Xatırladaq ki, Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olmuşdur. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. Rayon Azərbaycanın cənub-qərbində yerləşir və faydalı qazıntı ehtiyatlarına malikdir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir.
Ermənistana 30 illik işğal dövründə heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması onun yeni ərazilər uğrunda müharibə planları hazırlamasına yol açdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması ilə nəticələndi. 2020-ci ilin 25 oktyabr tarixində Qubadlının üstündən qara buludlar çəkildi. 44 günlük Vətən müharibəsində Qəhrəman oğullarımız Qubadlını işğaldan azad etdi. Bu müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad olunması Böyük Qələbəni yaxınlaşdırdı. Uzun illər ayrı qaldığımız torpaqlarımıza addım-addım yaxınlaşırdıq. Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etməklə ermənilərin illərdir yaratdıqları mifləri, eyni zamanda, bu torpaqlarda qurduqları istehkamları dağıtdılar. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında dayana bilməyən erməni silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Bütün açıq və gizli havadarlarının köməyinə baxmayaraq, düşmən Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmirdi. Dünya Azərbaycan adlı ölkənin qüdrətinə, şücaətinə, yenilməzliyinə və varlığına şahid oldu. Dünyaya bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. 2020-ci ilin noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. İkinci Qarabağ müharibəsi gücümüzü, milli ruhumuzu göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq bir yumruq kimi birləşdi. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezidentin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi. Qubadlı rayonu təbii yataqları ilə fərqlənir. Rayonun işğaldan azad edilməsi ilə tikinti sektorunun tam tələbini yerli ehtiyatlar hesabına qarşılamaq mümükündür. İndi bütün işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işləri gedir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olunub.
Bu gün Zəngilandan Qubadlıya, Laçına ən müasir tələblərə uyğun yollar çəkilir. Cari ilin 4 may tarixində Qubadlıya növbəti səfərində ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlini qoymuşdur. Bu gün Qubadlı şəhəri öz tarixi memarlıq üslubunu saxlamaqla dünya şəhərsalma prinsiplərinə uyğun müasir şəkildə yenidən qurulur. Hazırda Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirir, bütöv şəhər və kəndlər, yaşayış massivləri, infrastruktur müasir tələblər əsasında qurulur. Şərqi Zəngəzurun dirçəliş dövrü başlayıb.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri