22 oktyabr 2024 23:28
232

Siyasi manipulyasiyaçı Fuad Qəhrəmanlı nə istəyir?..

Paşinyanı “sülh göyərçini” kimi təqdim edib Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzlamağa maraq göstərmədiyi fikrini irəli sürmək mənəvi-siyasi deqradasiyanın ən son nöqtəsidir

COP29 yaxınlaşdıqca Azərbaycana qarşı şər, böhtan kampaniyasının miqyası genişlənir. Erməni lobbisinin təsiri altında olan bəzi beynəlxalq təşkilatlar, ayrı-ayrı güc mərkəzlərinin maliyyələşdirdiyi qərəzli media vasitələri, uzun illərdən bəri Qərbdəki ermənipərəst dairələrin çirkli pulları ilə bəslənən ölkədəki antimlli zümrə Cənubi Qafqazada geosiyasi güc kimi özünü təsdiq edən Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün güclü və təşkilatlanmış işbirliyinə giriblər. Heç kimə sirr deyil ki, bu məkrli qüvvələrin maraqlarının uzlaşdırılması eyni mərkəzdən idarə olunur. Məlum anti-Azərbaycan qüvvələrin maraqlarının kəsişməsi onların eyni səngərdə yer almasına gətirib çıxarıb.

Radikal müxalifətin lokomotivlərindən olan AXCP-nin sədri Əli Kərimlinin əsas ruporu olan “Azadlıq” qəzeti transmilli qurumlardan aldıqları sifariş və maliyyə yardımlarının dəstəyi ilə öz məkrli missiyasını yerinə yetirərək COP29 ərəfəsində ölkəmizin beynəlxalq arenada qınaq obyektinə çevrilməsi üçün yalan, şər, böhtan kampaniyasını bir an olsun dayandırmır. Bu günlərdə qəzetin “facebook” səhifəsində “Azərbaycanla bağlı Avropa Parlamenti qərar verəcək” qərəzli informasiyanın tirajlanması bunun bariz göstəricisidir. Dərc olunan materialda bildirilir ki, Avropa Parlamenti oktyabrın 22-də Azərbaycanda insan haqlarının vəziyyəti və Ermənistanla münasibətlərə dair müzakirələr keçirəcək. Qeyd olunur ki, müzakirələrdən sonra “Azərbaycandakı vəziyyət, insan haqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” başlıqlı qətnamə layihəsi cümə axşamı səsverməyə çıxarılacaq.

Məqalədə demək olar ki, rəsmi İrəvanın yarımçıq sülh məkri mənəviyyatsızcasına müdafiə olunur: “Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan son dövlərdə bir sıra çıxışlarında rəsmi Bakını razılaşdırılmış müddəalar üzrə sülh sazişi bağlamağa, qalan məsələlər üzrə danışıqları davam etdirməyə çağırıb. Azərbaycan prezidenti İlham Əliyev isə Yerevanın bu təklifini reallıqdan kənar hesab etdiyini bildirib. “Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz”, İ. İlham Əliyev İ.Əliyev oktyabrın 14-ü Belçikanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edərkən deyib”.

Bunun ardınca AXCP sədrinin müavini, siyasi manipulyasiyaçı Fuad Qəhrəmanlı özünün “Facebook” səhifəsində yazdığı “Baydenin  Əliyevə məktubunun diplomatik şifrəsi nədir?” adlı cızmaqarasında Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzlamağa maraq göstərmədiyi fikrini irəli sürür. Təbii ki, “yazı”dakı bu və bu kimi fikirlər cəfəng iddiadan, yalan, iftira, qeybət və boş söz-söhbətdən başqa bir şey deyil. Gerçəklik odur ki, bütün dünyaya özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışan N.Paşinyanın yarımçıq sülh sazişini tələm-tələsik imzalamaq istəyi gələcəkdə Azərbaycana qarşı ərazi iddiası irəli sürmək niyyətindən qaynaqlanır. Belə olmasaydı rəsmi İrəvan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün yaranmış əlverişli tarixi şəraitdən istifadə edərdi. Digər yandan, F.Qəhrəmanlı özü də yaxşı bilir ki, rəsmi Bakı bütün platformalarda aparılan sülh danışıqlarının irəliləməsi üçün əlindən gələni edib.

Prezident İlham Əliyev  oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edərkən deyib ki, sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarı məhz Azərbaycandır. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb. Azərbaycan sülh müqaviləsinə  yalnız gələcəkdə iki ölkə arasında deyil, bütövlükdə regionda normal münasibətlərin yaranması, daimi sülhün, sabitliyin, əməkdaşlığın qorunmasının təminatı kimi yanaşır.

Gerçəklik ondan ibarətdir ki, N.Paşinyan sülh sazişinin imzalanmasında səmimi deyil. Bu mənada Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ötən həftə Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində “Ermənistanın sülh prosesindəki mövqeyinə şübhə ilə yanaşırıq” deməsi təsadüfi deyil. E.Əmirbəyov Ermənistanın Almaniyadakı səfirinin “Azərbaycanla sülh sazişi lap elə gələn birinci gün imzalana bilər” ifadəsini qeyri-real və aldatma xarakterli bir açıqlama kimi dəyərləndirib. O, Ermənistanın bu prosesdə beynəlxalq ictimaiyyəti yanıldaraq, konstruktiv addımlar atdığı görüntüsünü yaratmağa çalışdığını vurğulayıb: “Əslində isə Ermənistan prosesin irəliləməsini gecikdirir və sülh danışıqlarını dalana dirəyir. Ən böyük problem də Ermənistanın hələ də öz konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını saxlamasıdır”. 

Danılmaz faktdır ki, hazırkı Ermənistan konstitusiyası da Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün əngələ çevrilib. Həmçinin Ermənistan konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Rəsmi  Bakı bunun aradan qaldırılmasını istəyir. Belə olan halda görəsən, F.Qəhrəmanlı nə istəyir?..

Zahid Rza, “İki sahil”