Ölkəmizin müasir tarixinə şərəflə yazılaraq bundan sonra da illər, əsrlər boyunca xalqımızın yaddaşında fəxr və qürur hissləri ilə xatırlanacaq günlərin sayı artmaqdadır. Belə günlərin arasında 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman hərbi qulluqçuları tərəfindən düşmən tapdağından qurtulan şəhərlərimizin yenidən azadlığına qovuşduğu tarixlər xüsusi əhəmiyyət daşıyır. Qubadlı şəhərinin düşmən əsarətindən azad olunduğu və bizi Şanlı Zəfərimizə bir addım da yaxınlaşdıran 25 oktyabr tarixi də unudulmayacaq təqvimlərdəndir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyənləşdirildi.
Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Rayonun ərazisi 802 kvadrat kilometrdir , relyefi dağlıqdır. Rayon Cəbrayıl, Laçın, Zəngilan və Xocavənd kimi mühüm ərazilərlə birləşdiyindən böyük strateji əhəmiyyət daşıyır. Regionda kənd təsərrüfatı inkişafı üçün əlverişli şəraitin olması və təbii ehtiyatların bolluğu da əhalinin əsasən bu sahələrdə fəaliyyət göstərməsinə imkan yaradır.
Qubadlı rayonunun torpaq sahələri geniş və məhsuldardır. Rayonda ümumi həcmi 79812 hektar olan torpaq fondu vardır ki, bu da bölgədə kənd təsərrüfatının inkişafına şərait yaradır. “Gəyən”, “ Məzrə” və “Yazı” adlanan düzlər, rayonda taxıl, üzüm və digər bitkiçilik fəaliyyətləri üçün mühüm ərazilərdir. Bundan əlavə, rayonda üzümçülük və heyvandarlıq geniş yayılmışdır. Burada həmçinin müxtəlif faydalı qazıntı yataqları, o cümlədən qum-çınqıl, mərmərləşmiş əhəng daşı və digər yataqlar da mövcuddur.
Qubadlı rayonunda işğala qədərki əsas iqtisadi fəaliyyət sahələrindən biri kənd təsərrüfatı idi. Rayon əhalisi taxıl, üzüm, tütün, bostan məhsulları becərməklə yanaşı, heyvandarlıqla da məşğul olurdu. Tütünçülük burada iqtisadiyyatın ən mühüm sahələrindən biri idi və geniş ərazilərdə becərilən tütün məhsulları həm daxili, həm də xarici bazarlarda satılırdı. “Yazı” və “Gəyən” düzləri bu əkinçilik fəaliyyətlərinin əsas mərkəzlərindən idilər.
1988 – ci ildən etibarən Qubadlı rayonu Ermənistanın silahlı hücumuna və təcavüzünə məruz qaldı. 1993-cü ilin 31 avqustunda rayon tamamilə işğal olundu və burada yaşayan əhali öz doğma yurdlarından məcburi köçkün düşdü.
Ermənistanın işğalı nəticəsində Qubadlı rayonunda yaşayan təxminən 29997 nəfər insan öz evlərini tərk etmək məcburiyyətində qaldı və Azərbaycanda müxtəlif yerlərə məcburi köçürüldü. İşğal dövründə rayonun ərazisindəki 7278 fərdi yaşayış evi, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və 16 körpü məhv edildi. İqtisadi və sosial infrastruktur tamamilə yararsız hala gətirildi.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşma siyasəti beynəlxalq hüququn, xüsusilə də Cenevrə konvensiyalarının pozulması anlamına gəlirdi. Xaricdən gətirilən ermənilər qanunsuz yollarla Qubadlının müxtəlif bölgələrində yerləşdirilmiş, Xanlıq kəndində xaricdə yaşayan ermənilərin maliyyə dəstəyi ilə xüsusi qəsəbə salınmışdı. Bu addımlar Ermənistanın işğal siyasətini gücləndirmək və bölgədə demoqrafik tərkibi dəyişdirmək məqsədi daşıyırdı. Halbuki Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda hər hansı məskunlaşma qanunsuz sayılır və işğalçı dövlətin törətdiyi cinayət kimi qiymətləndirilir.
25 oktyabr 2020-ci il tarixi 44 günlük Vətən Müharibəsinin dönüş nöqtələrindən biri oldu. Ermənilər bölgədə möhkəm istehkamlar qurduğundan Qubadlı şəhərinin azad edilməsi əməliyyatı günlərlə davam etdi. Şəhər ətrafında yerləşən yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi və bu mövqelərdən Azərbaycan Ordusuna müntəzəm atəş açılırdı. Əməliyyatın uğurlu keçirilməsi üçün ilk növbədə bu strateji yüksəkliklərin ələ keçirilməsi lazım idi. Bu yüksəkliklərin alınması ilə düşmənin müqaviməti qırıldı və beləliklə, 25 oktyabrda Azərbaycan Silahlı Qüvvələri Qubadlını tamamilə azad etdi. Bu əməliyyatın uğurlu icrası ilə Qarabağ müharibəsinin gedişatında mühüm bir mərhələ başa çatdı və düşmənin müdafiə xətləri bir-bir dağıdıldı.
Qubadlının işğaldan azad edilməsi, Azərbaycan Ordusunun peşəkarlığını və hərbiçilərin fədakarlığını bir daha göstərdi. Əməliyyat zamanı ilk olaraq şəhərin ətrafındakı yüksəkliklər ələ keçirildi, daha sonra isə Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi. Strateji yüksəkliklərin əldə olunması ilə Qubadlı şəhərinin təmizlənməsi əməliyyatı başa çatdı. Hərbiçilərimizin göstərdiyi şücaət və peşəkarlıq bu əməliyyatın uğurlu nəticələnməsində əsas amil oldu. Bu əməliyyat Qubadlı şəhərinin azad edilməsi ilə nəticələnməklə yanaşı, bölgədəki digər strateji nöqtələrin də nəzarət altına alınmasına imkan yaratdı.
Hərbi qulluqçularımızın bu fədakarlığı dövlətimiz və cənab Prezident tərəfindən ən yüksək səviyyədə qiymətləndirildi, 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı əməliyyatında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 mindən çox hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu gün Qubadlının yenidənqurma və bərpa işləri ən yüksək səviyyədə və sürətlə davam etdirilir. Qubadlıda aparılan bütün işlər rayonun təbiəti, meşələri, memarlığı, tarixi keçmişi diqqət mərkəzində saxlanılmaqla həyata keçirilir. Ümumiyyətlə, bu məsələ cənab Prezidentin ən çox diqqət yetirdiyi məqamlardan biridir ki, bütün rayonlarımız öz tarixi və təbii özünəməxsusluqlarını qoruyaraq bərpa edilməlidir.
Azad edilmiş ərazilərdə inşa edilmiş yeddi yarımstansiya Qubadlının 2050-ci ilə qədər davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Sovet dövründə Qubadlı rayonunun enerji istehlakı cəmi 12 meqavat idi, lakin yeni inşa olunacaq yarımstansiya 40 meqavat həcmində enerji istehsal edəcəkdir. Sözsüz ki, bu infrastruktur layihəsi bölgənin iqtisadi və sosial inkişafına mühüm töhfə verəcək.
Azad edilmiş ərazilərdə hüquq pozuntularının qarşısını almaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə 2021-ci il oktyabrın 27-də Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradıldı. Bu gömrük postu vasitəsilə qanunsuz daşımaların qarşısı alınmış, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və gömrük nəzarətinin təmin edilməsi həyata keçirilmişdir.
Hazırda Qubadlıda artıq ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, Mərkəzi Xəstəxananın, həmçinin Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Eyni zamanda, Qubadlı Ermənistanla həmsərhəd olduğundan rayonun müdafiəsinə xüsusi diqqət ayrılır, bölgədə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyət də davam etdirilir. 25 oktyabr 2021-ci il tarixində cənab Prezidentin şəxsən iştirakı ilə rayonda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi açılaraq istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin tapşırığı ilə bölgədə mühüm infrastruktur layihələri də həyata keçirilir. Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi bu layihələrdən biridir və bu yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafında mühüm rol oynayacaq. Bundan əlavə, Xudafərin – Qubadlı – Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün də mühüm addımlar atılıbdır. 2023-cü ildə bu yolun tikintisini həyata keçirmək məqsədilə dövlət büdcəsindən 20 milyon manat ayrılmışdır. Bu layihələr bölgənin nəqliyyat və ticarət əlaqələrinin güclənməsinə böyük töhfə verəcəkdir.
Qubadlı rayonunun azad edilməsi və yenidənqurma prosesi yalnız tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına mühüm töhfədir. Qubadlıda həyata keçirilən genişmiqyaslı layihələr və strateji obyektlərin inşası bölgənin gələcək inkişafını təmin edəcək, sosial həyatını yenidən canlandıracaq.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini