24 oktyabr 2024 16:29
307

Qubadlı döyüşləri: Ordumuzun gücü və iradəsinin təzahürü

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial və 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlının səthi əsasən dağlıqdır.

Qubadlı qərbdən 120 km məsafədə Ermənistanla, şimaldan Laçın və Xocavənd, şərqdən Cəbrayıl, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayon ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.

Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması demək idi. Bu gün digər işğaldan azad edilmiş bölgələrdə olduğu kimi, Qubadlı rayonunun da inkişafı ilə bağlı genişmiqyaslı işlər aparılır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri müasir normalara uyğun olaraq, təbiəti və tarixi keçmişi nəzərə alınaraq yenidən qurulur. Cənab İlham Əliyevin Qubadlıya səfərlərinin bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsət aldığından xəbər verir.

2022-ci ilin 19 oktyabr tarixində dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Qubadlı rayonuna səfər edərkən “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olublar. Burada Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər.

Artıq dörd ildir ki, düşmən tapdağından azad olan Qubadlı torpağı rahat nəfəs alır. Prezident İlham Əliyev dediyi kimi, Qubadlıya öz sahibləri qayıdıb: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Məlum olduğu kimi, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bundan sonra hər il bayram günü kimi təntənəli şəkildə qeyd edəcək.

İşğaldan azad olunan bütün rayonlarımız, o cümlədən Qubadlı qurulduqdan və insanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq. Gələcəkdə daha böyük iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması dövlət başçısının  xüsusi diqqətindədir.

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri