24 oktyabr 2024 10:45
249

Qubadlıya qayıdış: Zəfər dolu yolun davamı

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olub.

Qubadlı rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bu tarixi gün ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda atılan mühüm addımlardan biri olaraq yaddaşlara həkk olunub.

İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi ölkə tarixinə dönüş nöqtəsi olaraq yazıldı. Bu müharibə zamanı Qubadlı rayonu 25 oktyabrda erməni tapdağından azad olundu. 27 ildən çox davam edən işğal dövrü ərzində Qubadlı rayonu böyük dağıntılara məruz qaldı, amma bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdışının sevincini yaşayır. Tarixi Zəfər Azərbaycan Silahlı Qüvvələrinin rəşadətinin və xalqın birliyinin nəticəsidir.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində yerləşən dağlıq bir ərazidir və strateji mövqeyə malikdir. Rayonun təbii sərvətləri və coğrafi əhəmiyyəti onu bölgədə vacib məkanlardan birinə çevirir. İşğal illərində bu ərazilərdə geniş dağıntılar və talanlar baş verib.

İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Rəsmi İrəvanın qanunsuz məskunlaşma siyasəti Qubadlıdan da yan keçməmişdir. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə Konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan dövlət cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıq kəndində qəsəbə salınmışdı. Ancaq 2020-ci ildə Azərbaycanın möhtəşəm Qələbəsi ilə bu yerlər yenidən dirçəlmək şansı qazandı.

Qubadlı şəhərinin azad edilməsi Vətən müharibəsi zamanı baş verən ən mühüm hərbi əməliyyatlardan biridir. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycanın Silahlı Qüvvələrinin qətiyyətli və peşəkar hərbi planlarının həyata keçirilməsi nəticəsində uğurla başa çatdı. Qubadlı uğrunda döyüşlər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda atılan uğurlu addımlardan biri kimi dəyərləndirilir. Qubadlı şəhəri işğaldan azad edildikdən dərhal sonra sürətli bərpa və yenidənqurma işlərinə başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, Qubadlı da bu inkişafdan geri qalmır.

Postmüharibə dövründə Qubadlıda əsas sosial-iqtisadi və infrastruktur obyektlərinin bərpası ilə yanaşı, yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər ictimai obyektlər tikilməyə başlanılıb. Qubadlı şəhərinin iqtisadi potensialını bərpa etmək məqsədilə kənd təsərrüfatı, sənaye və turizm sahələri üzrə layihələr həyata keçirilir. Ərazinin münbit torpaqları, təbii sərvətləri və strateji mövqeyi Qubadlının tezliklə iqtisadi cəhətdən güclü bir rayona çevriləcəyinə ümid verir.

İlk növbədə, Qubadlıya gedən yol infrastrukturu yenidən qurulub. Hazırda rayon ərazisində genişmiqyaslı layihələr çərçivəsində əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. İşğaldan azad edilmiş torpaqlarda gömrük qaydaları əleyhinə hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq, ümumilikdə gömrük nəzarətinin tətbiq edilməsi məqsədilə Qubadlı rayonu ərazisində 27 oktyabr 2021-ci il tarixində Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postu yaradılıb.

Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılır. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.

Bütün bu işlərlə yanaşı su, elektrik və qaz təminatı sistemlərinin bərpası istiqamətində işlər davam edir. Bundan əlavə, müasir texnologiyalarla təchiz edilmiş kənd təsərrüfatı müəssisələrinin yaradılması, turizm üçün yeni obyektlərin inşası da planlaşdırılır. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan layihələr Qubadlını gələcəyin modern şəhərlərinə çevirmək məqsədi daşıyır.

Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə yanaşı, ən mühüm mərhələlərdən biri də yerli sakinlərin öz doğma yurdlarına qayıdışıdır. Hazırda dövlət tərəfindən rayonun tam bərpa olunması və əhalinin təhlükəsiz şəkildə məskunlaşdırılması üçün tədbirlər görülür. Bu proses həm də Qubadlının sosial və iqtisadi həyatının yenidən canlanmasına şərait yaradır.

Məşhur Məmmədov

Milli Məclisin deputatı