18 oktyabr 2024 14:53
82

Komitə sədri din xadimlərini cəmiyyətdə vəhdət prinsiplərin qorunmasında fəallıq göstərməyə çağırıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov din xadimlərini cəmiyyətdə vəhdət prinsiplərinin inkişafı və qorunmasında xüsusi fəallıq nümayiş etdirməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, Əjdərbəy və Nərimanov rayon “Cümə” məscidlərini ziyarət edərkən və dini ibadətgahlarda fəaliyyət göstərən din xadimləri ilə söhbəti zamanı danışıb.

Dövlət Komitəsinin sədri Azərbaycanda mövcud dövlət-din münasibətləri modelinin nümunəvi xarakter daşıdığını vurğulayaraq, milli-mənəvi dəyərlərin, o cümlədən tolerantlıq ənənələrinin qorunması ilə bağlı ardıcıl siyasətin həyata keçirildiyini vurğulayıb.

Ramin Məmmədov nümunəvi birgəyaşayış, vəhdət ənənəsini təhdid edən radikal dini cərəyanların yayılmasının qarşısının alınması, islamın düzgün təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıb. Gənclərin zərərli xarici ideologiyaların təsirindən qorunmasında, milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşünə sahib nəslin yetişməsində din xadimlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib. Komitə sədri dini-ideoloji sahədə mövcud tendensiyalara diqqət çəkərək, din xadimlərini cəmiyyətimizdə vəhdət prinsiplərinin inkişafı və qorunmasında xüsusi fəallıq nümayiş etdirməyə çağırıb.

Din xadimləri dini tolerantlıq, birgəyaşayışı təşviq edən mühitin formalaşması istiqamətində aparılan siyasətin cəmiyyətimizdə din və dövləti birləşdirən sağlam münasibətlərin inkişafına xidmət etdiyini bildiriblər.