23 oktyabr 2024 00:57
245

Fransanın növbəti dayaz və bəsit cəhdləri…

Rəsmi Paris Cənubi Qafqazda yenidən gərginlik yaratmaq əvəzinə özünün ləkəli tarixinin yaratdığı problemlərin həlli ilə məşğul olsa yaxşıdır

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Fransanın ölkəmizə qarşı aqressiv siyasəti daha da şiddətlənib. Rəsmi Paris əsassız olaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır və bütün platformalarda Azərbaycana qarşı böhtan kampaniyası aparır. Görünən odur ki, Fransa ermənilərdən çox ermənilik edir.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot ənənəsinə sadiq qalaraq bugünlərdə yenə də Azərbaycanı hədəfə alıb. O, “France İnter” kanalına müsahibəsi zamanı bildirib ki, guya Azərbaycan Ermənistana münasibətdə beynəlxalq hüququ pozur. Fransız nazirin ölkəmizin Ermənistana münasibətdə beynəlxalq hüququn hansı norma və prinsiplərini pozmasını nəzərdə tutduğu müəmmalıdır. Amma aydın olan bir məqam var. Bu da Ermənistanın təxminən 30 ilə yaxın beynəlxalq hüquqa, onun sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü kimi başlıca prinsiplərinə məhəl qoymamasıdır. Xüsusilə BMT Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında təsbit edilmiş ərazi bütövlüyü prinsipinin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ermənistan isə Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ərazilərini işğal etmiş, həmin ərazilərdən qeyd-şərtsiz çıxmaqla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə əməl etməmiş, üstəlik, işğal etdiyi ərazilərdə daha bir cinayət – qanunsuz məskunlaşdırma siyasəti həyata keçirmişdir. Guya ki, bütün bunlardan Fransa XİN başçısının xəbəri yoxdur? Əlbəttə ki, var. Amma…

Xarici İşlər Nazirliyinin mətbuat  katibi Ayxan Hacızadə fransız nazirin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə dair şərhində bildirib ki, Jan-Noel Barrotun müsahibə zamanı Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu bildirməsi bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətinin, beynəlxalq hüquqa dayaz və səthi yanaşmasının göstəricisidir.

Azərbaycanın bütün addımlarında beynəlxalq hüququ və ədaləti əsas götürdüyünü diqqətə çatdıran XİN rəsmisi qeyd edib ki, ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur və Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur.

A.Hacızadə açıqlamasının davamında bildirilib: “Maraqlıdır ki, özünü beynəlxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulmasını tənqid etməyib. Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik”.

Görünən odur ki, Ermənistandan bir alət kimi istifadə edən Fransa bu gün Cənubi Qafqaza aqressivcəsinə, radikal düşüncə ilə soxulur və bu da neokolonial təfəkkürün göstəricisidir. Paris hər fürsətdən istifadə edərək Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündən salmağa cəhd göstərir. Ermənistanı “qurban”, Azərbaycanı isə “təcavüzkar” göstərməyə can atmaqla fransız siyasətçilər sanki tarixi “missiyalarını” yerinə yetirdiklərini düşünürlər. Belə görünür ki, Fransanın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi yoxdur. Çünki rəsmi Paris yenə də anti-Azərbaycan siyasətlərini davam etdirir və bununla da özlərini Cənubi Qafqazda sülh prosesindən faktiki olaraq təcrid edirlər. 

Demokratiyadan dəm vuran rəsmi Paris bu gün  Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləməlidir. Bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarının kobud pozuntusu deyil, həm də  Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş təzyiq kimi qiymətləndirilməlidir. Fransa Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübuta yetirir. Bu cür hərəkətlər Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir. Bu, Fransanın demokratiya siyasətindəki ikili standartların mövcudluğunu bir daha təsdiqləyir. Fransa Cənubi Qafqazda yenidən gərginlik yaratmaq əvəzinə, özünün ləkəli tarixinin problemlərinin həlli ilə məşğul olsa, sözüm də elə burada bitsə yaxşıdır…

Yaqut Ağaşahqızı, “İki sahil”