23 oktyabr 2024 00:27
228

Hay demokratiyası və ya mağara qaydaları...

Hayastanı demokratik ölkə adlandıran Avropa gözünü açıb yaxşı baxsın

ABŞ və bəzi Avropa ölkələrində rəsmilər, siyasətçilər, senatorlar və konqresmenlər, bir çox beynəlxalq təşkilatların rəhbərləri Hayastanı elə steril cəmiyyət kimi qələmə verirdilər ki, bu ölkədə insan hüquqlarının kobudcasına pozuntusu haqqında məlumatı olmayanların ağızları sulanırdı. Düşünürdülər ki, nə gözəl cəmiyyətdir, insanların hüquqları ermənicə qorunur, rusca bir  turş kəlmə işlədən yox, təsadüfən it itin ayağını basanda dönüb min dəfə üzr istəyir. Bunlardan başqa həm də guya haylar “binəsib», "yazıq", "əzik-üzük" millətdir. Yəni, peyini şokolad kağızına büküb dünyaya sırıyırdılar. Ancaq belə nağıllara daha qulaq asan və inanan yoxdur. Artıq hamıya məlumdur ki, silahlı dəstələrin at oynatdığı, cinayətkarlığın baş alıb getdiyi Hayastanda vəziyyət heç də nəql edilən quraşdırma nağıllardakı kimi deyil.

Lakin indi söyləyəcəyimiz kiçik epizod nağılbazların ya dərin yuxuda olduqlarını, ya da bilərəkdən "atı daşlığa sürdüklərini" bir daha isbatlayacaq. Amma qətiyyən inanmaq olmaz ki, şeytana papış tikən avropalılar hayların hansı yuvanın quşu  olduğunu bilmirlər. Çox yaxşı bilirlər. Sadəcə kölə xarakterli din qardaşlarından öz mənfəətləri üçün istifadə etməyə çalışırlar. Ona görə də Hayastanda demokratiya bazarı açıblar. Əslində burada baş verən əcaib cinayət hadisələri toplumun antidemokratik və kriminal sifətini açıb ortaya qoyur. Buna dair saysız-hesabsız faktlar və dəlillər gətirə bilərik. Yalnız iki fakt göstərməklə avropalı don juanların dünyanın ən böyük yalançıları olduqlarını göstərəcəyik. Hadisə belə olub.

Bu günlərdə Ermənistan parlamentinin keçmiş deputatı Rubik Akopyanın qurumun plenar iclasından qovulmasının səbəbləri mediaya məlum olub.  Akopyan tragikomediyaya oxşayan hadisəni təfərrüatı ilə nəql edib. İrəvan mediasına istinadən xəbər verilir ki, o məşum gündə Ermənistan parlamentinin mühafizəçiləri Rubik Akopyanı tələm-tələsik zaldan və parlament binasından çıxarıb bayıra atıblar. Mühafizəçilər bu "işi" elə sürətlə icra ediblər ki, hətta ona şəxsi əşyalarını götürməyə belə imkan verməyiblər. O məqsədlə ki, lazım olsa çantadan cinayət tərkibli "nəsə" çıxacaq...

Keçmiş deputat Akopyan parlament aparatının rəhbərinin əmrinə əsasən “Milli Məclis sədrini təhqir etdiyinə görə” binadan çıxarılıb. Bundan bir qədər əvvəl Akopyan parlamentin tribunasından Ermənistan Milli Məclisinin sədri Alen Simonyanı təhqir edərək onu "fahişə" adlandırmışdı. Gör ha, Hayastanda demokratiya necə qıcqırıbsa, dövlətin üç rəhbərindən birini küçə söyüşü ilə nüfuzdan salan şəxsə "gözün üstə qaşın var" deyən yoxdur. Divarların arxasında polislərin şillə-təpiyini "yesə" də  ona heç bir söz deməyiblər. Bunu da ermənisayaq demokratiyanın bir "nümunəsi" sayıblar. Avroşarlatanlar isə faktın üstündən sükutla keçirlər. Dediklərinə görə, Hayastanda demokratiya var axı.

Ancaq bu Rubik də dinc duran deyil, parlamentdə lap zilə çıxıb: “Ermənistanın Müstəqillik Bəyannaməsini qorumağın yeganə yolu var – hazırkı baş nazir Nikol Paşinyanın simasında bu bəladan tezliklə xilas olmaq. Biz üsyan etməliyik. Vergilərimiz hesabına dolanan dövlət qurumları bizim hüquqlarımızı pozur”.

Gic ermənidir də, qoy nə deyir, desin. 1998-ci ildə parlament sədrinin, baş nazirin və altı deputatın zalda güllələnib öldürülməsindən betər deyil ki? İndiki olay onun yanında lap toya getməlidir. Yazıq Rubik nə deyir axı, sadəcə, hayları qızışdırıb dövlət çevrilişinə çağırır.

Azərbaycana daim şər-böhtan yağdıran avropalı siyasətbazlar isə Ermənistandakı dövlət çevrilişinə çağırış və hazırlıq barədə susur, özlərinin icad etdikləri ikili standartların arxasında gizlənməyə cəhd edirlər. Nikol Paşinyanın baş nazir seçkilərində, İrəvanda Rusiya əleyhinə mitinqlər zamanı şəhərdəki dağıntıları, orada insanların hüquqlarının pozulmasını Avropanın “həqiqət carçıları” beynəlxalq aləmdən gizlətməyə çalışdılar. Ancaq Azərbaycanda həbs edilmiş konkret cinayət törədənləri “siyasi məhbus” elan etdilər. Otuz iki illik münaqişədə Ermənistanın quldur hərbi birləşmələrinin törətdikləri qanlı cinayətlərə Avropada hələ də mənfi münasibət bildirilmir, dolayısı ilə erməni terrorizminə haqq qazandırılır. Sanki bir milyon soydaşımızın silah gücünə öz yurdlarından didərgin salınması insan haqq və hüquqlarının vəhşiliklə pozulması demək deyil. Lakin heç utanmadan hayların insan hüquqları barədə gəvəzələyir və bunun adını demokratiya qoyurlar. Məgər demokratiya beləmi olur? Xeyr. Bu, ikiüzlülərin, həqiqəti pərdələyənlərin, bir neçə standartı olanların "demokratiyası"dır.

Vəli İlyasov, "İki sahil"