23 oktyabr 2024 03:01
253

Biz ancaq öz gücümüzə arxalanmalıyıq, öz potensialımıza güvənməliyik

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin fonunda ölkəmizin malik olduğu iqtisadi imkanlar, tarixi irsimizin qorunmasının prioritetliyi özünü aydın şəkildə nümayiş etdirir

Yeni dövr yeni hədəfləri ilə diqqətdədir. Cənab İlham Əliyev istər prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində, istərsə də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, onlara nail olmaq üçün iqtisadiyyat inkişaf etdirilməlidir.

İşğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin əsas tərkib hissələrindən biri mədəni, tarixi irsimizin qorunması, tarixi abidələrin bərpa edilməsidir. Dövlətimizin başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında diqqəti bu statistik rəqəmlərə yönəltdi ki, ermənilər tərəfindən dağılmış yeddi məscid yenidən qurulmuşdur. Səkkiz məscidin inşası davam edir. Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları, - yəni bu coğrafiyada belə genişmiqyaslı işləri aparmaq doğrudan da xalqımızın böyük imkanlarını göstərir. Burada söhbət təkcə maliyyə vəsaitindən getmir: “Bizim qurduğumuz dövlət, eyni zamanda, texniki imkanlara malikdir. Kadr hazırlığı da yerindədir. Çünki bu işləri görmək - üç min metrdən yuxarı hündürlüyü olan dağlarda qış vaxtında elektrik xətləri çəkmək, doğrudan da böyük peşəkarlıq tələb edir. Yəni, ölkəmizin potensialı budur. Biz buna hazırıq. Biz torpaqları azad edən kimi dərhal buna başlamışıq. Hətta onu da deyim ki, hələ 44 günlük İkinci Qarabağ müharibəsi bitməmişdi, biz Ağdərə rayonunda artıq yol infrastrukturunu inşa etməyə başlamışdıq. Əlbəttə ki, gələcək illərdə işlər daha sürətlə gedəcək.”

Əsrlər boyu xalqımız öz mədəniyyətini qoruyub. Bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək. Uzun illər ərzində Azərbaycan müstəqillikdən məhrum idi, xalqımız başqa dövlətlərin tərkibində yaşayırdı. Buna baxmayaraq xalqımızın iradəsi, milli köklərə bağlılığı imkan vermədi ki, assimilyasiyaya uğrasın. Mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb. Mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Milli-mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqətlə yanaşmışdır. Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Xalqımızın ən qiymətli sərvəti olan dilimizə başqa millətlərin nümayəndələrinin verdikləri qiymətdən də aydın olur ki, səlis, axıcı, ahəngdar Azərbaycan dili türkdilli xalqlar arasında da seçilir və sevilir. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan Azərbaycan dilinin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur. “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir” söyləyən Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdəki mövqeyindən, peşəsindən, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur.

“Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən Ulu Öndər Heydər Əliyev daim bu çağırışı edirdi ki, gələcəyimiz olan gənclər milli-mənəvi dəyərlərimizi unutmamalı, tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Bir əsas məqamı da qeyd edək ki, Ümummilli Lider Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsirini xüsusi vurğulayırdı. Ulu Öndərin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Son 21 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan davamlı addımlardan daha aydın görünür. Bunun üçün təkcə son illərdə bu istiqamətdə atılmış addımlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı, 2019-cu ilin “Nəsimi ili”, 2021-ci ilin “Nizami Gəncəvi ili”, 2022-ci ilin “Şuşa ili”, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi də deyilənlərin təsdiqidir. “Heydər Əliyev ili” müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin geniş təhlilinə, Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların, ən əsası azərbaycançılıq ideologiyasının təbliğinə geniş imkanlar yaratdı. Cənab İlham Əliyev bu ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində hədəfləri açıqlayarkən bu mühüm məqamı xüsusi qeyd etdi ki, azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir: “Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik. Biz hamımız şəhidlər vermişik, qan tökmüşük. Erməni işğalçılara qarşı sinəmizi qabağa verib döyüşə getmişik. Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur.” Dövlət başçısı İlham Əliyev bu sahədə çox böyük tarixi nailiyyətlərin olmasına baxmayaraq müxtəlif istiqamətlərdən bu birliyi pozmaq, aramıza girmək, təxribat xarakterli uydurmaları ortaya atmaq cəhdlərinin də kifayət qədər çox olduğunu və olacağını bildirdi. Vurğuladı ki, çünki bizi istəməyən qüvvələr, gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq. Birliyimiz bu səylər qarşısında bir sədd kimi durmalıdır və durur.

Prezident İlham Əliyev andiçmə mərasimində bu çağırışı da etdi ki, elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın. Burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır. Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc, hər bir uşaq üçün əsas tərbiyədir. İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə, milli ləyaqətlə, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, həmçinin qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm daşıyır. Bütövlükdə milli-mənəvi dəyərlər cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıq, sarsılmaz dəyərdir. Bunu sarsılmaz etmək bizim əlimizdədir.

Azərbaycan mədəniyyətinin, milli-mənəvi sərvətlərinin qorunub saxlanılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram və layihələri xüsusi qeyd etməliyik. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Əvvəldə də qeyd etdiyimiz kimi, 30 illik işğal dövründə bu torpaqlarımızda bütün tikililər tamamilə dağıdılıb. Azərbaycan xalqının izlərinin itirilməsi üçün bütün tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Hər zaman bu məqamı qeyd etməyi özümüzə borc bilirik ki, azad edilmiş torpaqlarımızın hər daşı, qayası bir tarixdir. Hazırda danışan, bu məkanlara gələn xarici qonaqları 30 illik işğal dövrünün reallıqları ilə məlumatlandıran həmin daşlar, qayalardır. Ermənilər tarixi və dini abidələrimizi dağıtmaqla bu torpaqları erməniləşdirməyə çalışsalar da sonda zəfər çalan tarixi ədalət olur.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə tarixi Zəfərimizdən sonra “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsinin bərpası da özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - “Heydər Əliyev Mükafatı” ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.” Bunu da xüsusi qeyd etməliyik ki, milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Həmçinin aşıq sənəti, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənəti UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilib. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində görülən işlərdən bəhs edərək bildirir ki, çox şadam ki, gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar. Bu, çox təqdirəlayiq bir haldır. Çünki bəzi hallarda gənclər daha çox populyar musiqiyə, yəni, bəzi hallarda xarici musiqiyə üstünlük verirlər. Çox şadam ki, bizim gənclərimizin mütləq əksəriyyəti milli incəsənətimizə, musiqimizə bağlı olan insanlardır. Əlbəttə ki, bizim tanınmış muğam ustaları gənc nəslin yetişdirilməsində öz rolunu oynayırlar: “Bildiyiniz kimi, mənim Sərəncamımla bir neçə muğam mərkəzi yaradılmışdır – Bakı şəhərində, Ağdam və Füzuli rayonlarında, digər rayonlarda. İndi isə bu muğam mərkəzləri artıq işğaldan azad edilmiş torpaqlarda da yaradılacaqdır.”

Qarabağın tacı, musiqi beşiyimiz olan Şuşadan, Cıdır düzündən muğamımız dünyaya çatdırılır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Nazirlər Kabinetinin 21 oktyabr 2024-cü il tarixli “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təsdiq edilməsi haqqında” qərarı da Azərbaycanın, türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtı Şuşanın qarşıdakı dövrdə inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilir. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdı. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.

Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Cənab İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklərdən, dini, tarixi abidələrimizi dağıtmalarından, məscidlərimizdə donuz saxlayaraq ümumilikdə müsəlmanları təhqir etmələrindən bəhs edərək bu əminliyi ifadə etmişdir ki, ermənilər bu əməllərinə görə beynəlxalq hüquq çərçivəsində cəzalandırılacaq, bütün ərazilərimiz, o cümlədən Qarabağın incisi olan Şuşamız əvvəlki simasına qayıdacaq. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşa "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb.

Prezident İlham Əliyev 44 günlük müharibə dövründə xarici mediaya müsahibələrində işğaldan azad edilmiş ərazilərlə bağlı danışarkən "Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar" fikirləri ilə bir çox məqamlara aydınlıq gətirmişdir. Şuşa azad edildi, cənab İlham Əliyev bu müjdəni xalqımıza çatdırarkən qürur hissi ilə bildirmişdir ki, əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Artıq bu gün işğaldan azad edilmiş bütün ərazilərimiz, o cümlədən Şuşa genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Cari ildə sakinlərinə qovuşan şəhərlərimiz sırasında Şuşa şəhəri də var. Bu il 10 may tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə şuşalılar doğma yurd-yuvalarına qayıtdılar. Həmin tarixdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Müzəffər Ali Baş Komandan İlham Əliyev mərasimdəki çıxışında “Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim” söyləyərək onu da bildirdi ki, biz hazırlaşırdıq, ölkəmizi, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəsli yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara, şanlı ordumuza borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Cənab İlham Əliyev bu torpaqlarda aparılan bərpa-quruculuq işlərinin fonunda bu çağırışı edir: “Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq - ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək.”

Bütün bu işləri Azərbaycan öz daxili imkanları hesabına görür. Bu günə qədər ölkəmizə bərpa işlərində köməklik edən Özbəkistan və Qazaxıstan olub. Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilib. Hazırda Qırğızıstan da Ağdam rayonunda məktəb inşasını həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyev “Biz bütün bu işləri öz hesabımıza edirik. Dünyanın bir çox donor təşkilatları var, onlar, necə deyərlər, bu məsələyə biganədirlər. Halbuki bu böyük ərazini bu vəziyyətdə görən minlərlə xarici nümayəndə olub. Bunu görüb və heç bir praktiki iş görməmək bir daha onu göstərir ki, bizə olan münasibət nəzərə alınmalıdır. Bu, bir daha bizə göstərməlidir ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq, biz öz potensialımıza güvənməliyik” çağırışı ilə həm Azərbaycanın iqtisadi imkanlarını təsdiqləyir, həm də dünyanın donor təşkilatlarının bu işlərə laqeyd yanaşmalarına diqqəti yönəldir. Azərbaycan 30 il dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Ölkəmizin uğurlarını, müstəqil siyasətini həzm edə bilməyən dairələr əsassız təbliğatlarıni davam etdirməklə məşğul idilər. Lakin hər zaman qeyd etdiyimiz kimi, Azərbaycan belə yanaşmalardan məyus olmadı, ruhdan düşmədi, əksinə real faktlara, tarixi ədalətə söykənən təbliğatını davam etdirdi. Bu gün də belə yanaşmalar diqqətdən kənarda qalmır. Bunu həm işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində, həm də sülh müqaviləsinin imzalanması prosesində aydın şəkildə görürük. Yenə də bu cəhdlər iradəmizə təsir etmək imkanında deyil. Azərbaycan xalqı tarixi Zəfəri, suverenliyinin tam bərpası ilə dünyaya yenilməz, məğrur, tarixinə, milli-mənəvi dəyərlərinə, tarixi irsinə sahib çıxan xalq olduğunu sübut etdi. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan tarixin ayrı-ayrı dövrlərində nə qədər çətinliklərlə, problemlərlə üz-üzə qalsa da hər zaman tarixini, dəyərlərini qorumuş və inkişaf etdirmişdir. Azərbaycan beynəlxalq səviyyədə də ənənələri olan ölkə kimi dəyərləndirilir. Ən əsası bu fikir xüsusi qeyd edilir ki, Azərbaycan qədimliyi və müasirliyi özündə birləşdirən ölkədir. Hazırda bu ənənələr işğaldan azad edilmiş ərazilərimizin bərpasında da qorunur. Azərbaycan şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim edir. Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi əsas hədəflərimiz sırasındadır.

Yeganə Əliyeva, “İki sahil”