23 oktyabr 2024 01:58
246

Qərbin Ermənistana hərbi dəstəyinin demokratiyaya nə aidiyyəti?

Ermənistanla sülh sazişi beynəlxalq hüquqa əsaslanan Azərbaycanın tələbləri və şərtləri əsasında imzalanacaq

Azərbaycanda keçirilən mühüm tədbirlər ərəfəsində ABŞ-ın, onun dilmancı (müasir dillə desək sözçüsü) Avropa İttifaqının, Avropa Parlamentinin gündəliyinin əsas mövzusu Cənubi Qafqaz, daha dəqiq deyilsə Azərbaycanla bağlıdır. Çünki ölkəmizə qarşı eyni mənbədən qaynaqlanan təxribatlar bu qurumlar tərəfindən paraflanır, sonrakı mərhələ kimi Norveç, Niderland kimi ölkələrə ötürülərək «bəyanatlar, qətnamələr» şəklində «işıq üzü görür.» Ölkəmizdə keçirilən «Eurovision-2012» musiqi yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları zamanı həmin dairələrin sınaqdan keçirdikləri «təcrübə» COP 29 ərəfəsində təkrarlanır. Səbəb isə Azərbaycanın İkinci Qarabağ müharibəsində siyasi, hərbi qüdrəti ilə adı yuxarıda çəkilən qurumların ərköyünü Ermənistana qalib gəlməsi, onu dəstəkləyənlərə də dərs verməsi, suverenliyini tam təmin etməsidir. Başqa sözlə deyilsə, daim boyunduruq altında inildəyən dilənci rəsmi İrəvandan fərqli olaraq Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını öz gücü hesabına, ədalət prinsipləri əsasında azad etməsidir. Sözdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına tərəfdar olduqlarını bildirən ABŞ başda olmaqla Qərbin, o cümlədən Avropa İttifaqının (Aİ) son zamanlarda Ermənistana göstərdikləri hərbi dəstəyin demokratiyaya zərrə qədər aidiyyəti yoxdur. Aİ-nin «binokl diplomatiyası»ndan başlanan, Azərbaycanın razılığı olmadan Ermənistanda yerləşdirdiyi Mülki Missiyasının tərkibini nəzərdə tutulduğu saydan qat-qat artırmasına, ona az qala NATO statusu verilməsinə, işğalçı ölkədə hərbi təlimlərin keçirilməsinə, Fransanın, Hindistanın təyyarələrinin heç bir maneə olmadan rəsmi İrəvana silah-sursat daşımalarına da xeyir –dua verən elə Ağ Evdir .

Özünə tərəfdaş adlandırdığı Azərbaycana göndərdikləri nümayəndə heyətləri vasitəsilə guya Cənubi Qafqazda sülhün təminatı üçün «səylərini artracağını» bildirən rəsmi Vaşinqton təmsilçiləri Ermənistanı silahlandırmaq niyyətlərinin səbəbini açıqlamırlar. Çox uzağa getməyək…

Bu günlərdə ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin ölkəmizə səfərini yada salaq. Prezident İlham Əliyevin qəbulunda olan Maykl Karpenter ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim etdi. ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, bunun üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu söylədi. Amma necə deyərlər, «Halva-halva deməklə ağız şirin olmaz.» Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirdi ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var. Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu ABŞ rəsmisinin diqqətinə çatdıran, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı. Yəni, sülh müqaviləsinin imzalanması üçün başlıca şərt olan Ermənistanın konstitusiyasında yer alan Azərbaycanın torpaqlarına ərazi iddialar ilə bağlı maddənin ləğvi kimi önəmli məsələnin üstündən sükutla keçən, üstəlik rəsmi İrəvanı ən müasir hərbi avadanlıqlarla təmin edən Ağ Evin «sülh müqaviləsinin imzalanması»na dəstəyinin hansı formada olacağı müəmmalıdır. Başqa sözlə deyilsə, silahların danışdığı meydanda «sülh» ifadəsi təbii ki, qara alov rəngində görünür.

Bu kimi təzadlı məqamlar bir daha göstərir ki, özlərinin əməl etmədikləri demokratiya çətiri altında Azərbaycana qarşı təhdidlərini davam etdirən, dünya siyasətini özlərinin maraqlarına uyğun «tənzimləyən», beynəlxalq hüquq normalarını istənilən məqamda «korrektə edən» supergüclərin yürütdükləri siyasətin təməlində riyakarlıq, xəyanət, milli münaqişələrə, terrorizmə dəstək dayanır. Güya separatizmə qarşı mübarizəyə həsr olunmuş əvvəlki görüşlərdə Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanı bölgəni Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ kimi Avropa İttifaqı da Azərbaycanın torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasını bir dəfə də olsun yada salmayıb. Əksinə, onlar Ermənistanın maraqlarına cavab verən qətnamələrin qəbulunda səxavətlərini əsirgəməyiblər.

Azərbaycana qarşı düşmən münasibətlərini açıq- aşkar bildirən, ABŞ-ın, Rusiyanın, Fransanın təmsil olunduğu ATƏT-in Minsk qrupundan ibarət həmsədrlər institutunun formalaşdırılmasında da məqsəd Ermənistanın təcavüzkarlıq siyasətinə dəstək olub. Tarixin arxivinə atılmış qondarma «Dağlıq Qarabağ münaqişəsi»nin dondurulmuş vəziyyətdə qalması üçün bütün imkanlardan istifadə edən bu «üçlük» Xocalı soyqırımı da daxil olmaqla erməni quldurlarının işğal altında qalan ərazilərimizdə törətdikləri vəhşilikləri, siyasi, iqtisadi, mədəni, ekoloji terrorları görməzdən gəlirdilər. ABŞ-a səfər edən separatçılara «Qarabağa yardım» adı altında vəsait toplanılırdı. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirirdilər. İslamofobiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyi ABŞ kimi Qərb də terrorla mübarizə adı altında təkcə müxtəlif ölkələrin daxili işlərinə müdaxilə etmir, həmçinin Şərq ölkələrində «ərəb baharı», «qızılgül inqilabı» ssenarilərini həyata keçirirdilər. Amerika əsgərlərinin illər öncə Vyetnamda törətdikləri tükürpədici cinayətlərin ağrı-acısı unudulmur. Bəşər tarixində ilk və yeganə nümunə olan ABŞ-ın Silahlı Qüvvələrinin polkovniki, ekipaj rəhbəri Rol Tibbetsin başçılığı ilə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərində törətdilən atom bombardmanı nəticəsində minlərlə insan həyatlarını itirdilər, ömürlük əlil oldular. ABŞ hərbçiləri İraqda, Əfqanıstanda, Liviyada kütləvi qırğınlar törətdilər. ABŞ-ın Şərqə gətirdiyi «demokratiya»” nəticəsində yüz minlərlə müsəlman qətlə yetirildi, insanlar doğma yurdlarını tərk etdilər. Müsəlmanlara qarşı işgəncələrin amerikalı əsgərlər tərəfindən belə etiraf olunması, qətliamların gülüşlə seyr edilməsi, İslami dəyərlərin tapdanılması amerikansayaq demokratiyanın iyrənc siması idi. Biabırçı Əbu-Qreyb, Quantanamo həbsxanalarında törədilən qeyri-etik, ağlagəlməz vəhşiliklərə görə məsuliyyət daşımalı olan ABŞ-ın bu gün özünü «insan haqlarının havadarı» kimi təqdim etməsi, multikultural, tolerant ölkə olan Azərbaycandan guya Qarabağdan zorla çıxarılmış ermənilərin müdafiəsinə qalxması gülüncdür.

Artıq gizli deyil ki, dünyada baş verən milli münaqişələr, sayı milyonları ötən miqrantlar ordusu ABŞ-ın istək və planlarının mənfur nəticəsidir. «Demokratiya, insan hüquqları» kimi bəhanələrlə ən çox üzləşən Azərbaycanda hakimiyyət çevrilişlərinə cəhd edən, «beşinci kolon»nu yaradan, maliyyələşdirən ABŞ-ın, Qərbin ölkəmizi «suriyalaşdırmaq» cəhdlərini aktuallaşdırması separatizmə, erməni faşizminə «yaşıl işıq» yandırmaqdır.

44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra mənfur niyyətlərini başqa metodlarla davam etdirən ABŞ-ın «feministlər»dən”, Vətən müharibəsindəki Zəfərimizə kölgə salan «NO WAR”»çılardan istifadə cəhdləri də baş tutmadı. Vaşinqtonda ABŞ-ın Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşlər də istənilən nəticəni vermədi.
 Laçın sərhəd- keçid məntəqəsinin açılmasından narahat olan ABŞ Qarabağda keçirilmiş qeyri-qanuni « prezident seçki»sini sükutla qarşıladı. Ölkəmizə qarşı səmimi niyyətində olmadığını «yurikim»lərin ABŞ Konqresdəki çıxışları ilə bəyan edən Ağ Evin hələ də «Dağlıq Qarabağ xalqının» hüquqları”ndan danışması, Qarabağdakı hərbi xunta başçılarını müdafiə etməsi Ermənistandakı revanşistləri yeni müharibəyə hazırlamaqdır.

Ukraynanı qızışdıraraq Rusiya ilə müharibəyə sövq edən və silah-sursat təchizatı ilə manipulyasiya edərək Kiyevi tamamilə özündən asılı vəziyyətə salan ABŞ eyni siyasətini Ermənistanda davam etdirir. Oxşar motivlər, ssenarilər əsasında hazırlanan planların Cənubi Qafqazda tətbiqi üçün Azərbaycana və Gürcüstana qarşı təxribatların genişlənməsi təsadüfi deyil. Ağ Evdə, Yelisey Sarayında «Qarabağda humanitar böhranın yaşanması»” kimi həqiqətdən çox uzaq gurultulu hay-küylərin qaldırılması yaxın zamanlarda baş verən anti-Azərbaycan təxribatlarının kiçik parçasıdır. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, beynəlxalq hüquqla təsbit olunmuş suveren haqqımızı heçə sayan, korrursiya əməllərində ittiham edilən ermənipərəst senator Robert Menendez kimi ABŞ Dövlət Departamentinin yüksək ranqlı rəsmilərinin guya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ilə bağlı sözləri də həqiqətdən çox-çox uzaqdır. Buna görə də hansısa xarici dirijor çubuğu ilə Azərbaycanın hədəfə alınması baş tutan sevda deyil. Hazırda Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətini təsdiqləyən imza vardır.

Prezident İlham Əliyev Ali Baş Komandan kimi torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına tarixi Zəfərin sevincini yaşatdı.
Bütün dünya gördü ki, qüdrətli, milli ruhu daim yüksək olan, müxtəlif sivilizasiya və mədəniyyətlərin irsini özündə birləşdirən, bəşəri dəyərlərlə paralel milli və dini dəyərləri qoruyub saxlayan, bunları inkişaf tarixində, gündəlik həyat tərzində, daxili və xarici siyasətində əks etdirən Azərbaycan unikal ölkədir və xalqımızın yenilməzlik ideyası tükənməzdir. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəsi ilə Avrasiya materikinin siyasi-iqtisadi xəritəsini dəyişdi. Cənubi Qafqazın tranzit-logistika, həmçinin regionun Qərb-Şərq və Cənub-Şimal marşrutlarının imkanlarını artırdı. Beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrinin müəllifi, etibarlı tərəfdaşı olan Azərbaycanın Orta Dəhlizdəki alternativsiz rolu ölkəmizə etimadı daha da artırır. Cənubi Qafqaz Asiya və Avropa, həmçinin Yaxın Şərq arasında vacib bölgə, Azərbaycan isə regionda ən strateji məkandır. Müstəqil xarici siyasət kursuna sadiq, diplomatik uğurları artan Azərbaycana ABŞ-ın xarici siyasətinə təsir imkanları hiss olunan ermənipərəst konqresmenlərin, lobbilərin ölkəmizə müdaxiləsi qeyri-mümkündür.

«Beynəlxalq siyasətin dəmir qanunu”» hesab edilən demokratiyadan antidemokratik məqsədlərlə istifadə edən ABŞ-da gələn ay keçiriləcək prezident seçkiləri ərəfəsində baş verən terrorlar, prezidentliyə namizəd Donald Trampa qarşı edilən sui-qəsdlər Ağ Ev demokratiyasının əsl görüntüsüdür. Ermənistanı silahlandırmaqla Cənubi Qafqaza sahiblənmək istəyənlərin niyyətləri baş tutmayacaq. ABŞ-da keçirilən Demokratiya sammitlərində Azərbaycana böhtan yağdıranların, Qərbin özünəməxsus ənənəvi oyunlarının iştirakçılarının qəbul etdikləri anti-Azərbaycan qətnamələri Prezident İlham Əliyevin söylədiyi kimi, gərəksiz kağız parçasından başqa bir şey deyil. Qanlı caynaqlarını ilişdirmək üçün «demokratiya axtarışı»na çıxanlar üçün Cənubi Qafqaz heç zaman poliqon ala bilməz. «Demokratiya nəzəriyyəçilərinin», siyasi korların söylədiklərinin əksinə sabitlik və təhlükəsizlik, nadir siyasi sabit ölkəı olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.

Bu baxımdan son aylarda Bayden Administrasiyasının, Konqresin və Senatın rəsmi nümayəndələrinin İrəvana təşrif buyuranların , «desant dəstələri»nin sayının artması işğalçını silahlandırmaq cəhdlərinin açıq-aşkar etirafı ABŞ-ın və Qərbin Cənubi Qafqaza soxulmaq niyyətlərini əks etdirən mənfur ssenarilərdir. Belə ki, Qərbin «azadlıq və demokratiya oyunları» davam etsə də qarşılıqlı əməkdaşlıq siyasətinə sadiq, üzərinə götürdüyü öhdəliklərə əməl edən rəsmi Bakının kənar tövsiyələrə ehtiyacı yoxdur. Müstəqil daxili və xarici siyasəti olmayan, idarə olunmağı genlərində yaşadan Ermənistan ABŞ, Qərb üçün poliqon ola bilər. Amma Prezident İlham Əliyevin bu sözlərini isə qulaqlarında sırğa etsinlər: «Bax, burada oturmuş özünü «prezident”» adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Bu binaların birində oturmuş, özünü «baş nazir»” adlandıran bir adam görəsən bu gündəmi bizi hədələməyə cürət edəcək? Onun da çayı bu gün istintaq təcridxanasında verilir. Burada özünü «xarici işlər naziri»” adlandırmış bir separatçı o vaxt belə kinayə ilə deyirdi ki, Azərbaycan Bayrağını Xankəndidə qaldırmaq istəyirsə, səfirlik açsın bizim ölkəmizdə. İndi onun da çayı orada, təcridxanada verilir. Bizim Bayrağımız isə bax, oradadır. Bu, dərs olmalıdır onlara. Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın»

Xuraman İsmayılqızı, «İki sahil»