20 oktyabr 2024 20:36
280

“Yaşıl dalğa” ekoloji hərəkatının VI aksiyası keçirilib

Oktyabrın 20-də Bakı Avropa Liseyinin və onun nəzdində olan “Sərhədsiz Diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə paytaxtda “Dəniz Mall” ərazisindəki bulvarın sahilində “Yaşıl dalğa” ekoloji hərəkatının VI aksiyası keçirilib.

“İki sahil” xəbər verir ki, Bakı Avropa Liseyindən bildirilib ki, “Yaşıl dalğa”nın budəfəki aksiyası Azərbaycanda keçiriləcək COP29 iqlim konfransına həsr edilib. Bu təşəbbüsün davamlı xarakter daşıması və onun ənənəvi tədbir kimi həyata keçirilməsi şagirdlərdə ekoloji tərbiyənin aşılanmasına, gənc nəsildə ekoloji savadlılığı və dəyərlərə münasibəti inkişaf etdirməyə xidmət edir. Bu ilin VI aksiyasının leytmotivi belə olub: “Qarabağ dünya ekosisteminin zəngin diyarıdır”.

Bayram əhvali-ruhiyyəsində keçən tədbir şagirdlərin təbiətə həsr olunmuş rəqsləri ilə başlanıb. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Səriyyə Məmmədova məktəblilərə “Qarabağın flora və faunası: Azərbaycanın və dünyanın təbiət xəzinəsi və erməni ekoloji vandalizminin nəticələri” haqqında yığcam və məzmunlu məlumat verib.

Konsert proqramı ilə davam edən tədbirdə tamaşaçılar təbiətin dörd ünsürünü (Su, Od, Yel, Torpaq) əks etdirən rəngarəng rəqsləri və mahnıları izləyiblər. Bu rəqs və mahnılar Bakı Avropa Liseyinin Novruz bayramı üçün bu il hazırladığı “Qızıl toxum” musiqili tamaşasının hissələri idi. Çıxışlar tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.

Tədbirin ikinci hissəsində şagirdlərin bir qismi asfaltda Qarabağın florasına həsr olunmuş rəsmlərdən ibarət yer vernisajı yaradıblar. Digər şagirdlər isə bulvar mütəxəssislərinin köməyilə Dənizkənarı Bulvar İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu aksiyaya ayrılmış Azərbaycanın endemik bitkilərinin tinglərini əkiblər. Onu da qeyd edək ki, 2018-ci ildən başlanmış “Yaşıl dalğa” aksiyaları nəticəsində “Çayka” restoranın arxasındakı xiyabanda əkilmiş 100-dən çox ağac artıq böyüyüb və bu əraziyə xüsusi gözəllik verib. İkinci xiyabanda keçən il əkilmiş 50 ağacın yanına budəfəki aksiyada 40 ağac da əlavə edilib.

Noyabr ayında bəşəriyyətin diqqətini planetimizin iqlimi, flora və faunasının mühafizəsi və digər ekoloji problemlərin həllinə cəlb etmək üçün müxtəlif ölkələrdən Bakı şəhərinə on minlərlə nümayəndələr gələcəklər. Bakı Avropa Liseyinin şagirdləri də COP29 tədbirinə Bakı bulvarında 40 ağacın əkilməsi ilə öz kiçik töhfəsini verdilər.

Tədbir 200-ə yaxın iştirakçını əhatə edib. “Yaşıl dalğa” aksiyası Bakı bulvarına gələnlərin və paytaxt qonaqlarının diqqətini çəkib və böyük marağa səbəb olub.