25 oktyabr 2024 16:21
275

Avropa Parlamentinin  qəbul etdiyi qətnamə Azərbaycanı haqlı mübarizədən çəkindirə bilməyəcək

Avropa Parlamentinin 24 oktyabrda qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnaməsi, Azərbaycanın suverenliyinə və daxili məsələlərinə yönəlik ciddi bir hücumdur.

Azərbaycana qarşı  edilən bu haqsız ittihamlar qarşısında Avropanın hansı dəyərlərə söykəndiyini sual etməyə bilmərik. Sənədin mətnində, ölkəmizin 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalması, şəhər və kəndlərimizin talan edilməsi, mədəni və dini irsimizin məhv edilməsi kimi məsələlərin nəzərə alınmaması, Avropa Parlamentinin reallıqlara qarşı nə qədər kor olduğunu bir daha sübut edir. Vətən Müharibəsi zamanı, müharibədən sonrakı  dövrdə, eləcə də ötən ilin sentyabrında ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra ölkəmizə qarşı  qəbul edilən qətnamələrin sayı daha da çoxaldı.  Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul etmişdir. Erməni diasporu kifayət qədər pul xərcləyir. Ancaq  bunların heç bir  siyasi və hüquqi çəkisi yoxdur. AP-nin qərarları nəinki Aİ-nin üzvü olmayan Azərbaycan üçün,  hətta Avropa İttifaqı ölkələri üçün də xüsusi əhəmiyyət kəsb etmir. 

AP-nin dünənki qətnaməsinin leytmotivi insan haqları idi.  Lakin bu gün artıq heç kimə sirr deyil ki, İnsan hüquqları çoxdan spekulyasiya və manipulyasiya alətinə çevrilib və AP ondan erməni hərbi cinayətkarları və separatçıları azad etmək üçün istifadə etməyə çalışır. İnsan hüquqları anlayışı da demokratiya  anlayışı kimi artıq dəyərsizləşib. Azərbaycan guya erməni irsini məhv etməmək üçün sonsuz çağırışlara əhəmiyyət vermir. Mövcud olmayan bir şeyi necə məhv etmək olar? Bundan əlavə, “erməni irsi”nə qayğı göstərmək istəyənlər ilk növbədə Azərbaycan irsinə ciddi və hərtərəfli qayğı göstərməli, qeyd etməli, sənədləşdirməli, Ermənistana qarşı ittihamlar səsləndirməlidirlər. Otuz il ərzində heç bir Avropa strukturu erməni tərəfini birbaşa mədəni qırğında ittiham etməyib, baxmayaraq ki, bununla bağlı kifayət qədər faktlar və sübutlar  var. Avropa Parlamentinin Azərbaycan tərəfinin Ermənistanın ərazi bütövlüyünə hörmətlə bağlı çağırışları  isə   böhtandan başqa bir şey deyil.  Azərbaycan haranı işğal edib? Əlbəttə ki, onların heç bir cavabı yoxdur.  “Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən istənilən fiziki və hüquqi şəxslərə qarşı sanksiya tətbiq etməyə” hazır olmaq tələbləri daha gülməlidir. Və yenə də aydınlaşdırmaq lazım idi ki, Ermənistan harada “dəhşətli təhlükə ilə üz-üzədir”,  “hansı təhdidlə üz-üzədir”. Bakıya və Azərbaycan qazına qarşı sanksiyaların tətbiqi ilk dəfə deyil ki, təklif edilir və onlar heç vaxt heç yerdə ciddi müzakirə olunmayıb. Bu, ilk dəfə deyil ki, Avropa Parlamenti Aİ-ni Azərbaycana hərbi və ya təhlükəsizlik imkanlarının gücləndirilməsinə kömək edə biləcək bütün texniki və maliyyə dəstəyini dayandırmağa çağırır. Ermənilərdən qidalanan deputatlar düşünürlərsə ki, bu cür tədbirlər Azərbaycanın hərbi potensialına və təhlükəsizliyinə hansısa şəkildə təsir göstərə bilər, onlar səhv edirlər. Azərbaycanın bu cür əməkdaşlıq üçün həm mövcud, həm də potensial tərəfdaşları kifayət qədərdir. Bizim aramızda olan fərq budur: onlar Ermənistanla sifarişlə və təzyiq altında, Azərbaycanla isə öz maraqları əsasında əməkdaşlıq edirlər.

Bu gün  Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox  acınacaqlıdır. Hər gün Aİ-nin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin iştirak etdiyi hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Yaxşı olardı ki, Avropa Parlamenti  öz daxilində baş verən hadisələri, prosesləri izləsin, qiymət versin!

Məlumdur ki, bu sənəd yalnız müəyyən anti-Azərbaycan qüvvələrinin təzyiq vasitəsidir və heç bir halda beynəlxalq hüquq prinsiplərini əks etdirmir. Hətta Ermənistanın silahlandırılmasına dəstək ifadə olunması, bölgədə revanşist meyllərin dəstəklənməsi, yenidən münaqişəni alovlandırmağa təşviq etməsi kimi təhlükəli təkliflər var. Sülh və sabitliyə çağırmalı olan bir qurumun belə mövqe sərgiləməsi dərin təəssüf doğurur.

Azərbaycan xalqı olaraq biz, ərazi bütövlüyümüzü və suverenliyimizi qorumağa qadirik və bu yolda hər hansı bir təzyiq, ultimatum qəbul edilməzdir. Müstəqil və müasir bir dövlət olaraq Azərbaycan öz haqq yolundan heç bir halda geri çəkilməyəcək. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə biz, milli maraqlarımızı qoruyaraq beynəlxalq arenada daha güclü və sayılan tərəfdaş olmağa davam edəcəyik. Bu qətnamə Azərbaycanın gücünü və haqlı mübarizəsini bir daha ortaya qoydu. Belə sənədlər Avropa Parlamentinin öz dəyərlərinə sadiq olmadığını və beynəlxalq hüquq normalarını yalnız maraqlarına uyğun şəkildə şərh etdiyini göstərir. Azərbaycan xalqı olaraq biz bilirik ki, milli mənafelərimizi qorumaq yolunda bütün çətinlikləri dəf edəcək gücə sahibik. Bizi heç bir qərəzli sənəd, heç bir qərəzli qurum öz haqq yolumuzdan geri döndərə bilməz.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor