Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq
"Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır." Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərini açıqlayarkən əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritet olduğunu əsaslı şəkildə diqqətə çatdırır.
Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası işsizlik və məşğulluq problemlərinin həllinə geniş imkanlar yaratdı ki, bu da özünü əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində, rifah halının yaxşılaşmasında aydın ifadəsini tapır. Cənab İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən bu çağırışı xüsusi olaraq diqqətə çatdırır ki, bütün bunlara nail olmaq üçün iqtisadiyyat inkişaf etməlidir. Bəzi sosial-iqtisadi göstəricilərə diqqət yetirək. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi. Ötən ilin yekunlarına görə bu rəqəm 72 milyard dollardır. Yəni, bu rəqəm 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Aparılan uğurlu siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara enib. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini təşkil edir. Dövlət başçısı İlham Əliyev bu rəqəmlərin əsasında bildirir ki, bunlar sağlam maliyyə sistemimizin göstəriciləridir. Bu, bizə imkan verir ki, müstəqil siyasət aparaq. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır.
Sosial göstəricilərə gəldikdə isə qeyd edə bilərik ki, 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. «Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır» söyləyən Prezident İlham Əliyev bildirir ki, əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.
Qeyd edək ki, hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, bu və ya digər ölkələrə investisiya yatırır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar, biznes mühitinin yaxşılaşdırılması, təkmil islahatların davamlılığı Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarında liderliyini qorumasını şərtləndirir. Onu da qeyd edək ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu gün Azərbaycan dünyada ən islahatçı, təhlükəsiz ölkə kimi tanınır. Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Uğurlarımızı şərtləndirən amillər sırasında islahatların zamanın tələbinə uyğun təkmilləşməsini, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsini, yenilikçi ölkə kimi nüfuzunu daha da artırmasını, ən əsası idarəetmə sistemində təkmilləşməni xüsusi qeyd etməliyik. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması, orta təbəqənin formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun, sosial-iqtisadi sahədə davamlı inkişaf gerçəkləşdirilsin. Bunun üçün qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.
Prezident İlham Əliyev daim bu reallığı diqqətə çatdırır ki, Azərbaycanın qlobal iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili potensialı tükənməzdir: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.” Cənab İlham Əliyev onu da qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik? Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir. ÜDM-də özəl bölmənin payı 85 faizdən çoxdur. Ötən 21 ildə 2 milyondan çox yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir. Özünüməşğulluq proqramı uğurla icra edilir. Dünya İqtisadi Forumu inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq ölkə kimi təqdim etməyin vacibliyini bildirir.
Tarixi Zəfərimizin reallıqları əsasında təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də beş Milli Prioritetin reallaşdırılması əsas hədəf kimi qarşıya qoyulub. Bunların sırasında dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, eyni zamanda, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət Prioriteti də var. Bu Prioritetdə qeyd edilir ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır. Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.
Qeyd edilən çağırışların hər biri dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsasında dayanır. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi Ümummilli Lider Heydər Əliyevin bu günə hesablanmış addımları sırasında idi. Neft gəlirlərinin idarə edilməsində şəffaflıq prinsipinin qorunması, Dövlət Neft Fondunda toplanan vəsaitlərin təyinatı üzrə xərclənməsi ölkəmizin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə xidmət edən layihələrin uğurlu icrasını şərtləndirir. Qeyd edək ki, cari ilin 1 oktyabr tarixinə olan məlumata əsasən, Dövlət Neft Fondunun aktivləri 61 697,6 mln dollardır. Bu vəsaitin ayrıldığı istiqamətlərə diqqət yetirdikdə ölkəmizin hərtərəfli inkişafının əsas hədəflərdən olduğu özünü aydın şəkildə nümayiş etdirir.
Milli Prioritetlərdə yer alan əsas çağırışlardan biri budur ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır. O da bildirilir ki, davamlı və yüksək iqtisadi artım dinamik, inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu Prioritetin üç məqsəd əsasında uğurla reallaşa biləcəyi vurğulanır: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı.
Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmələrinin vacibliyini bildirdi. Bu günədək regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramının icrası məqsədə doğru atılan mühüm addım oldu. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bölgələrə səfərlərinin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qaldı. Hazırda əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası olsa da bütün bölgələrimiz dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Özünüməşğulluq proqramı icra edilir. Həmçinin ailə təsərrüfatlarına dəstək məqsədilə ABAD mərkəzləri yaradılır və coğrafiyası genişləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihənin tətbiqi ilə özünüməşğulluq sisteminin əhatə dairəsi də genişlənir. Bu sistemin yaradılması nəticəsində il ərzində 6 - 7 min vətəndaşın işlə təminatı mümkün olur.
Özünüməşğulluq proqramının həyata keçirilməsi bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılmasını da təmin edir. Dövlətdən sosial yardım alan ailələrə göstərilən yardım, dəstək nəticəsində bir çox ailələr şəxsi bizneslərini yaratmaqla büdcələrini artırmaq imkanı qazanırlar. Azərbaycan brendi olan ABAD-a marağın artması, sosial sahədə aparılan islahatların davamı, “ASAN xidmət”in analoqu olan yeni layihənin- Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərinin DOST-ların yaranması ilə ölkə vətəndaşlarının həyat tərzləri daha da yaxşılaşır.
ABAD layihəsi, bu istiqamətdə yaradılan mərkəzlər sahibkarları, kənd təsərrüfatı məhsullarını emal edən müəssisələri müasir standartlara uyğun zəruri avadanlıq, texnologiyalarla təchiz edir, xammalın hazır vəziyyətə gətirilməsinə yardım göstərir. Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində ABAD publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanında qeyd edildiyi kimi, məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır. ABAD və DOST kimi layihələrin həyata keçirilməsi ilə ölkədə sağlam biznes mühitinin yaradılması təmin edilir, Azərbaycan brendi ilə tanınan yeniliklərin beynəlxalq səviyyədə tətbiqi coğrafiyası genişlənir. Bu mərkəzlərin işğaldan azad edilmiş ərazilərimizdə yaradılması da əsas hədəflər sırasındadır. Bu torpaqların malik olduğu imkanlardan səmərəli istifadə etməklə ölkəmizin dayanıqlı iqtisadi inkişafını, həmçinin sosial müdafiənin gücləndirilməsini təmin etmək mümkündür. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq azad edilmiş torpaqlarda bərpa işləri ilə yanaşı, məşğulluğun təmin edilməsi də diqqətdə saxlanılır. Bunun üçün yeni yaradılan, eyni zamanda, təməli qoyulan sosial obyektlərə diqqət yetirmək kifayətdir.
İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, İkinci Qarabağ müharibəsində hərbi əməliyyatlar zamanı zərər çəkmiş insanlara, şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu statusda olan şəxslər üçün daim sosial dəstək proqramları həyata keçirilir, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur. Statistikaya nəzər yetirsək görərik ki, şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin qorunması, məişət problemlərinin həlli istiqamətində görülən işlər, həyata keçirilən layihələr bu gün minlərlə insanı əhatə edir. Mütəmadi olaraq qeyd edilən kateqoriyalardan olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması məqsədilə tədbirlər keçirilir. «Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir» söyləyən dövlət başçısı İlham Əliyev bu il 7 fevral tarixində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu statistik rəqəmi də diqqətə çatdırdı ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Onların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək.
Qısa təhlil əsasında belə bir ümumiləşdirməni apara bilərik ki, davamlı inkişafın əsasında iqtisadi tərəqqi dayanır. İqtisadiyyatın hərtərəfli inkişafı qarşıya qoyulan hədəflərə zamanında nail olmağa stimul verməklə yanaşı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən addımların davamlılığını təmin edir. Dövlətimizin siyasətində iqtisadi islahatların dərinləşdirilməsi, sosial layihələrin icrası əsasdır. Dünyanı bürüyən maliyyə böhranı, həmçinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi dövrə nəzər saldıqda bu reallığın şahidi oluruq ki, Azərbaycan iqtisadi artımı ilə diqqətdən kənarda qalmadı. İqtisadiyyatını düzgün əsaslar üzərində quran ölkəmiz bütün çətinlikləri aradan qaldırır. Azərbaycanın koronavirus infeksiyası ilə mübarizənin dərinləşdirildiyi zamanlarda 80-ə yaxın ölkəyə maliyyə və humanitar yardım etməsi də özündə mühüm məqamları ehtiva etdi.
Yeganə Əliyeva, "İki sahil"