Uzun zaman torpaqlarımızı işğal altında saxlayan Ermənistanın qəbulolunmaz hərəkətləri, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması regionda müharibə ilə nəticələndi. Ermənistanın qeyri-konstruktiv mövqeyi, sülh imitasiyaları aydın şəkildə onun göstəricisi idi ki, işğalçı ölkə barış istəmir. Ermənistanın Tovuz təxribatı, ardınca təmas xətti boyunca mövqelərimizə hücum etməsi və ordumuzun cavab tədbirləri dünyaya xalqımızın əzminin, qüdrətinin və qəhrəmanlığının təsdiqi olan İkinci Qarabağ savaşının başlanması ilə sonuclandı. Cəbhə boyu bütün istiqamətlərdə ağır məğlubiyyətlə üzləşən işğalçı ölkənin ordusu xalq və lider birliyinin rəmzinə çevrilmiş “Dəmir yumruğ”un zərbəsi altında məhv edildi. İşğal altında olan ərazilərimiz ardıcıl olaraq azad olundu.
2020-ci ilin 25 oktyabrında Qubadlının düşməndən azad olunması növbəti qələbə kimi xalqımıza böyük sevinc və xoşbəxtlik bəxş etdi.
Qalib ölkənin qalib lideri Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.
1988-ci ildən başlayaraq Qubadlı rayonuna ermənilər tərəfindən aramsız təcavüzkar hücumlar başlanmış, dinc əhali tеrrora məruz qalmış və düşmən ölkə sistemli şəkildə insanlıq əleyhinə olan fəaliyyətini davam еtdirmişdir. Bunun nəticəsi olaraq 1993-cü il avqustun 31-də rayon dünyanın gözü qarşısında ermənilər tərəfindən tamamilə işğal olundu. İşğal nəticəsində 29997 nəfər qubadlılı doğma yurdundan didərgin düşərək, respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. İşğal dövründə Qubadlı düşmən tərəfindən tamamilə dağıdılaraq xarabalığa çevrilmiş, istismara məruz qalmışdır. Bununla yanaşı, işğal dövründə Qubadlı rayonu ərzisində Ermənistan tərəfindən gömrük qaydalarına zidd olaraq narkotik, psixotrop maddələrin və dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsi halları danılmaz fakt kimi ortadadır. Bu baxımdan işğaldan sonra Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunun yaradılması zərurət idi.
Prezident İlham Əliyevin komandanlığı ilə xüsusi peşəkarlıq və fədakarlıqla Azərbaycan Ordusu tərəfindən azad olunan Qubadlı yeni inkişaf dövrünə başlayıb, rayonun gələcək inkişafı ilə bağlı ciddi işlər görülür, mühüm infrastruktur layihələri gerçəkləşdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına töhfələr verəcək Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır.
Bundan başqa Prezident İlham Əliyevin yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına əsasən, Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun tikintisi həyata keçiriləcək.
Uzun müddət yad adamların əhatəsində insanlıq, bəşər əleyhinə cinayətlərə şahidlik edən, ərazisində narkotiklərin qanunsuz dövriyyəsi həyata keçirilən Qubadlıda bu gün bu torpağın sahibləri halal zəhməti ilə yeni şəhər qurur, qəsəbə, kəndlər salır, quruculuq, infrastruktur layihələri həyata keçirirlər.
Bu gün Qubadlıda varlığımızın təsdiqi olan Azərbaycan bayrağı dalğalanır və xalqımız Qubadlı şəhər gününü böyük sevinc və qürurla qeyd edir. Boz atın belində Bərgüşad, Həkəri boyunca Azərbaycan igidləri şahə qalxır, qurub- yaradır və tarixi yurd yerinin təhlükəsizliyini qoruyurlar. Bu xoşbəxtliyi yaşayan xalq əmindir ki, bir daha bu torpaqlara yağı ayağı dəyməyəcək. Çünki 1988-ci ildə deyil, 2024-cü ildəyik və qüdrətli Azərbaycan öz əvəzolunmaz, tarixləşən lideri ilə yenilməzdir! Ərazi bütövlüyümüzə yan baxmağa belə kimsə cəsarət edə bilməz!
Bu Vətən bir daha bölünməyəcək!
Rəşad Mahmudov,
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini