25 oktyabr 2024 09:18
315

Tələskənlik kimə sərfəlidir

Yaxud ABŞ-ın sülhə çağırışı, yoxsa növbəti manipulyasiyası?

Rəsmi Vaşinqton Bakı ilə İrəvan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına çalışır.  Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda da bu, özünü açıq-aydın görünür. Məktubda vurğulanır ki, dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz: “Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”. Amerika Prezidenti Bayden təxminən eyni məzmunlu məktubu Ermənistanın baş naziri Nikol Paşinyana da göndərib.  O, həmin məktubunda Paşinyanı Azərbaycanla sülh müqaviləsini imzlamağına tələsməyə çağırış edib. Doğrudur, Ermənistan da tələsir… Amma onun bu tələskənliyində sülh ab-havası duyulmur. Çünki özünü “sülh göyərçini” kimi göstərən  sözügedən ölkə ABŞ-dan və Fransadan aldığı gizli dəstəklər sayəsində sülh müqaviləsi ilə manipulyasiya etməkdədir. Halbuki, iki ölkə arasında sülh müqaviləsinin imzlanması prosesi həqiqətən sürətləndirə bilər. Bunun üçün Ermənistana verilən dəstəklər açıq şəkildə dayandırmalı, işğalçı ölkənin Konstitusiyasında əksini tapan ərazi iddiaları aradan qaldırılmalıdır.

Şübhəsiz, Bayden də Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bilməmiş deyil. Prezident İlham Əliyev bunu   dəfələrlə vurğulayıb. Yeri gəlmişkən, dövlətimizin başçısı oktyabrın 21-də həmin məktubu təqdim edən ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən bu vacib elementi bir daha diqqətə çatdırıb. Lakin Bayden administrasiyası  bu vacib məqamın üstündən hələ də sükutla keçir. Bu isə o deməkdir ki, ABŞ barış müqaviləsinin yarımçıq şəkildə, prinsipial məqamlara aydınlıq gətirilmədən imzalanmasını istəyir. Amma yarımçıq sülh müqaviləsinin nə zamansa erməni ambisiyalarının baş qaldıracağını əngəlləyəcəyinə heç bir təminat yoxdur. Hər halda, Ermənistanın üçtərəfli Bəyanatın icrasından yayınması, Qarabağı azad etməyimizi öz havadarları ilə birgə təcavüz kimi qiymətləndirməsi, “Dünyanın kəsişməsi” kimi sərsəm ideya irəli sürməsi, Avropa Parlamentinin və digər beynəlxalq qurumların tribunalarından əleyhimizə hədyanlar yağdırması belə qənaətə gəlməyə əsas verir. Bir sözlə, görünən odur ki,  hazırda natamam sülh sazişi həm Ermənistana, həm ABŞ-a, həm də təcavüzkar ölkənin digər havadarlarına gələcəkdə spekulyasiyalarını və təxribatlarını davam etdirmək üçün vacibdir. Belə bir durumda Ermənistana, o cümlədən Nikol Paşinyana “elçilik” edən Baydenin yarımçıq sülh çağırışları səsləndirməsi olduqca düşündürücüdür. Yeri gəlmişkən qeyd edək ki,  son günlər müxtəlif ölkələr tərəfindən Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması üçün çağırışlar edilir. Bu çağırışlarda COP29 tərəflərin sülhə gəlməsi üçün fürsət hesab olunur. Elə Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə  parlamentdə çıxışı zamanı noyabrda Bakıda keçiriləcək COP29-u Ermənistanla Azərbaycan arasında sülh prosesini müzakirə etmək üçün fürsət adlandırıb. Bu isə həmin çağırışların vahid mərkəzdən idarə olunduğuna dəlalət edir.

 Bayden Azərbaycan və Ermənistan liderlərinə məktublarında vurğulayır ki, sülh sazişinin COP29-a, yaxud ilin sonuna qədər imzalanması bütün Cənubi Qafqaz regionunu dəyişəcək. Amma Baydenin dediyi, yarımçıq sülh bölgəyə növbəti fəlakətdən başqa heç nə vəd etmir.  İndiyədək baş verənləri dərindən analiz edəndə aydın olur ki,  ABŞ Cənubi Qafqazda heç də sülhün tərəfdarı deyil. Əgər olsaydı, təcavüzkarın  silahlanmasına yardımçı olmazdı, hərbi təlimlər keçirməklə yenidən revanşizm meyillərini artırmazdı, Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahına öz müşavirini təyin etməzdi, hayların yalanlarına uyaraq ölkəmizə qarşı hədyanlar yağdırmazdı. Bu da sözügedən ölkənin sözləri ilə əməlləri arasında dərin uçurum olduğunu göstərir. Bölgəyə isə yalnız Azərbaycanın irəli sürdüyü şərtlər əsasında imzalanacaq sülh sazişi əbədi əmin-amanlıq, sülh bəxş edə bilər. Bu mənada Azərbaycanın bütün məsələlərin razılaşdırılmasından sonra sülh sazişinin imzalanmasına dair mövqeyi tamamilə məntiqlidir.  Yeri gəlmişkən, Prezident İlham Əliyev sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşmaların əldə olunmasının vacibliyini bildirib və regional sabitliyə xidmət etməsi baxımından bu müqavilənin hər bir müddəasının önəmli olduğunu vurğulayıb. Dövlətimizin başçısı, həmçinin Ermənistanın “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab edib və bu cür yanaşma presedentinin ona məlum olmadığını qeyd edib. Dövlətimizin başçısının Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən söylədiyi bu fikri də xatırlatmaq yerinə düşərdi: “Bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbirli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır”.

Bir daha qeyd edək ki, sülh çağırışı edən ABŞ və digər ölkələr bu məsələdə  səmimidirlərsə, o zaman ədalətli sülh sazişinin imzalanması üçün Ermənistana təzyiqlər etməlidirlər.  Amma onlar belə bir addım atmırlar və atmaq fikrində də deyillər. 

Qvami Məhəbbətoğlu, “İki sahil”