dəvət olunur, dövlətimizin başçısı sammitlərdə nüfuzlu, fəxri qonaq kimi iştirak edir. Prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu reallığı təsdiqləyir. Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.
P.Kərimzadə qeyd edib ki, BRICS qarşılıqlı hörmət, həmrəylik, bərabərlik, demokratiya, inklüzivlik, konsensus kimi fundamental prinsiplər əsasında qurulan və fəaliyyətini də həmin təməllər üzərində quran bir platformadır. Sammitin yekun Bəyannaməsində üzv dövlətlər təşkilatın ruhuna sadiq qaldıqlarını və əməkdaşlığı bundan sonra daha da dərinləşdirmək əzmində olduqlarını bildiriblər. Sənəddə BRICS ölkələri arasında əməkdaşlığın əsas istiqamətlərinə diqqət çəkilir. Üzv dövlətlər siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində əməkdaşlığı dərinləşməsinə töhfələr verib. Bununla belə, inteqrasiyanın dərinləşdirilməsi istiqamətində hələ çox işlərin görülməsinin zəruriliyi sənəddə vurğulanıb.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin BRICS-in Kazan sammitinə dəvət olunması təadüfi deyil. Nəzərə alaq ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına 4 il sədrlik edib. Bundan sonra Azərbaycan bu təsisatda səmərəli fəaliyyətini uğurla davam etdirir. Həmçinin, Azərbaycan COP29-a sədrliyi dönəmində dünya enerji diplomatiyasını aktiv şəkildə formalaşdırır. Bu konteksdə, həm də BRİCS ölkələri ilə fəal dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında Prezident İlham Əliyev bu məqamları xüsusi vurğulayıb. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Dövlətimiz bu mövqeyini bütün platformalarda bəyan edir.
Hazırda iqlim çağırışlarının aktuallığı bütün dünya üzrə heç vaxt olmadığı qədər artıb. Azərbaycan COP29 konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməklə və ötən bir ildə hazırlıq prosesini uğurla keçməklə dünyanı narahat edən iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir. Kazan Bəyannaməsində BRICS-in Bakıda COP29-un uğurla keçirilməsinə sadiqliyi vurğulanıb. “Biz Azərbaycanda COP29-un uğurla keçirilməsində qərarlıyıq”, - deyə sənəddə vurğulanır. Bəyannamədə müəyyən edilmiş fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələrlə bağlı iqlim maliyyələşdirilməsi üzrə yaxşı nəticələr gözlənildiyinə dərin inam ifadə olunub.
Pərvin Kərimzadə qeyd edib ki, digər bir vacib məqam isə Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsidir. Azərbaycan Şərq-Qərb dəhlizi olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturunun şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin icrası da Orta Dəhlizin inkişafına xidmət edir. Azərbaycan 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə faktiki olaraq Yeni İpək Yolunun rentabelli işlək coğrafi qovşaqlarından birinə sahib olub. Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsi bu dəhlizin fəaliyyətə başlamasına beynəlxalq hüquqi status verib. Hesablamalara görə, “Bir kəmər, bir yol” layihəsi tam işə düşdükdən sonra il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Bu dəhlizin ən strateji xətlərindən biri Naxçıvan ilə quru əlaqələrin bərpası və muxtar respublikasının Xəzər-Aralıq dənizini birləşdirən körpüyə çevrilməsidir. Naxçıvanla kommunikasiya sisteminin qurulması üçün İpək yolunun məsafəsi və yüklərin çatdırılma sürəti daha əlverişlidir. Eləcə də, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bütün bu amillər Azərbaycanın BRICS üçün önəmini xüsusilə artırır. Bu, baxımdan, Azərbaycan-BRICS tərəfdaşlığı yaxın perspektivdə daha da güclənəcək.
Kazan şəhərində Azərbaycan və Ermənistan liderlərinin görüşünə gəlincə, YAP İdarə Heyətinin üzvü ölkəmizin regionda sülhün bərqərar olmasında maraqlı olduğunu söyləyib. O deyib ki, tezliklə sülhə nail olmaq üçün Ermənistan bu prosesdə manipulyasiya etməməli, Azərbaycanın ədalətli şərtləri əsasında sülh sazişi imzalanmalıdır.